Mediatorların sırası genişlənir- ÖZƏL

Hazırlıq kurslarını bitirmiş mediatorlara sertifikatlar təqdim olunub

"Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlıq kursları"nı müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub. Bu barədə Mediasiya Şurasından "Olaylar"a verilən məlumata görə, 2 iyul 2026-cı il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlıq kursları"nı müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.

Sertifikatvermə mərasimində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, Mediasiya Şurası tərəfindən mediatorların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində bir sıra mühüm addımlar atılıb. O, həmçinin mediasiyanın cəmiyyət daxilində hüquqi mübahisələrin daha çevik, səmərəli və qarşılıqlı anlaşma əsasında həllinə töhfə verdiyini diqqətə çatdırıb.

Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov çıxışında mediatorların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinin bu sahənin effektivliyində həlledici rol oynadığını vurğulayıb.
Daha sonra mediatorlara sertifikatlar təqdim olunub və mediatorlarla xatirə şəkilləri çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31