Pilotlar...
17 Yanvar 2025 10:55 Sosial... və yaxud çarəsizliyin sonsuzluq işarəsi
Uşaqlıqda hər birimizə eyni sualı veriblər: "Böyüyəndə kim olacaqsan?" Cavablar isə əksər hallarda romantik və arzularla dolu olurdu-pilot, kosmonavt, polis və ya həkim. Xüsusən oğlan uşaqlarının xəyalı səmaya qalxmaq, təyyarə sükanını idarə edərək buludların arasında süzmək olur. Hər oğlan uşağı üçün pilot olmaq azadlıq, macəra və cəsarətlə sinonimdir. Pilotlar...Məsuliyyət, intizam və öz həyatını başqalarının taleyinə həsr etmək...
Pilot kimə deyilir? Sadəcə texnikanı öyrənib təyyarəni idarə edənəmi? Açığı bu günə qədər bu haqda düşünməmişdim. Bir peşə düşünün, insanın həyatının hər sahəsini dəyişdirir-iş saatlarından ailə münasibətlərinə, gündəlik rejimdən emosional vəziyyətə qədər hər şeyi. Ağır hazırlıq, texniki biliklər, mütləq dəqiqlik və dəmir intizam tələb edən peşə. Təyyarədəki hər sərnişinin həyatını qorumaq, hər uçuşu təhlükəsiz sona çatdırmaq onların boynuna düşən vəzifədir. Təyyarə göyə qalxdığı anda kabinədə sakitlik yaranır, amma pilotun beynində minlərlə ssenari canlanır: "Hava necə olacaq?", "Təyyarədə hər şey qaydasındadırmı?", "Eniş vaxtında və təhlükəsiz həyata keçəcəkmi?" Bütün bu suallar onları daim izləyir. Onların işində səhv etməyə haqq yoxdur. Hər an diqqətli, hər an ayıq-sayıq olmaq məcburiyyətindədirlər. Bu, təkcə fiziki yox, həm də böyük mənəvi güc tələb edir. Onlar üçün hər qalxış bir başlanğıcdır, amma heç bir eniş son deyil.
Təyyarəyə minəndə bəlkə də heç düşünmürsünüz ki, kabinədə, bağlı qapıların arxasında kimlər oturub. Onlar pilotlardır-göylərin səssiz qəhrəmanları. Onların üzlərindəki sakitlik, kabinədəki düzülüş, hərəkətlərin dəqiqliyi sərnişinlərə rahatlıq gətirir. Amma bu sakitliyin arxasında böyük həyəcan, sürətli qərarlar və bəzən də gərginlik dayanır.
Yazdıqca daha yaxşı dərk edirəm. Pilotlar üçün hər uçuş eyni görünə bilər, amma heç biri eyni keçmir. Bir uçuşda yüzlərlə insan canını onlara əmanət edir. Statistikalara əsasən təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur, amma havayla yer eynidirmi? Hər qalxış, hər eniş öz problemləri, riskləri və qeyri-müəyyənlikləri ilə birgə gəlir. Hava şəraiti, texniki vəziyyət, sərnişinlərin təhlükəsizliyi-bunların hamısını eyni anda nəzərə almaq lazımdır. Bəzən ən xırda səhv böyük nəticələrə səbəb ola bilər, amma bu, onların işinin bir parçasıdır.
Pilot olmaq azadlıq romantikasından daha çox, böyük fədakarlıq tələb edir. Bu insanlar həyatlarının çoxunu göylərdə, ailələrindən və doğmalarından uzaqda keçirirlər. Fərqli vaxt zonalarında yaşamaq, evdə keçirilən xoşbəxt anlardan uzaq qalmaq, hətta ən əlamətdar günləri belə işləyərək keçirmək onların reallığıdır. 2019-cu ildə "The Independent" qəzetinin yayımladığı bir məqalədə bir pilot, peşəsi ilə bağlı belə bir fikrini paylaşırdı:
"Ailəmi yalnız ayda bir neçə dəfə görə bilirəm. Uşaqlarımın ilk addımlarını görmədim, ilk sözlərini eşitmədim. Amma hər dəfə təyyarəni havaya qaldıranda, sərnişinlərin təhlükəsizliyini təmin etdiyimi düşündükdə, bu peşəni seçməkdən peşman olmuram."
