Modern cəmiyyətin şəklini dəyişdirən güc: Sosial Media və Texnologiya

Texnologiya  fərdi həyatımıza təsir etdi və etməyə də davam edir. İş və təhsil sahələrində texnologiyadan istifadə etmək daha effektiv və yaradıcı olmağımıza səbəb oldu. Həmçinin, sosial media və digər  onlayn platformalar vasitəsilə insanlar arasında daha asan əlaqələr quruldu. Texnologiyanın gətirdiyi müsbət və faydalı yeniliklərlə yanaşı onun mənfi tərəfini də gözardı etməməliyik. Texnologiya  bəzən insanların sağlamlığına və psixoloji durumuna mənfi təsir edə bilər. Məsələn, uzun müddət ekran önündə oturmaq göz yorgunluğuna, bel ağrılarına, şualanmaya və uşaqlarda narahatlığa səbəb ola bilər. Həmçinin, sosial media istifadəsi insanların özünü başqaları ilə müqayisə etməsinə və öz gözündə öz qiymətini azaltmasına qədər gətirib çıxara bilər. Artıq hamı hər şeyi görür və heç kim "qonşudan geri qalmaq" istəmir. 
Texnologiyaların istifadəsi zamanı biz istər-istəməz onun mahiyyətini itirir və fiziki əlaqələrdən uzaqlaşırıq. Bu da özlüyündə mənfi təsirlərə səbəb ola bilər.
Fərdi təsirlərlə yanaşı texnologiya bütünlükdə cəmiyyətə geniş spektrdə təsir edir. İnsanların kommunikasiya formalarını dəyişdirir, əlaqələrini dünya miqyasında genişləndirir və məlumatlara daha asan giriş imkanı verir. Lakin buna baxmayaraq, texnologiya cəmiyyət üzərində ciddi sosial və mədəni dəyişikliklərə səbəb ola bilər. Məsələn, sosial media platformaları siyasət və mədəni məsələləri müzakirələrə və mübahisələrə məruz qoyur və mənfi maraqların təsirində qalmaq təhlükəsi yarada bilir. Həmçinin, texnologiya dəyişiklikləri iş bazarlarında yeni bacarıqların tələbini artırır və ənənəvi iş modellərini dəyişdirir. Ümumilikdə texnologiya, cəmiyyətin mədəniyyəti və sosial düsturunu dəyişdirən güclü bir faktordur. Onu əbəs yerə güclü faktor adlandırmırıq. Bu güc gün keçdikcə daha da artır və təsir dairəsi genişlənir. İnternet və sosial media platformaları vasitəsilə insanlar daha geniş bir auditoriyaya çatmaq, fikirlərini bölüşmək və mübahisələr aparmaq imkanına malik olurlar. Bu, mədəniyyətlərin daha çeşidli, inklüziv və global olmağını təmin edir. Həmçinin, texnologiya mədəni təfəkkürü və incəsənətə yeni perspektivlər və yaradıcı imkanlar gətirir. Lakin bu proses zaman-zaman mənfi təsirlər də doğurur, məsələn, mənfi məzmunların sürətli şəkildə yayılması və kiberzorakılıq kimi məsələlərin olduqca artmasının  şahidi oluruq. Texnologiya, cəmiyyətlərin  mədəniyyətini dəyişdirməsindən başqa, ənənələr, dini inanclar və sosial qaydalar kimi mədəni təməlləri də təhlükəyə salır.

