Uşaq və gənclərimizin fiziki və mənəvi inkişafı ilk olaraq ailədə başlanır

İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

"Uşaq və gənclərin fiziki, mənəvi, təhsil və digər istiqamətlərdən formalaşması, onların bu istiqamətlər üzrə inkişafı hər bir dövlət üçün, cəmiyyət üçün çox önəmli bir məqamdır. Təbii ki, Azərbaycan üçün, Azərbaycan xalqı üçün də bu məsələlər çox önəmlidir və prioritet təşkil edir".
Bunu Olaylar-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Azərbaycan dövləti istər 1994-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə və o yaradılandan sonra ötən dövr ərzində görülən çalışmalar, həyata keçirilən layihələr təbii ki, uşaq və gənclərimizin fiziki, mənəvi və digər istiqamətlərdə inkişafına hesablanan məsələlər idi. Bu istiqamətdə qeyd etmək lazımdır ki, əsas prioritet təbii ki, azərbaycançılıq ideologiyasını, həm də gənc nəslə aşılamaq, bu istiqamətdə də çalışmalar həyata keçirmək idi.
Bu məsələlərdə hər şey təkcə nazirliyin yaradılması ilə bitmədi. Azərbaycan dövləti istər ümummilli liderin vaxtında, istər onun davamçısı olan Prezident İlham Əliyevin vaxtında müxtəlif dövlət proqramları qəbul etdi və təbii ki, bu proqramların qəbul olunması və icrası da gənclərin inkişafına birbaşa təsir edən amillərdəndir. İstər idmanla, istər mənəvi olaraq onların tərbiyəsi ilə bağlı, istər təhsillə bağlı, sağlamlıq, asudə vaxtının təşkili və s. istiqamətlərdə görülən işlər zaman-zaman nəticə verməkdədir. Təbii ki, biz cəmiyyət olaraq dövlət olaraq, daha çox gözləntilərimiz var. Yəni deyək ki, bu görülən işlər bizi tam qane elədi və bununla kifayətlənməliyik, xeyr, elə bir məsələ yoxdur. Amma çalışmalar da yoxdur və yaxud da ki, effekt vermir demək də düzgün olmaz, ədalətsizlik olar. Çox ciddi şəkildə bu istiqamətdə cəhdlər var və bu çalışmalar da özünü müxtəlif formalarda göstərir. Məsələn, istər təhsil sahəsində Azərbaycan gənclərinin  beynəlxalq olimpiadalarda qalib gəlmələri, xaricdə təhsil almaları, təhsil aldıqları universitetlərdə yüksək göstəricilər ki, bu tələbələrin bəziləri xaricdə işləyir, çalışır, onların göstəriciləri, idman göstəriciləri, olimpiadalarda, beynəlxalq yarışlarda Azərbaycan gənclərinin qazandıqları uğurlar buna misaldır. Elə bu yaxın günlərdə Paris Yay Olimpiadasında Azərbaycan idmançılarının qazandıqları uğurlar da daxil olmaqla, bu çalışmalar bu və ya digər formada özünü göstərir. Təbii ki, Azərbaycan dövlətinin və xalqının bu istiqamətdə gördüyü işlərin nəticəsinin bilinməsinin ən pik nöqtəsi 44 günlük Qarabağ müharibəsində Azərbaycan gənclərinin, xüsusən, gənclərimizin fədakarlığı, torpaq uğrunda şəhid olması, qazi olması, o torpağı azad etməsi, Azərbaycan xalqının qüruru, yaşatması həm də verilən tərbiyənin, göstərilən çalışmaların bir nəticəsi idi deyə bilərik, deməliyik. Yəni həmişə soruşurlar ki, axı bu layihələrin, bu tədbirlərin, bu müzakirələrin nə nəticəsi var? Bax bu nəticəsi var idi, ən pik nöqtəsi Azərbaycan gənclərinin vətən uğrunda qəhrəmanlığı oldu. 
