Boşanma olmadan aliment necə almaq olar?
10:28 SosialAzərbaycanda boşanma zamanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment valideynin rəsmi gəlirinin müəyyən faizi və ya qanunvericilikdə nəzərdə tutulan yaşayış minimumu əsasında sabit məbləğ kimi müəyyən edilir.
Boşanmadan aliment almaq mümkündürmü?
Milli.Az xəbər verir ki, qanunvericiliyə əsasən, valideynlərin rəsmi nikahda olması onların övlad qarşısındakı maddi öhdəliyini aradan qaldırmır. Əgər valideyn uşağın saxlanılmasında iştirak etmirsə, digər valideyn nikah davam etsə belə, məhkəməyə müraciət edərək alimentin tutulmasını tələb edə bilər. Ailə Məcəlləsində qeyd olunur ki, valideynlər övladlarını təmin etmədikdə, aliment məhkəmə qərarı ilə tutulur. Deməli, aliment almaq üçün boşanma mütləq şərt hesab edilmir.
Bundan əlavə, qanun ər və arvadın bir-birinə maddi dəstək göstərməsini də nəzərdə tutur. Əgər tərəflər arasında alimentlə bağlı razılaşma yoxdursa və onlardan biri maddi yardım etməkdən imtina edirsə, müəyyən şəxslər məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir.
Bunlara hamiləlik dövründə və ümumi uşağın doğulduğu gündən sonrakı üç il ərzində keçmiş həyat yoldaşı, əlilliyi olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad, nikah pozulana qədər və ya boşanmadan sonra bir il ərzində əmək qabiliyyətini itirən keçmiş həyat yoldaşı, həmçinin uzunmüddətli nikahdan sonra boşanmadan etibarən beş il keçmədən pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər və ya arvad daxildir.