Təhlükəli əlaqələr: Qumar və narkotik bir-birini necə gücləndirir?
31 Yanvar 22:10 SosialCəmiyyətin qarşılaşdığı ən ciddi sosial və psixoloji problemlərdən biri olan asılılıqlar insanların həyatını alt-üst edən və ətraf mühitə də mənfi təsir göstərən ciddi təhlükələrdən sayılır. Qumar və narkotik asılılıqları bu qlobal problemlər arasında xüsusilə diqqət çəkir. Hər iki asılılıq, təkbaşına belə insanların həyatını dağıtmağa qadir olduğu halda, bir-birini gücləndirən bir dövr yaratdıqda, nəticələrinin daha faciəvi olduğunu görmək heç də çətin deyil. Bu yazıda qumar və narkotik asılılıqlarının necə qarşılıqlı əlaqədə olduğunu, birinin digərini necə təsdiqlədiyini və bunun insanlar üzərində yaratdığı fəlakətli təsirləri dərinləşdirməyə çalışacağıq.
Qumar insanı bir növ aldanmış həyəcan və gözlənilən qələbə duyğusu ilə idarə edir. İnsanlar daha çox qazanmaq ümidilə hər dəfə daha çox riskə girir, özlərini cəmiyyət və ailə qarşısında borc bataqlığına sürükləyirlər. Eyni şəkildə, narkotiklər də bu çətin dövrü daha da mürəkkəbləşdirir. Bir tərəfdən, narkotiklər insanı anidən hiss etdiyi stres və narahatlıqdan qurtarır, digər tərəfdən isə beyin kimyasını dəyişdirərək onu daha yüksək riskli qərarlar almağa meyilli edir. Bütün bunlar nəticədə bir-birini gücləndirən və başqalarına da təsir edən bir təkrarlanan dövrə səbəb olur. Bir şəxs qumarda itirdiyi pulları bərpa etmək üçün narkotik istifadə edir, narkotiklərin təsiri ilə daha riskli davranışlar sərgiləyir və bu vəziyyət bir daha onları qumar oyunlarına cəlb edir. Bir çox hallarda, bu əlaqənin güclənməsi fərdlərin sosial mühitlərindən, həmçinin emosional və psixoloji vəziyyətlərindən qaynaqlanır. Qumar və narkotik istifadəçiləri adətən bir-birilə əlaqəli mühitlərdə bir araya gəlir, bu isə onları bir-birini təşviq etməyə və bərabər şəkildə riskli davranışları davam etdirməyə vadar edir. Cəmiyyətin bu məsələyə yanaşması vacibdir, çünki bu asılılıqlar yalnız fərdi həyatlar üçün deyil, bütövlükdə sosial sistem üçün ciddi təhdid təşkil edir. Narkotik və qumar arasındakı əlaqə təkcə fərdi həyatları məhv etmir, həm də ailələri, iş mühitlərini və bütövlükdə sosial strukturu zədələyir.
Mövzu ilə bağlı "Smart Recovery" asılılıqlar üzrə kompleks psixoloji xidmət mərkəzinin psixoloqu Minarə Səbzəliyevanın fikirlərini öyrəndik. Mütəxəssisin sözlərinə görə, qumar və narkotik asılılığı tez-tez bir-birini gücləndirən davranışlar və psixoloji mexanizmlər vasitəsilə əlaqəli ola bilər:
"Hər iki asılılıq beynin mükafat sistemini stimullaşdırır və bu, onların birlikdə daha da təsirli və məhvedici olmasına səbəb olur. Bu əlaqənin güclənməsini bir neçə nümunə əsasında izah edə bilərəm.
İlk növbədə, şəxslər həm qumar asılılığından, həm də narkotik asılılığından stimul alma və rahatlama yolu kimi istifadə edə bilərlər. Məsələn, narkotik maddələr adətən asılı şəxsin emosional vəziyyətini dəyişdirmək üçün istifadə olunur. Qumar isə bu emosional vəziyyəti ya yüksəldir, ya da balanssızlaşdırır. Bunun nəticəsində, qumar oynayan şəxs çoxlu pul itirdikdən sonra yaranan stress və depressiyanı azaltmaq üçün narkotik qəbul edə bilər. Əksinə, narkotik təsiri altında olan şəxs daha riskli qərarlar verərək qumara daha çox pul xərcləyə bilər.
Digər vacib əlaqəli faktor isə həm qumar, həm də narkotik asılılığında impuls nəzarətinin pozulmasıdır. Həm qumar, həm də narkotiklər impulsiv davranışları artırır və insanı düşünülməmiş qərarlar verməyə meylli edir. Məsələn, kokain istifadəsi nəticəsində yüksək enerji və özünəinam hiss edən şəxs qumar masasına oturub böyük məbləğdə pulla risk edə bilər. Narkotikin təsiri altında olduğu üçün itirdiyi məbləğlərə baxmayaraq, qumarı davam etdirə bilər.