Biz bu fəaliyyətlərdə, bu çalışmalarda məktəblərin də, müəllimlərin də əməyini və zəhmətini unutmamalıyıq. Onların da istər gənclərin milli-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasında, istər gənclərimizin fiziki tərbiyəsində, istər təhsil göstəricilərində və bütün bunların kompleksində vətənpərvərlik ruhunun aşılanması və gənclərimizin yüksək vətənpərvərlik ruhu ilə formalaşması həm də Azərbaycanın vicdanlı müəllimlərinin, peşəkar müəllimlərinin çalışmalarının, gərgin əməyinin nəticəsi idi. 
Uşaq və gənclərimizin fiziki və mənəvi inkişafı ilə bağlı məsələlər ilk olaraq ailədə, daha sonra bağçada başlanılır. Bağçada da bu istiqamətdə çalışmalar həyata keçirilir və işlər görülür. Əlbəttə, nöqsanlar varmı, var. Yəni kifayət qədər nöqsanlar var. İstər bağçalarımızda, istər məktəblərimizdə, istər icra olunan bir sıra layihələrdə, görülən işlərdə etiraf etmək lazımdır ki, bəzi məqamlarda hətta Gənclər və İdman Nazirliyinin özü də, Elm və Təhsil Nazirliyi də, Mədəniyyət Nazirliyi də, müxtəlif dövlət və qeyri-rəsmi qurumlar da bir sıra məqamlarda Azərbaycan Prezidentinin onlardan tələb etdiyi və gözlədiyi nəticəni tam şəkildə ortaya qoya bilmirlər. Müxtəlif amillər var və biz də bunları hər zaman qeyd edirik. Hesab edirik ki, bu məsələlər aradan qaldırılmalıdır. Bu qurumlar Azərbaycan kimi qalib dövlətin, qalib xalqın, qalib liderin adına layiq şəkildə çalışmalıdırlar. Mən bir məqamı da qeyd etmək istəyirəm. Biz narkomaniyanın çox geniş yayılması ilə bağlı xəbərləri oxuyuruq, bu hallarla qarşılaşırıq, bundan çox narahat oluruq. Hesab edirəm ki, aidiyyəti qurumlar, istər Elm və Təhsil Nazirliyi, istər Gənclər Nazirliyi, hətta Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi səylərini artırmalıdırlar. Azərbaycan dövlətinin onlardan bir gözləntisi var və bu istiqamətdə çalışmalar genişləndirilməlidir. Çünki Azərbaycan gəncini, Azərbaycan dövlətini, Azərbaycan xalqını, müharibə meydanında məğlub edə bilməyən, gözlə görünən, tanınan, bilinən düşmənlərlə yanaşı, gizlənərək Azərbaycan xalqına qarşı müharibə aparan düşmənlər də gənclərimizi bu cür üsullarla zəhərləməyə çalışırlar. Bax, bu məsələdə bu sahəyə diqqət artırılmalıdır, inanılmaz dərəcədə bu sahədə çox işlər görülməlidir. Çünki etiraf etmək lazımdır ki, çox ciddi problemlər var. Narkomaniya artıq bizim cəmiyyətin çox ciddi bir bəlasına çevrilib və bununla mübarizə həm genişləndirilməlidir, həm də sərtləşdirilməlidir. 
Başqa bir məsələ, internet üzərindən aparılan təbliğat, sosial şəbəkələrdə və s. istiqamətlərdə zərərli təbliğatın qarşısının alınması, Azərbaycan gənclərinə, uşaqlarına daha dolğun, dürüst informasiyaların verilməsi istiqamətində çalışmalar və cəhdlər artırılmalıdır. 
Bütövlükdə götürüləndə, bu istiqamətdə həyata keçirilən layihələri bu gün üçün qənaətbəxş saymaq olar. Amma gözləntilər çox böyükdür, təhlükə çox böyükdür. Azərbaycan prezidentinin, Azərbaycan xalqının adını çəkdiyim qurumlardan gözləntisi çox genişdir. Bu istiqamətdə çox böyük işlər görülməlidir və bizlər də, şəxsən mən özüm bir siyasi şərhçi olaraq, bir Qeyri-Hökumət Təşkilatı rəhbəri olaraq, bir media qurumunun rəhbəri olaraq, bir universitet müəllimi olaraq bu istiqamətdə çalışan aidiyyəti qurum əməkdaşlarımıza kömək etməyə hazıram".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31