Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin surətini qəbul edib

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.

XİN-dən  verilən xəbərə görəç görüş zamanı, Türkiyə Respublikasıının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Bildirilir ki, nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.

Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31