Sosioloq Əhməd Qəşəmoğlu texnologiyanın hansı halda faydalı olduğu haqqında danışıb:

"Hər bir yeni texnologiya o vaxt faydalıdır ki, əhalinin fiziki sağlamlığına, mənəvi zənginliyinə ziyan vurmur, onlarda əməyə yaradıcı münasibət tələbatı formalaşmasına mane olmur. Çalışmaq lazımdır ki, hər yeni texnologiya bu üç şərtə cavab versin. Bu, ahəngyol (Ahəngyol - dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiya) elminin əsaslandırdığı müddəalardan biridir. Digər tərəfdən hər bir yeni texnologiyanı tətbiq edən zaman insanları maarifləndirmək, öyrərmək lazımdır ki, o texnologiyadan düzgün istifadə etsinlər. Dəfələrlə müşahidə etmişəm ki, xoş niyyətlə yaradılmış texnologiyadan düzgün istifadə etməyəndə, o, xeyli fəsadlar ortaya çıxarır. Kənd təsərrüfatında gübrələmədən, dərmanlamadan istifadə etməkdən tutmuş, qida məhsullarının hazırlanmasına qədər texnologiyadan istifadə olunur. Hamısının da öz qaydası var. Cəmiyyət çalışmalıdır ki, hər bir texnologiyadan istifadə edən insanlar onun istifadə qaydalarını dərin mənimsəsinlər. Bilgilər yarımçıq olanda ortaya hökmən fəsadlar çıxır. Bu səbəbdən bu məsələlərdə olduqca diqqətli olmaq lazımdır".

Ə.Qəşəmoğlu sosial medianın insanlararası münasibətlərə təsirindən də söz açıb:

"Sosial medianın insanlararası münasibətlərə təsiri getdikcə dərinləşir. Hər ay, il keçdikcə sosial media insanlararası münasibətlərə daha dərin təsir edir. Texnologiya inkişaf etdikcə də bu təsir daha geniş olur. Burda da hər zaman çalışmaq lazımdır ki, əvvəldə qeyd etdiyim 3 şərt ödənsin. Sosial media elə inkişaf etsin ki, bu, insanların fiziki sağlamlığına ziyan gətirməsin. Deyək ki, insanlar sosial medianın təsiri altında fiziki sağlamlıqlarına ziyan vuran fəaliyyətlə məşğul olmasın. Gecə saatlarına qədər sosial mediada aktiv olmaq yuxu rejimini pozur. İnsanların ordan lazım gəldi, gəlmədi məlumat alması onların mənəvi zənginliyinə təsir edir. İnsanlar öz karyerasını qura bilmir. Əməyə yaradıcı münasibət tələbatı ödənmir. Qeyd etdiyim 3 şərt Ahəngyol elmində geniş əsaslandırılıb,  beynəlxalq konfranslarda məruzə olunub və elm nümayəndələri tərəfindən çox müsbət qiymətləndirilir. O məsələlər ki, insanların fiziki sağlamlığı, mənəvi zənginliyi, əməyə yaradıcı münasibət təlabatı-bunlarlardan birinə mane olursa, o, ziyanlıdır. Üçünə də birdən mane olursa, bu, artıq dəhşətli hadisədir".