Onların həyatında hər şey bir tərəzidə tarazlanır-peşəkar borc və şəxsi həyat. Təsəvvür edin ki, hər dəfə uçuşa qalxanda ailənizi, sevdiklərinizi arxada qoyursunuz. Bəlkə də bir daha qayıtmayacağınızı bilmək hissi ilə onların gözlərinə baxıb vidalaşırsınız. Bu peşə emosional olaraq ağırdır, pilot olmağı seçmisənsə, deməli ölüm riskini də onunla bərabər qəbul etmisən.
AZAL-ın sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması bütün Azərbaycanı sarsıtdı. Hamımızı bu peşə haqqında düşünməyə vadar etdi. Bu qəza bir daha göstərdi ki, pilot olmaq sadəcə texniki biliklər və təcrübə deyil, həm də insanlıq və fədakarlıq tələb edir. İqor Kşnyakin, Aleksandr Kalyaninov... Bu iki ad bizə o qədər doğma oldu ki, sözlərlə ifadə etmək belə olmur. Onlar qəzaya düşən təyyarənin pilotlarıdır, Azərbaycanın Milli Qəhrəmanları. Öləcəklərini anlamışdılar, çıxış yolu yox idi, amma ölüm yaxınlaşanda belə öz vəzifələrini vicdanda yerinə yetirdilər. Öz həyatları bahasına 29 nəfəri xilas etdilər. 29 can, 29 həyat... Asandırmı ölümün pəncəsində heç vaxt tanımadığın insanların həyatını düşünmək? Xilas etdikləri insanlar onların peşəkarlığını bir daha sübut etdi, çünki o qəzadan 1 nəfər belə sağ çıxmaya bilərdi. O gün, göy üzündə baş verənlər təkcə bir hadisə deyildi. Bu, pilotların nə qədər ağır bir peşənin daşıyıcıları olduğunu göstərən bir dərs idi. O gündən sonra hamımız araşdırdıq, oxuduq, heyran olduq. Pilotluq xəyalı quran uşaqlar ölümdən qorxub xəyallarından keçmədilər, əksinə, gələcəyin İqor Kşnyakini, Aleksandr Kalyaninovu olmaq istədilər.
Həyatımızda bəlkə də bir dəfə təyyarəyə minəcəyik və həmin anlarda kabinədəki səssiz qəhrəmanları heç düşünməyəcəyik. Amma onlar həmişə oradadır-göylərdə, buludların arasında, səmanın sakitliyində. Çalışaq hər enişdə onları bacardığımız qədər ucadan alqışlayaq. Hər uğurlu enişin nə demək olduğunu və bunun səbəbkarlarını dərk edək. Anlayaq ki, pilot olmaq sadəcə peşə deyil-bu, həyatın hər anını fədakarlıqla yaşamaqdır.
Bu yazını göy üzünün qəhrəmanlarına-pilotlara ithaf edirəm. Hər gün yüzlərlə, minlərlə insan sizlərin sayəsində rahat mənzil başına çatır. Hər uçuşda təyyarədəki sərnişinlər sizin əmanətinizdir və bu əmanəti hər zaman canınız bahasına qoruyacağınıza əminik. Buna görə də hər birinizə sonsuz təşəkkürlər, göylərin sakit qəhrəmanları...
Və bir də Aktau yaxınlıqdakı qəza bizə bir sirri açdı...sən demə İqor Kşnyakinin səmada çızdığı sonsuzluq işarəsi aviasiya kod dilində çarəsizlik demək imiş...
Qiymət Mahir