"Qərbin məqsədi Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasının qarşısını almaqdır" – Sahil Kərimli – ÖZƏL

Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının müddətini 19 fevral 2027-ci ilə qədər uzatmağı təsdiqləyiblər. Missiyanın tərkibi dəyişməz qalacaq: 165 xarici və 44 erməni üzvdən ibarət olacaq. Hazırda qərarın Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməsi gözlənilir. Uzadılma qərarı Ermənistanın sərhədyanı rayonlarında təhlükəsizlik nəzarətinin davam etdirilməsi ilə əsaslandırılır.

 Mövzu ilə bağlı Olaylar.az-a danışan Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Avropa İttifaqının Ermənistanda missiyasının uzadılması bölgədə sülhün imzalanması üçün təhlükədir:

"Avropa İttifaqının Ermənistandakı mülki missiyasının 2027-ci ilin fevralına qədər uzadılması Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi zərbədir. Qərbin məqsədi Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasının qarşısını almaq, bölgədə daimi gərginlik yaratmaq və bu vəziyyətdən istifadə edərək Azərbaycana qarşı mövqelərini möhkəmləndirməkdir".

 Sahil Kərimli qeyd edib ki, Azərbaycan daim sülhün imzalanması, bölgədə sabitliyin olması üçün səylər göstərir.
 

 "Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün ardıcıl səylər göstərir, Ermənistanla sülh müqaviləsinin imzalanmasına çalışır. Lakin Ermənistan öz havadarlarına arxalanaraq qeyri-konstruktiv mövqe sərgiləyir və gərginliyi artırmağa yönəlmiş addımlar atır. Avropa İttifaqının missiyasının müddətinin uzadılması da bu prosesə xidmət edir. Azərbaycan müharibə istəmədiyini, sərhədlərin delimitasiya və demarkasiyasına töhfə verdiyini dəfələrlə bəyan edib. Bu baxımdan, Avropa İttifaqının bölgədə qalmasının heç bir zərurəti yoxdur. Əksinə, bu missiyanın davam etməsi Azərbaycan-Ermənistan münasibətlərini daha da gərginləşdirə bilər".

 Siyasi şərhçi Amerika Birləşmiş Ştatlarının Ermənistana etdiyi dəstəklərin də bölgənin təhlükəsizliyi üçün təhdid olduğunu vurğulayıb.

"Bununla yanaşı, ABŞ Prezidenti Co Baydenin dövründə Ermənistanın imzaladığı strateji tərəfdaşlıq çərçivəsində ABŞ hərbçilərinin ölkəyə yerləşdirilməsi də narahatlıq doğurur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə bölgə ölkələri üçün güc nümayişi kimi qiymətləndirilməlidir. ABŞ bu yolla regionda hegemonluğunu möhkəmləndirmək niyyətindədir. Təəssüf ki, Qərb və Avropa bölgədə sülhü dəstəkləmək əvəzinə, təxribat xarakterli planlarını davam etdirir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31