Texnologiya və oğurlanmış uşaqlıq: Həyət oyunlarından ekranlara
16:10 SosialGözlərimi yumub uşaqlığıma qayıtmaq istəsəm, xatirələrimin ilk səhnəsi həyətimizdə oynanan oyunlardır. Torpaqda çəkilmiş xətlər, çığırtılarla qaçışan uşaqlar və əllərdə gizlənən daşlarla "beşdaş" oyunu... Bu səhnələr o qədər canlıdır ki, sanki yenidən eşidirəm o çığır-bağır dolu səsləri. Yayda dəqiqələri sayırdıq ki, kölgə düşsün, çölə qaçaq. Gizlənqaç oynayanda həyəcanla gizlənməyə yer axtarırdıq. Bəlkə də daşdan, torpaqdan, hətta təsəvvürlərimizdən oyunlar yaradan son nəsil olduq. Bugünkü uşaqların həyatında bu rənglər yoxdur. Onların uşaqlığı bir ekrana həbs olunub.
Bir vaxtlar hər küçə bir səhnə, hər oyun - bir macəra idi. Küçələrdə qurulan kiçik "evlər"dən, kağız gəmilərdən böyük dünyalar yaradırdıq. Hətta o "evlər"ə palçıqdan yemək hazırlayar, ana, ata, uşaq rolunu canlandırırdıq. Əslində, həmin oyunlar sadəcə əyləncə deyildi; onlar bizə dostluğu, əməkdaşlığı və həyatın sadə gözəlliklərini öyrədirdi.
İndi isə o səhnələr yalnız yaddaşlarda yaşayır. Küçələrdə uşaq səsi azalıb, həyətlərdəki daş izlərini avtomobil təkərləri əvəz edib. Gələcəyə dair xəyallar qurmaq yerinə, uşaqlar ekrana kilidlənib. Onların həyatı "Minecraft" kimi virtual dünyalara həbs olunub. Halbuki bir zamanlar ağacdan düzəldilən "evlər"də gerçək dostluqlar qurulurdu.
10-15 il öncəyə qədər uşaq olmaq azadlıq idi. Çirklənmək, qaçmaq, yıxılmaq, zədələnmək, yeni yerləri kəşf etmək... Amma indi uşaqlara "telefon" və ya "tablet" verilir. Valideynlər rahatlıq üçün uşaqları texnologiyaya təslim edir, həyətdə oynamaq yerinə ekran qarşısında oturmağa alışdırırlar. Bu, sadəcə oyun mədəniyyətinin yox olması deyil, eyni zamanda uşaqların yaradıcı potensialının da daralmasıdır.
Virtual oyunlar, yaradıcı gücü olan oyunları əvəz edib. Bir vaxtlar uşaqlar oyun meydançalarında komanda ruhunu və əməkdaşlığı öyrənirdi. İndi isə əlaqələr virtual platformalarda qurulur, dostluq hissi isə klaviatura arxasında zəifləyir. Bu dəyişiklik təkcə uşaqların deyil, bütövlükdə cəmiyyətin gələcəyini də təsir altına alır.
Sosioloq Yusif Nəbiyev qeyd edir ki, son illərdə ənənəvi oyunların yerini rəqəmsal fəaliyyətlərin alması, uşaqların sosiallaşma və inkişaf proseslərinə də ciddi təsir göstərməkdədir:
"Tarixən uşaqlar bir-birləri ilə fiziki qarşılıqlı əlaqə qurmağı, əməkdaşlıq etməyi və konfliktləri həll etməyi ənənəvi oyun prosesində, necə deyərlər, "küçədə" öyrəniblər. Bu oyunlar, uşaqların həm sosial bacarıqlarını inkişaf etdirmələrinə, həm də emosional intellektlərini artırmalarına kömək edib. Ənənəvi oyunlar uşaqları real dünyada qarşılaşacaqları müxtəlif emosional vəziyyətlərlə baş-başa qoyduğu üçün, bu oyunları oynarkən uşaqlar öz hisslərini tanımağa və digər uşaqlarla empatiya qurmağa başlayırlar. Bununla yanaşı, ənənəvi oyunlarda uşaqlar bir-biri ilə fiziki təmasda olduqları üçün, bədən dili və mimikaları başa düşməyə başlayırlar ki, bu da sosial bacarıqların inkişafı üçün əvəzolunmazdır.
