Peşə və ixtisasın gərəyi və ya hər kəs öz yoluna?-GÜLƏR MÜBARİZ YAZIR

Hər bir insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olan, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələndiyi və ya yiyələnməli olduğu əmək fəaliyyəti var.

İnsanın ən üstün keyfiyyətlərindən biri onun müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərar qəbul edə bilməyidir. Bu seçimlər içərisində insan taleyi üçün xüsusi əhəmiyyət daşıyan peşə, ixtisas seçimi ən zəruri və düzgün seçilməli olan qərarlardan biridir. Lakin insan hər zaman bu seçimi istədiyi kimi edə bilmir. Bunun əsas səbəblərindən biri seçiminin elmi əsasları haqqında müəyyən biliyə, məlumata sahib olmamaq, düzgün yönləndirilməmək və ya həyatın bəzi sınaqları olur.
Hər kəsin ürəyində uşaqlıqdan bəslədiyi, xəyalını qurduğu bir ixtisas arzusu olur; "polis,həkim,müəllim,hüquqşünas olacağam"arzusu insanın ürəyində körpəlikdən bərqərar olur. Böyüyürük o arzularla, kimisi amalına müvəffəq olur, kimisi yarımçıq qalır bu yolda. Verilən qərarın insanın xarakterinə və istəyinə uyğun olarsa, seçimini uğurla tamamlayan hər bir kəs müvəffəqiyyət qazanır. Məsələn, müəllim olmağın xəyalını quran və o sənəti tam mənimsəyib sevən, qaydalarını sevərək qəbul edən öyrətmənin yetişdirdiyi tələbə olmağı kim istəməz ki?
Kim istəməz, hüququnu müdafiə edənin kamil hüquqşünas olmağını? Kim istəməz ki, sağlığına qovuşmaq üçün həyatını peşəkar cərraha həvalə etməyi? Kim istəməz getdiyi yoluna, asayişinə keşik çəkənin qanunları bilən və riayət edən polisin nəzarət etməyini?
Hər kəs mükəmməllik izindədir ,xülasə, yaradanın yaratdığı insan özündən çox seçdiyinin mükəmməl olmağını istəyir. İstəyək, nə deyirəm ki...
İnsanların öz sahələrinə mükəmməl yiyələnməyi və onu sevməyi önəmli bir məsələdir. Bu zaman insan seçdiyi yolunda inamla irəliləyir, özünü inkişaf etdirir, müəyyən nəaliyyətlər qazanır. Büdrəyə də bilir bəzən, bu çox təbii haldır, səhvsiz olmaq bəndəyə məxsus deyil. Amma önəmli olan büdrədiyi yerdən inamla qalxmaq, yoluna davam etmək və oxşar məqamlarda bir daha yıxılmamaq üçün səy göstərməyidir. Təbii ki, bu sadalananlar tutduğu peşədən asılı olmayaraq özünə və yoluna inamlı, peşəkar və vicdanlı olanlardır.
Gəl ki, bunun əksi ola; təsəvvür edin ki, nadan alimə, cahil biləndərə dərs keçə... Dünyanın tərsinə fırlanan çarxına düşür insan, bildiyini deməyə də lüzum qoymurlar qala, oğru elə qışqırır ki, doğrunun bağrına yüz loğman əlac tapa bilmir. Fikri Allah insana bölüşmək üçün verib,doğrudur, fikirdən döndərmək, düz qənaətdən azdırmaq üçün deyilənləri isə şeytan verib, bizdən deyil. Nə gözəldir bilgi sahibi olmaq, bilmədiyini öyrənmək, fikir mübadiləsi etmək və edə biləcək ətrafının olması. Ümumiyyətlə hər peşənin öz yolunda addımlaması gözəldir; vay o gündən ki, xətt qarışa, yoldan azıb nabələd ünvanlara düşələr. Rəhmətlik Qabil demişkən səhv düşənlərlə qiyamət oluruq. Təsəvvür edin, tramvay maşın yoluna çıxır, maşın qatar reysi ilə gedir, təyyarə su üzərindən, gəmi buludlarda cövlan edir. Allah qorusun belələrindən.
Qurban olum millətimə, ədəbiyyat oxuyan mühasibin gözünü deşir, riyaziyyatçı cərraha əməliyyatı izah edir, jurnalist hüquqşünasa dərs keçir əməlli-başlı. Yazıq hüquqşünas az qalır Konstutusiyaya şəkk edə.
Müəllim dörd il universitetdə oxuduqlarını, illərlə təcrübəsini əlini-qolunu ölçən valideynə qurban verməli olur az qala, ya da elmdən bixəbər birinə. Tibbdən zərrə anlayışı olmayan yazıq həkimə bir divan tutur ki, həkim Hippokrat andını unudur, hərdən düşünür ki, bəlkə səhv gəlmişəm, mən hara işə gedəsi idim?
Yol polisi az qalır "dubinka"sını (dəyənək) öz başına çırpa hirsindən, yolu tərsinə sürənlər inzibati xətaya xəta tutur.
Sosial şəbəkədə hərə bir canlı açıb dünyaya meydan oxuyur, qıt ağılları ilə ölkəni idarə edirlər öz ağıllarında; barmaq göydə silkələnir, hədə-qorxu qarışır olayın gözünə, jurnalistika elmi,fakultəsi yarandığına peşman olur, qələmi olanlar qələmini münasib yerdə gizlədir, gerçək jurnalist gizlənməyə kol axtarır belələrinin əlindən.
İqtisadiyyata, maliyyəyə, qanunvericiliyə zərrə anlayışı olmadan deklamasiya oxuyanlar var birnəfəsə.
Qoyun, yaşayaq, yazığınız gəlsin bu millətə. Evdarı,ticarətçisi, alimi, fəhləsi hamısı gözəldir xalqımın, amma yerində olanları, yerini bilənləri. Hərə öz sahəsindən danışsın, hərə öz yolundan getsin, barmağı uzun olanlar öz fəaliyyətini qurdalasınlar, söz xatirinə danışılan söz baş ağrıdır,könül bulandırır. Vicdanını qara daşa tökənlər səsinin kişi yerinə salıb vicdan sorğulayır, balıq yaddaşlı deyilik axı, unutmadıq dünəni.
Hər kəsin gördüyü işin bir müqabili var, dəyəri verən göydə Allah, yerdə qanunvericilikdir, tərəziyə qoyub dartılası başqasının güzəranı yox, öz içimizdəkilər olsun. Görüləsi o qədər işimiz, çəkiləsi o qədər dərdimiz var ki. Hər peşənin öz sahiblərinə buraxaq işlərini, daş öz yerində ağırdır. Bir yumruq altında birləşmək üçün illah da ki müharibəmi lazımdır? Biz axı azərbaycanlıyıq, eyni qanı, soyu, kökü daşıyan. Sapı özümüzdən olan baltalar bizdən deyil demək ki...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31