Ana olmaq çətindir, bəs ata necə?
19:40 SosialAna fədakarlıqdır, ana yuxusuz gecələrdir, ana həyəcanla gözlənilən ilk addımlar, ilk sözlərdir. Amma bəs atalıq? Cəmiyyətin gözündə atalıq, sadəcə, ailənin dolandırılmasını təmin etməkdir. Uşağın böyüməsi, onun tərbiyəsi və psixoloji inkişafı isə bir çox hallarda anaya aiddir.
Bəs ata olmaq nədir? O, sadəcə bioloji bir statusdur, yoxsa öyrənilən, hiss edilən bir məsuliyyət? Ata övladına sevgi göstərməlidir, yoxsa "möhkəm olmaq" üçün məsafə saxlamaq məcburiyyətindədir? Cəmiyyət bizə hansı ataları təqdim edir? Və ən önəmlisi - yaxşı ata olmaq necə mümkündür?
Uşaq dünyaya gələndə ən çox ananın çəkdiyi əziyyətdən danışılır. Onun fədakarlığı, yorğunluğu, gecələri oyaq qalması xüsusi vurğulanır. Ata isə çox vaxt kölgədə qalır. Sanki onun rolu yalnız evə çörək gətirməkdən ibarətdir. Cəmiyyətin gözündə "yaxşı ata" anlayışı - ailəsini dolandıran, ciddi görünən, övladlarını bir az qorxudub tərbiyə edən biridir. Amma bu, kifayətdirmi? Əsl atalıq bu qədər sadədirmi?
Ata olmaq - təkcə maddi təminat deyil
Atalıq məsuliyyəti yalnız uşağın ehtiyaclarını qarşılamaqla bitmir. Övladın tərbiyəsində, psixoloji inkişafında atanın rolu az qala ana qədər önəmlidir. Amma cəmiyyətdə elə bir düşüncə var ki, guya uşaq böyütmək əsasən ananın işidir. Atalar bu işə çox qarışmamalı, sadəcə, sərt nizam-intizam yaratmalıdırlar. Araşdırmalar göstərir ki, ataları aktiv olan uşaqlar daha özünəinamlı, daha sosial və uğurlu olurlar.
Bəs reallıqda nə baş verir? Azərbaycanda atalar övlad tərbiyəsinə nə qədər qarışırlar? Təəssüf ki, bu suala müsbət cavab vermək çətindir. Bəzi atalar övladlarını yalnız körpə vaxtı əzizləyir, sonra isə araya məsafə qoyurlar. Uşaq böyüdükcə ata ilə söhbətlər azalır, münasibət soyuyur. Bu isə uşağın gələcək həyatına birbaşa təsir edir. Hə, bir də "qoy atan evə gəlsin, sənə gününü göstərəcək". Axı belə bir cümlə qarşısında ata ilə övlad arasında hansı dostluqdan söhbət gedə bilər? Atası ilə ünsiyyəti zəif olan oğlanlar daha soyuq və sərt, qızlar isə daha güvənsiz böyüyürlər.
Qız övladları və atalar - xüsusi bir bağ
Qız uşağı üçün ata onun qoruyucusu, dayağı, örnəyidir. Atasından qayğı görən, sevildiyini hiss edən qızlar daha özünəinamlı böyüyürlər. Amma bəzi atalar qızlarını həddindən artıq qoruyaraq onları "həbs" edirlər. Bu isə əks effekt verir. Qızına qarşı sərt, tələbkar olan, onu daim tənqid edən atalar fərqində olmadan onun özünə olan inamını sarsıdırlar. Nəticədə o qız gələcəkdə ya atasının qoyduğu sərhədləri aşmaq üçün radikal addımlar atır, ya da ata sevgisini başqa kişilərdə axtarır.
Amma məsələ təkcə psixoloji deyil. Azərbaycanda ata olmaq, xüsusən qız atası olmaq bəzən "namus keşikçisinə" çevrilmək deməkdir. Bəzi atalar övladlarını sadəcə bir ad, bir yük kimi daşıyır, onların fikirlərini dinləmir, həyatlarına müdaxilə edir, sərt qaydalar qoyurlar. Halbuki qız övladları atanı qorxulu bir fiqur kimi yox, ona güvənə biləcəyi bir insan kimi görməlidirlər.
Oğul ataları - sərtlik zərurətdirmi?
Oğul böyütmək cəmiyyətimizdə başqa bir məsələdir. Atalar qızlarına daha yumşaq yanaşsalar da, oğlanlara qarşı sərt davranmağa üstünlük verirlər. "Kişi ağlamaz", "duyğularını göstərmə", "möhkəm ol" kimi ifadələr oğlan uşaqlarını kiçik yaşlarından duyğularını gizlətməyə vadar edir. Atalar oğlanları "kişilik məktəbi"ndən keçirir, amma bəzən bu, lazımsız sərtliyə çevrilir. Oğluna sevgisini göstərməyən, onu daim tənqid edən, duyğularını ifadə etməyə imkan verməyən atalar fərqində olmadan onu soyuq, emosional bağ qurmaqda çətinlik çəkən bir insana çevirirlər.
Halbuki ata oğluna təkcə "möhkəm ol" deməməlidir. Ona yaxşı, dürüst, mərhəmətli və vicdanlı insan olmağı öyrətməlidir. Oğlan uşaqları atalarından həyatın necə olduğunu, çətinliklərlə necə mübarizə aparmağı öyrənirlər. Amma bunun üçün ata onların həyatında fəal iştirak etməlidir.
Statistika nə deyir?
Bu məsələ ilə bağlı ciddi bir problem isə ailəsini tərk edənlərlə bağlıdır. Azərbaycanda rəsmi statistika göstərir ki, boşanmaların böyük əksəriyyətində uşaqlar anaların himayəsində qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə boşanmaların sayı artıb və bu, ataların övladlarından uzaq düşməsinə səbəb olub. Bəzi atalar ayrıldıqdan sonra övladları ilə maraqlanmağa davam etsələr də, çoxları bu məsuliyyətdən qaçır. Aliment ödəməyən, uşağını illərlə görməyən, onun varlığını belə unudan atalar az deyil.
Bəs ata anadan ayrılıbsa, artıq ata deyilmi? Ata olmaq təkcə eyni evdə yaşamaq deyil. Həqiqi ata, övladı ilə hər zaman maraqlanan, onun böyüməsində, inkişafında, həyatının hər mərhələsində yanında olduğunu hiss etdirəndir. Boşanmış atalar da övladlarına qarşı məsuliyyət daşıyırlar.
Ata olmaq - kənardan müşahidə etmək deyil, iştirak etməkdir
Bəzi atalar ailənin bir parçası olmaq əvəzinə, sadəcə müşahidəçi rolunu oynayırlar. Onlar düşünürlər ki, uşaq böyütmək əsasən ananın işidir. Amma uşağın inkişafında atanın iştirakı danılmazdır. Uşaq atasının onu sevdiyini, ona dəyər verdiyini, onun üçün vaxt ayırdığını görməlidir. Övladını dizində otuzdurub ondan gününün necə getdiyini maraqlanmaq bu qədər çətin ola bilməz.
Atalar təkcə ciddiliklə deyil, sevgi ilə də nümunə olmalıdırlar. Uşağın yaddaşında "həmişə işdə olan" ata kimi yox, "hər zaman yanımda olan" ata kimi qalmaq lazımdır. Çünki uşağın atasına qarşı hiss etdiyi münasibət, həqiqətən də onun gələcəkdə dünyaya baxışını formalaşdırır.
Zeynəb Rzayeva