Virtual ayna- Etik normaların əridiyi aləm
25 Oktyabr 2024 17:40 SosialSosial şəbəkələr XXI əsrin insanın həyatının ayrılmaz hissəsinə çevrildikcə, bu platformalarda təkcə informasiyanın sürətli mübadiləsi deyil, həm də etik normaların ciddi şəkildə pozulması kimi hallar daha çox müşahidə olunmağa başlayıb. Bu gün virtual aləm, insanları bir araya gətirmək yerinə, onları aqressiya, nifrət və təhqirlə zəhərləməyə başlayır. Azərbaycan cəmiyyətində də sosial şəbəkələrdə etik qaydaların yoxa çıxması ciddi bir problem halını alıb. Fikirlərini daha açıq ifadə etmək imkanı verən bu mühit, bir çox insan üçün aqressiyanın və təhqirin gizlənmə yeri olub. Anonimliyin yaratdığı "cəzasızlıq" hissi, insanlar arasında qarşılıqlı hörmətin və mədəni müzakirə imkanlarının zədələnməsinə gətirib çıxarır. Bəs sosial şəbəkələrdə bu qədər asanlıqla nifrət nitqi, təhqir və zorakılıq ritorikası necə normallaşdı?
Bugünkü vəziyyətin kökləri dərinlərə uzanır. Cəmiyyətin bəzi hissələri virtual məkanda, xüsusilə də anonim profillərdən istifadə edərək, şəxsi fikirlərini sanki bir "müharibə meydanı"nda müdafiə edirmiş kimi təqdim edirlər. Halbuki, sosial şəbəkələr, əslində, fikir mübadiləsi və dialoq üçün yaradılan platformalardır. Ancaq son illərdə bu platformalar daha çox təhqir, nifrət və aqressiyanın yuvasına çevrilib. Müxtəlif mövzularda hətta ən adi müzakirələr belə, tez-tez təhqir və aşağılayıcı ifadələrlə bitir. Cəmiyyət olaraq qarşılıqlı hörmət, empatiya və sağlam dialoq qurma qabiliyyətimiz virtual dünyada ciddi şəkildə sarsılıb.
Sosial şəbəkələrdə etik davranışların aşınmasının nəticələri isə yalnız virtual mühitlə məhdudlaşmır. Bu vəziyyət tədricən real həyatda da özünü göstərir. Müxtəlif yaş qrupları arasında mədəniyyət fərqliliyi dərinləşir, gənclər arasında söyüş və təhqir nitqi adiləşir, ictimai fiqurların belə, təhqirə məruz qaldığı hallar artmaqdadır. Təhqir və zorakılıq mədəniyyətinin normal qəbul edilməsi, cəmiyyətdə fikir müxtəlifliyinə dözümsüzlüyü artırır, fərqli düşünənlərə qarşı nifrət dalğasının yaranmasına zəmin hazırlayır. Bu da cəmiyyətin mədəni səviyyəsinə və sosial birliyinə böyük zərbə vurur.
Bu aqressiv davranışlar, mədəniyyətin əsas sütunlarından biri olan sivil müzakirə mədəniyyətini təhdid edir. İctimai diskurslar təhqir və zorakılıq vasitəsilə aparılırsa, cəmiyyət necə bir gələcəyə hazırlaşır? Nə üçün biz mübahisə və fikir ayrılıqlarını təhqir vasitəsilə həll etməyə çalışırıq? Məhz bu suallar üzərində düşünmək lazımdır. Sosial şəbəkələrdə normaları bərpa etmədikcə, etik qaydaların itirilməsi daha geniş bir böhrana çevriləcəkdir. Təhqir və zorakılıq mədəniyyətinin normal qəbul edilməsi gələcək nəsillərə nə cür bir cəmiyyət miras qoyacaq?
Bəs virtual məkanda insanların təhqir, nifrət kimi hallara meylli olmasının əsas səbəbləri olaraq nəyi qəbul etməliyik? Bu davranışlar cəmiyyətin ümumi mədəni səviyyəsinə necə təsir edir?