Bir digər faktor isə eyni sosial mühitin olmasıdır. Belə ki, asılılıqdan əziyyət çəkən şəxslərin ətrafında oxşar vəziyyətdə olan insanların olması mühüm rol oynayır. Qumar oynamaq və narkotik istifadəsi çox vaxt eyni mühitlərdə - kazinolarda, qeyri-rəsmi toplantılarda və ya gecə klublarında baş verir və biri digərini təşviq edə bilər. Məsələn, bir şəxs kazinoda qumar oynayarkən narkotik istifadə edən dostlarından təsirlənərək özü də narkotik sınaya bilər və ya əksinə, narkotik alarkən qumar oynamağa təşviq edilə bilər.
Asılılıqdan əziyyət çəkən şəxslərin artıq asılılığın irəliləmiş mərhələsində belə ifadələr işlətdiyini görmək mümkündür: "Bizim maddi problemlərimiz qumara və ya narkotik satışına gətirib çıxardı." Yəni bir növ asılılıq və borc bataqlığı yaranır. Məsələn, həm narkotik, həm də qumar insanı ciddi maddi çətinliklərə sala bilər. Borcları ödəmək üçün daha riskli qumar oynanılır və ya narkotik satışı kimi qanunsuz yollara əl atılır. Eyni zamanda, bir şəxs qumarda itirdiyi pulları geri qazanmaq ümidi ilə narkotik ticarətinə başlaya bilər. Bu isə həm qumar, həm də narkotik istifadə vərdişini daha da dərinləşdirir.
Asılılığın əsas səbəblərindən biri şəxslərin reallıqdan qaçmaq və unutmaq ehtiyacıdır. Qumar, narkotik və digər asılılıq yaradan davranışlar əslində emosional və psixoloji problemlərin nəticəsidir. Həm qumar, həm də narkotik asılılığı şəxsin reallıqdan qaçmaq istəyindən qaynaqlana bilər. Qumarın gətirdiyi stress, itkilər və ya uğursuzluqlar narkotik vasitəsilə unutdurulmağa çalışılır. Məsələn, qumar borcları səbəbindən yaxınları ilə münasibətləri pozulan şəxs bu vəziyyətdən qaçmaq üçün heroin və ya spirtli içki qəbul edə bilər.
Aparılan araşdırmalara görə, beyindəki kimyəvi dəyişikliklər də şəxslərin davranış və düşüncələrinə ciddi təsir göstərir. Hər iki asılılıq beynin dopamin sistemini ciddi şəkildə təsir edir. Dopamin səviyyəsinin aşağı düşməsi daha çox stimul tələb edir, yəni biri digərini artırır. Məsələn, bir şəxs qumar oynayıb qazandıqdan sonra aldığı dopamin "həyəcanını" artırmaq üçün narkotik istifadə edə bilər. Daha sonra itkilərin yaratdığı dopamin düşüşünü narkotiklə "düzəltməyə" çalışar.
Digər bir mühüm məqam isə zərərli vərdişlərin qarşılıqlı təsiridir. Narkotiklər qumar oynamaq üçün həvəsi artırır, qumar isə narkotiklərin təsirindən yaranan həzz hissini gücləndirir. Bu, bir-birini tamamlayan və daha da dərinləşdirən bir dövr yaradır. Məsələn, qumar asılılığı olan şəxs narkotik təsiri altında daha uzun müddət fokuslana bilir və ya tam əksinə, narkotiklərin təsirini gücləndirmək üçün qumar oynayır.
Nəticə etibarilə, qumar və narkotik asılılığı bir-birini gücləndirən, sosial, psixoloji və bioloji amillərlə sıx bağlı olan ciddi problemlərdir. Bu əlaqənin dərinliyini anlamaq və qarşısını almaq üçün həm fərdi, həm də cəmiyyət səviyyəsində maarifləndirmə və müalicə tədbirlərinə ehtiyac var".
Qumar və narkotik asılılıqlarının qarşılıqlı təsiri, insanın daxili və sosial dünyasında çox ciddi zərərlərə yol açır. Bir asılılığın digərini gücləndirməsi, fərdin həyatını daha da çətinləşdirir və cəmiyyətin ümumi rifahına böyük təhlükələr yaradır. Bu əlaqənin gücləndiyi və qarşılıqlı şəkildə inkişaf etdiyi dövr, həm fərdlərin, həm də cəmiyyətin üzləşdiyi ən mürəkkəb və çətin problemlərdən biridir. Lakin, bu çətinliklərə qarşı mübarizə aparmaq mümkündür. Həm fərdi səviyyədə, həm də cəmiyyət olaraq, qumar və narkotik asılılıqlarına qarşı təhsil, maarifləndirmə və dəstək şəbəkələri vasitəsilə daha təsirli həll yolları tapmaq mümkündür. Ən önəmlisi isə, bu asılılıqların yalnız xəstəlik deyil, həm də ciddi sosial və psixoloji problemlər olduğunu dərk etməkdir. Hər bir fərd və cəmiyyət olaraq, bu təhlükəyə qarşı daha dərindən düşünməli, fərdi mübarizə və kollektiv tədbirlərlə bu fəlakətlərin qarşısını almalı və asılılıqlardan xilas olmaq üçün birgə səylərimizi birləşdirməliyik.
Qiymət Mahir