Rəqəmsal oyunlar və onlayn fəaliyyətlər isə, uşaqları fiziki əlaqədən uzaqlaşdıraraq, onların sosial bacarıqlarının zəifləməsinə səbəb olurlar. Rəqəmsal mühitdə uşaqların empatiya və üzbəüz əlaqə qurma bacarıqları yetərincə inkişaf etmədiyi üçün, nəticə olaraq, bu onların sosial adaptasiyasını da çətinləşdirir. Rəqəmsal aləmin uşaqların həyatına daxil olması, onlara qlobal miqyasda əlaqələr qurmağa imkan versə də, ənənəvi oyunların təmin etdiyi sosial qarşılıqlı əlaqələrin və fiziki fəallığın yanında bu nəzərə çarpmayacaq dərəcədə kiçik bir avantajdır.
O baxımdan, valideynlərin bu məsələyə müdaxiləsi uşaqların ənənəvi oyunlardan faydalanmalarını təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. İlk növbədə, valideynlər özləri ənənəvi oyunlara qatılaraq uşaqlarına nümunə olmalıdırlar. Bu, yalnız öz uşaqları ilə daha sıx münasibət qurmağa deyil, eyni zamanda onlara öz sosial və fiziki bacarıqlarını inkişaf etdirməyə də imkan yaradır. Bundan başqa, valideynlər övladlarının texnoloji alətlərdən istifadəsini məhdudlaşdırmağa çalışmalı və bunun üçün müəyyən limitlər qoymalıdırlar. Unutmamalıdırlar ki, ekran qarşısında keçirilən hər saat, uşağın aludəçiliyini artırır və ənənəvi oyunlara marağının azalmasına səbəb olur. Həmçinin, valideynlər uşaqlarının sosial bacarıqlarını gücləndirmək üçün müxtəlif tədbirlər təşkil etməlidirlər. Məsələn, ailə daxilində və ya qonşularla birlikdə ənənəvi oyun günləri və ya saatları təşkil etmək, birgə şəhər gəzintisinə çıxmaq üçün zaman ayırmaq olduqca faydalı ola bilər.
Deyilənlərdən əlavə olaraq, valideynlər övladlarının evdə tək oynasalar belə, ən azından, yaradıcı, beyin işlədən oyunlar oynamasına çalışmalıdırlar. Bunun üçün elektron və onlayn olmayan bir çox oyun növləri, masaüstü oyunlar, puzzle-lar, boyama və rəsmçəkmə kitabları mövcuddur. Bunlar, eyni zamanda, uşaqların problem həll etmə bacarıqlarını inkişaf etdirməyə də kömək etməkdədir. Nəticə olaraq, deyərdim ki, uşaqların sosial inkişafında ənənəvi oyunların əhəmiyyəti qətiyyən göz ardı edilə bilməz. Valideynlərin müsbət müdaxiləsi və balanslı yanaşması, uşaqların ənənəvi oyunlar vasitəsilə sağlam sosial bacarıqlar əldə etmələri üçün əvəzedilməzdir".
Bəli, artıq uşaqlar enerjilərini divanlarda, kompüter masası arxasında "oturaraq" sərf edirlər. Valideynlər daha təhlükəsiz və rahat görünən ekran oyunlarını seçirlər. Bəlkə də bu, müasir həyatın sürətindən qaynaqlanır, amma nəticədə uşaqlar həm fiziki, həm də emosional azadlıqlarını itirirlər. Burda yalnız texnologiyanı günahlandırmaq da mümkün deyil. Valideynlər övladlarına uşaqlığın nə olduğunu göstərməli, onları yenidən həyətə, təbiətə aparmalıdır. Məktəblər oyun meydançalarını artırmalı, şəhərlər isə uşaqlar üçün daha təhlükəsiz və maraqlı məkanlar yaratmalıdır.
Valideynlər hər dəfə telefon uzatmaq yerinə, uşaqlarına öz uşaqlıq oyunlarını öyrədə bilərlər. Axı bizdən öncəki nəsil bunu edirdi - niyə indi biz edə bilmirik?
Uşaqlıq yalnız bir dövr deyil, gələcəyin təməlidir. Bu gün uşaqlara verdiyimiz həyat sabah onların xatirəsi olacaq. Əgər onların həyatı yalnız ekrandan ibarət olsa, gələcəkdə həmin nəsil nəyə ilhamlanacaq? Bəlkə də növbəti dəfə bir uşağın telefonla oynadığını görəndə ona bir "beşdaş" təqdim etmək daha doğru bir addım olar. Çünki uşaqlıq yalnız bir dəfə yaşanır və o da ekranlara deyil, həyata aid olmalıdır.
Qiymət Mahir