Sosioloq Yusif Nəbiyev təhqir və aqressiyaya meyilliliyi insanın təhsil səviyyəsi, dünya görüşü, empatiya bacarığı ilə bir-başa əlaqələndirir:
"Aqressiya zəiflikdən doğan bir cavab reaksiyasıdır. Təhqir də aqressiyanın təzahür formalarından biri olduğu üçün o da fikirlərin, arqumentlərin zəifliyi anında ortaya çıxır. Amma bu da bir gerçəkdir ki, virtual dünyada demək olar ki, bütün insanların təhqir və aqressiyaya meyli daha artıq olur, nəinki real həyat. Yəni istəyirsən alim ol, yenə də virtual aləmdə daha aqressiv olacaqsan, nəinki realda. Bunun diqqət çəkmə istəyi, qrup dinamikaları, subkultura normalarının sürətli yayıla bilməsi kimi səbəblərini saya bilərik. Amma mən burada ana səbəb kimi dizinhibisiya (disinhibition) fenomenini görürəm. Kəlmə olaraq, "tormozlama effektinin azlığı və ya heç olmaması" kimi anladığımız bu fenomenin virtual aləmdə özünü göstərə bilməsinin 3 əsas səbəbini görürəm:
Hər şeydən əvvəl, anonimliyi vurğulayardım. Virtual profillər tez-tez "nickname"-lərin arxasında gizlənirlər və bu da onların öz davranışlarına görə məsuliyyət hiss etmələrini çətinləşdirir. Fikir vermisinizsə, ən ağır təhqirləri məhz saxta profillərdən görürük. Hətta nə qədər üzücü olsa da, bəzi siyasi və ictimai fiqur və qurumların sırf bu məqsədlə yaratmış olduqları "trol ordularının" varlığını da görürük.
İkinci önəmli səbəb isə fiziki məsafənin çox olmasıdır. Ünsiyyətdə üz-üzə əlaqənin olmaması, insanların bir-birinin üzünə söyləməyəcəyi şeyləri virtualda söyləmələrinə şərait yaradır və bu da öz növbəsində daha aqressiv mövqe sərgiləməyi mümkün və asan edir.
Üçüncü səbəb isə elə ikinci səbəbdən doğur. Fiziki məsafənin çox olması nəticəsində ünsiyyətdə sözlərdən belə daha çox rol oynayan səs tonu, mimikalar, bədən dili kimi ünsiyyət komponentlərinin funksiyasını az qala sıfıra endirir və bütün ünsiyyətimiz demək olar ki, yazılı nitqin öhdəsinə qalır. Bu halda isə qarşılıqlı yanlış anlama halları qaçılmaz olur və aqressiya, təhqir kimi metodlara "ehtiyac" yaranır.
Bəs bu aqressiya və təhqir "mədəniyyəti" cəmiyyətin özünə qalıcı zərbələr vururmu? Təbii ki, vurur.
Bütün bunlar öz növbəsində cəmiyyətdə aqressiya dilinin normallaşmasına, sivil formada mədəni müzakirə mədəniyyətinin eroziyaya uğramasına, fikir qütbləşməsinə yol açır. Hətta sözlü aqressiya bəzən əməli formaya keçid edir. Tərəflər real həyatda görüşüb məsələni "çürütməyə" çalışırlar. Bu da bəzən tərəflərin bir-birinə fiziki xəsarət yetirmələrinə, hətta cinayətlərə gətirib çıxarır. Yəqin ki, xəbərlərdə gənclərin söyüş və təhqir səbəbilə görüşüb bir-birlərinə xəsarət vermə, hətta qətlə yetirmə hallarına şahidlik etmisiniz".
Diqqət etmisinizsə, Azərbaycanda sosial şəbəkələrdə etik qaydalara riayət etməmək müəyyən qruplarda daha çox müşahidə olunur. Bəs bu sosial qruplarda daha çox müşahidə olunur? Bu hal nəyə görə bəzi qruplarda daha geniş yayılıb?
Y.Nəbiyevin fikirlərinə görə, Azərbaycanda bu tip davranışları daha çox radikal dini və ya siyasi qrupların nümayəndələri arasında görmək olur.
