Qərbin təxribat cəhdləri və Bakı-Tehran münasibətləri: Qlobal təzyiqlərə baxmayaraq qorunan dostluq – ÖZƏL

"Azərbaycanın xarici siyasətində qonşularla dinc yanaşı yaşamaq prinsipi əsas meyar kimi götürülür və bunun beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən qonşularımızın daxili işlərinə qarışacaq üçüncü tərəfə icazə verməyəcək. Bu siyasət hər zaman əsas götürülür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, qonşularımızdan biri də İrandır. İranla biz əzəli və əbədi qonşuyuq. İranla bizim qardaşlıq münasibətlərimiz var. Orada 50 milyona yaxın soydaşımız yaşayır. Azərbaycan Prezidentinin İranla münasibətlərimizin yaxşı olması üçün apardığı siyasət bu istiqamət üzərində qurulub və İranın ağır günlərində Azərbaycan humanitar, mənəvi və siyasi dəstəyini İrandan əsirgəməyib. Xüsusilə onu qeyd edim ki, İranda hərbi əməliyyatlar aparılan zaman, İranın dini lideri qətlə yetiriləndə Azərbaycan Prezidenti İran səfirliyinə gedərək İran dövlətinə başsağlığı verib. Bu cür hərəkəti heç bir dövlət başçısı etməyib. Azərbaycanla İran arasında münasibətlərin yaxşı olması həm İranın, həm də Azərbaycanın dövlət və milli maraqlarına uyğundur. Çünki İrana qarşı böyük bir beynəlxalq koalisiya formalaşdırılır. Bu koalisiya İranı dünya iqtisadi-siyasi sistemindən təcrid edir. Buna baxmayaraq, Azərbaycanla İran arasında iqtisadi-siyasi münasibətlər qorunub saxlanılır. Hətta 44 günlük Vətən müharibəsi zamanı İran-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün müəyyən təxribatlara da əl atıldı. Ona baxmayaraq, bu münasibətlər qorundu. İranın prezidenti də açıq şəkildə bəyan etdi ki, Azərbaycan İranın ağır günlərində İrana humanitar və mənəvi dəstəyini əsirgəməyib.

"İki dövlət arasında münasibətlərin yaxşı olması hər iki dövlətin dövlət və milli maraqlarına uyğundur. Hətta bildiyiniz kimi, İran ərazisində Araz dəhlizi formalaşmaqdadır. Bu Araz dəhlizi vasitəsilə Azərbaycan İran körfəzinə, oradan isə Hind okeanına çıxmaq şansı əldə edəcək. Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gəlməsi üçün də mütləq şəkildə İran-Azərbaycan münasibətlərinin yaxşı olması vacibdir. Azərbaycan regionda sabitliyin yaranması, regionda problemlərin həlli üçün "3+3" platformasının yaradılmasını irəli sürüb. Azərbaycan Prezidentinin bu ideyası ondan irəli gəlir ki, regiona kənar qüvvələr gəlməsin. Regiona kənar qüvvələr gələrsə, regionda sabitlik pozulur. Bu baxımdan regionda baş verən problemləri region dövlətləri özləri aradan qaldırmalıdır və bunun üçün də "3+3" ideyası gündəmə gətirildi. Hesab edirəm ki, bu platforma hələ də qüvvədədir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni bir siyasi situasiya yaratdı. Bu siyasi situasiya ondan ibarətdir ki, Azərbaycan balanslaşdırıcı siyasət yeridir, qlobal güclərin maraqlarını uzlaşdırır və sabitliyin yaranması ilə əlaqədar Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında məşvərətçi səs hüququ ilə iştirak edir. Bu da ondan irəli gəlir ki, Azərbaycan həm Şərqlə, həm Qərblə, həm Şimalla, həm də Cənubla maraqlarını uzlaşdırmaqdadır. Xüsusilə qonşularla münasibətlərin yaxşı olması regionda sabitliyin yaranmasına da gətirib çıxarır. Bu baxımdan Azərbaycan qonşularımızdan biri olan Ermənistanla münasibətlərin yaxşı olmasının tərəfdarıdır və bununla bağlı praktik addımlar atır. Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycan daim çalışır. Ermənistandan daşınan yüklərin Azərbaycan üzərindən daşınmasına icazə verir. Azərbaycan hər bir qonşusu ilə münasibətlərin yaxşı olmasında maraqlıdır. Bu qonşularımızdan biri də İran İslam Respublikasıdır. Azərbaycan İranla münasibətləri inkişaf etdirmək və mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif dialoq və danışıqlar vasitələrini həmişə gündəmdə saxlayır. Qərbdən bəzi xarici qüvvələr çalışırlar ki, Azərbaycan-İran münasibətlərinə xələl gəlsin. Hətta təxribat xarakterli çıxışların və hərəkətlərin də şahidi oluruq. Buna baxmayaraq, hər iki dövlət başçısının, hər iki ölkə prezidentinin dostluq münasibətləri dövlətlərarası münasibətlərin yaxşılaşmasına gətirib çıxarır", - deyə siyasi şərhçi qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31