ABŞ və Qərbi Avropa Azərbaycanda hökm sürən sabitliyi həzm edə bilmir- ÖZƏL
13 Sentyabr 16:06 Siyasət"Günü-gündən nüfuzu artan Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Çox təəssüf ki, ölkəmizi gözü götürməyən qüvvələr ölkəmizin əldə etdiyi naliyyətlərdən ciddi narahatlıq keçirirlər".
"Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib:
"Xüsusən erməni diasporunun siyasi alətinə çevrilən Almaniya Bundesdaqının bəzi təmsilçiləri mütəmadi olaraq ölkəmizə qarşı qarayaxma kampaniyasının iştirakçısına çevriliblər. Belə şəxslərdən biri də Almaniya Bundesdaqının üzvü, özünün Azərbaycanafobiya, türkafobiya fikirləri ilə tanınan və erməni lobbisinin dünya erməniçiliyinin əlində alət kimi ad çıxarmış Frank Şvabedir ki, yenə də ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib. Nəinki Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan həqiqətləri, ümumiyyətlə Cənubi Qafqazda baş verənlərdən belə xəbəri olmayan Frank Şvabe yalnız erməni mənbələrinin məlumatları əsasında fikir yürüdür. Erməni diasporuna "yağlı tikə" kimi baxan Frank əldə etdiyi çirkli pullar müqabilində ölkəmiz, xalqımız, dövlətimiz barədə xoşagəlməz fikirlər səsləndirir. Məlum olduğu kimi Frank Şvabenin sayıqlamaları yeni deyil, o uzun illərdən bəri ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının fəal üzvlərindəndir. Onun xüsusən son zamanlar qarayaxma kampaniyasında daha aktiv iştirak etməsi deməyə əsas verir ki, dünyada baş verən iqtisadi təlatümlər fonunda Frank özünün maliyyə təminatını sığortalamaq niyyətindədir".
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfər, 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa etməsi Qərb dairələrinin yuxusunu ərşə çəkib: "Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünyada mövcud problemlərin həlli məqsədilə yeni-yeni ideya və təşəbbüslərlə çıxış etməsi, ölkəmizin qlobal problemlərin həll edildiyi məkana çevrilməsi heç şübhəsiz ki, Qərbin narahatlığına səbəb olub. Amma, birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan dünyada sülh və əminamanlığın, qonşu dövlətlərlə dinc-yanaşı yaşamağın, dünya dövlətləri ilə ikitərəfli, bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğundan onun əldə etdiyi uğurlardan narahatçılığa dəməz. Çünki, Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir dövlətin torpağında gözü yoxdur, heç bir dövlətə qarşı torpaq iddiası ilə çıxış etmir. Buna baxmayaraq ABŞ və Qərbi Avropa Azərbaycan və onun kimi ölkələrdə sabitliyi həzm edə bilmir. Etiraf edək ki, Qərbin Azərbaycanda 5-ci kolonu sıradan çıxıb və onlar yeni simalar axtarışındadır, müxtəlif vasitələrlə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. İstəklərinə nail olmaq üçün hətta Ermənistanı silahlandıraraq müharibəyə hazırlamaqdan belə çəkinmirlər".