"Çünki bu qism insanlar adətən etik normaları öz şəxsi və ya qrup maraqları naminə kompromisə gedirlər. Öz maraqlarına çatmaq üçün əksər metodları məqbul görürlər. Əvvəl də qeyd etdiyim kimi, sırf bu işlər üçün "trol dəstələrinin" yaradılması məhz bu qrup insanların nümunəsində görünür. Qızğın siyasi və ya dini polemikalar fonunda tez-tez mübahisələr çıxır və bu mübahisələri güc yolu ilə "yatırmaq" üçün bu söyüş maşınlarından istifadəyə ehtiyac duyulur.
Bu davranışlara tez-tez baş vuran digər qrup isə təhsil səviyyəsi çox aşağı olan və qrup daxilində öz jargonları, öz yazılmamış qaydaları olan gənc və yeniyetmə qrupudur. Qulaqdandolma bilgilərlə kriminal aləmə, fərqli ideoloji axımlara meyillənmiş bu qrupun nümayəndələri qrupdaxili dinamikalardan kəskin şəkildə təsirləndikləri üçün öz "etik normaları", yazılmamış qanunları olur və bilinən etik çərçivələrə adətən əhəmiyyət vermirlər".
Yusif Nəbiyevin sosioloji analizindən də göründüyü kimi, sosial şəbəkələrdə etik qaydaların pozulması cəmiyyətimizin mədəni səviyyəsinə ciddi təsir göstərir. Aqressiya, təhqir və nifrət nitqi artıq adi bir hal kimi qəbul edilir və bu, böyük bir təhlükədir. Çünki etik normaların itirilməsi sonda təkcə virtual məkanda qalmaz, real həyata da sızar. Təhqir dilinin geniş yayılması, sivil müzakirə mədəniyyətini tamamilə məhv etməklə yanaşı, insanlarda daha dərin nifrət və qütbləşməyə yol açır. Əgər biz bu davranışların kökünü kəsməsək, gələcək nəsillərimiz təkcə virtual dünyada deyil, real həyatın hər bir sahəsində etikadan məhrum bir mühitlə üz-üzə qalacaqlar.
İnsanların anonimlikdən faydalanaraq, real həyatda cəsarət etmədikləri ifadələri sosial şəbəkələrdə səsləndirmələri, cəmiyyətin ümumi mədəniyyət səviyyəsinə mənfi təsir edir. Belə bir mühitdə həqiqi dialoq və fikir mübadiləsi imkanları getdikcə azalır, insanlar öz fikirlərini paylaşmaqdan qorxurlar. Bu, həm sosial, həm də psixoloji cəhətdən cəmiyyətin bütövlüyünü təhlükə altına atır. Yalnız bu vəziyyətə qarşı təhsil vasitəsilə mübarizə aparmaq mümkündür. İnsanlara erkən yaşlardan sivil dialoq, empatiya və etik normaların vacibliyini aşılamaq vacibdir.
Bununla yanaşı, sosial şəbəkə platformalarının da bu məsələni ciddiyə alması və təhqir, nifrət nitqinə qarşı daha sərt tədbirlər görməsi lazımdır. Anonimlik məsələsinin sərhədlərinin müəyyənləşdirilməsi, saxta profillərlə mübarizənin gücləndirilməsi və etik davranış qaydalarının təbliği sosial platformalarda yenidən mədəniyyətin bərpasına şərait yarada bilər. Bu, yalnız sosial şəbəkələrdə deyil, ümumilikdə cəmiyyətin mədəni inkişafına mühüm töhfə verəcəkdir.
Əgər bu istiqamətdə ciddi addımlar atılmazsa, gələcəkdə cəmiyyətin hər bir təbəqəsində aqressiv davranışlar normallaşacaq və qarşılıqlı anlaşma, mədəni diskurs yoxa çıxacaq. Bu isə həm sosial sabitliyə, həm də milli birlik dəyərlərinə ciddi zərbə vurar. Biz, cəmiyyət olaraq, sosial şəbəkələrdə davranış qaydalarına yenidən baxmalı və etik mədəniyyəti bərpa etməliyik.
Son olaraq, unutmamalıyıq ki, virtual dünyadakı davranışlarımız, real həyatdakı mədəniyyətimizin aynasıdır - biz o aynada necə görünmək istəyirik?
Qiymət Mahir