AZAL təyyarəsi uçandan qəzaya düşən ana qədər… – Əfsanəvi pilot açıqladı
29 Yanvar 19:56 HadisəQazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir. Baxmayaraq ki, "qara qutu" bir neçə gün öncə deşifre edilib, amma hələ də son nəticələr açıqlanmayıb. Məsələnin bir qədər uzun çəkməsi insanlarda narahatlıq yaradır.
Maraqlıdır, araşdırma niyə bu qədər vaxt aparır?
Globalinfo.az-a danışan Azərbaycan aviasiyasının əfsanəvi pilotu, "Şöhrət" ordenli Əzimbala Əzimov deyib ki, araşdırmanın uzun çəkməsi normaldır.
Əzimbala Əzimov
Onun sözlərinə görə, hər xırda detal incələnməlidir:
"Bilirsiniz, hadisə Qazaxıstanda baş verdiyi üçün bu işin üzərində həm onlar, həm də bizim tərəfimizdən yaradılan komissiya çalışır. Artıq nəticələr tam əldə edildikdən sonra rəsmi qaydada ictimaiyyətə məlumat veriləcək. Bəzən elə şeylər də olur ki, onu aydınlaşdırırlar və öz aralarında müzakirə aparırlar. Amma son nəticə hələ yoxdur".
Əfsanəvi pilot deyib ki, təyyarə qəzalarında komissiyalar işləyir, yekun qərara gəldikdən sonra nəticəni elan edirlər:
"Araşdırmanın neçə gün davam edəcəyi hadisədən asılıdır. Araşdırma yekunlaşdıqdan sonra adətən böyük iclas keçirilir və bütün təyyarə heyətinə hər şeyi bir-bir izah edirlər, uçuş təhlil olunur və s. Yəni uçandan qəzaya düşən ana qədər nə baş veribsə, hamısını onlara çatdırırlar. Bundan sonra artıq ictimaiyyətə məlumat verilir".