Sosial mediadan asılılıq, müasir dövrdə geniş yayılmış bir problem olaraq dünya statistikasında da öz əksini tapır. Araşdırmalar göstərir ki, sosial mediadan asılılıq xüsusilə gənclər arasında daha çox yayılmışdır. Ortalama bir insan gündə təxminən 2-3 saat sosial mediada vaxt keçirir. Təəccüblü deyil ki, 18-24 yaş arası gənclər sosial mediadan ən çox istifadə edən yaş qrupunu təşkil edir. 
18-24 yaş arası gənclərin sosial mediadan asılılığı mövzusunda xüsusilə diqqətəlayiqdir, çünki bu yaş qrupu həyatlarının kritik mərhələsindədir və sosial media onların gündəlik həyatına, akademik fəaliyyətlərinə və psixoloji sağlamlıqlarına ciddi təsir göstərə bilər. Bu yaş qrupu şəxsiyyətlərinin formalaşdığı dövrdür və sosial media üzərindəki təsirlər onların kimlik axtarışına və sosial qəbula böyük təsir göstərə bilər. Həmçinin bu yaş dövrü sosial əlaqələr qurmaq və davam etdirmək üçün çox vacibdir. Sosial media bu əlaqələri asanlaşdırsa da, bəzən real həyatda münasibətlərin əvəzinə keçə bilər.
Bəzi qlobal statistikalar və tədqiqatlar, sosial media asılılığının miqyasını təxmin etməyə kömək edə bilir.
2024-cü ildə dünya üzrə 4.7 milyard insan sosial media istifadə edir, bu da dünya əhalisinin təxminən 60%-ni təşkil edir. Sosial mediadan asılılıq tədqiqatlarına görə, istifadəçilərin təxminən 5-10%-i sosial media asılılığından əziyyət çəkir. Bu rəqəm müxtəlif tədqiqatlarda fərqli ola bilər, lakin ümumi ortalama bu nisbətlərdədir.
Asılılıq dərəcəsi əsasən dünya ölkələrinə görə dəyişir. Məsələn ABŞ-də  edilən araşdırmalara görə, gənclərin 40%-dən çoxu sosial media istifadəsini idarə etməkdə çətinlik çəkir.  Bu da asılılığın bir əlaməti kimi qiymətləndirilir. Avropa ölkələrində, xüsusilə də Böyük Britaniyada, sosial media istifadəçilərinin təxminən 12%-i sosial media asılılığı əlamətlərini özündə əks etdirir. Asiyada, xüsusilə də Cənubi Koreya və Çində, sosial media və internet asılılığı yüksək səviyyədədir. Cənubi Koreyada sosial media asılılığı problemi olan insanların sayının 2-3 milyon olduğu təxmin edilir. 
Ümumilikdə, inkişaf etmiş ölkələrdə internetə və texnologiyalara daha asan çıxış mövcud olduğu üçün sosial media asılılığı nisbəti daha yüksəkdir. İnkişaf etməkdə olan ölkələrdə də sosial media istifadəçilərinin sayı sürətlə artmaqdadır. Bununla da asılılıq problemləri daha da artır.
Sosial media asılılığının geniş yayılması və təsirləri səbəbindən bir çox ölkələr və təşkilatlar bu problemi həll etmək üçün müxtəlif proqramlar və müdaxilə strategiyaları hazırlamaqdadır. 
Azərbaycanda sosial media asılılığı ilə bağlı dəqiq statistik məlumatlar olmasa da, keçirilən sorğuları nəzərdən keçirə bilərik. 2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan əhalisinin sosial mediadan istifadə imkanları ilə bağlı rəy sorğusu həyata keçirib. Sorğuda iştirak edən respondentlərə bu mövzuda iki sual ünvanlanıb.
Respondentlərə ünvanlanan "hansı sosial medialardan istifadə edirsiniz" sualına 43,6% "Youtube", "35,8% "İnstagram", 26,5% "Facebook", 25% "TikTok", 6,4% isə "Twitter" cavabı verib. Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. Məsələn, 37,7% kişi respondent "Facebook" istifadə etdiyini söyləsə də, cəmi 15,7% qadın respondent "Facebook" istifadəçisi olduğunu bildirib. Bu göstərici digər sosial medialar üçün də xarakterikdir. Yalnız "İnstagram" istifadəçiləri arasında qadınlar kişilərdən daha çoxdur(37,6% qadın, 34% kişi). Digər sosial media istifadəçilərinin gender göstəriciləri ilə belədir:
"Youtube"- 44% kişi, 43,1% qadın, "TikTok"- 27,7% kişi, 22,3% qadın, "Twitter" - 9,9% kişi, 3% qadın. 
Azərbaycanda da sosial media istifadəçiləri arasında 18-24 yaş aralığında olan respondentlər üstünlük təşkil edib. Məsələn, "İnstagram" istifadəçilərinin 73,9 %-i, "Youtube" istifadəçilərinin 52,2%-i, "TikTok" istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyasından olanlardır. 
Respondentlərə ünvanlanan digər bir sual isə günün neçə saatını sosial mediada keçirmələri ilə bağlıdır. Bu suala cavab verən 42,50% respondent 1 saata qədər, 38,90% 1-3 saat, 9,60% 3-5 saat, 8,60% respondent isə 5 saatdan çox vaxt keçirdiklərini bildirib.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31