Putinin Köçəryana təbriki Paşinyana mesajdır?- Politoloqdan AÇIQLAMA- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryana ad günü münasibətilə təbrik teleqramı ünvanlayıb. Rusiya lideri İrəvanda ağır cinayət işləri çərçivəsində iki aylıq həbsə məkum edilən eks-prezidentə "sınaqlar qarşısında dözümlülük" arzulayaraq ona açıq mənəvi dəstək nümayiş etdirib. 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edən və Moskvaya yaxınlığı ilə seçilən Köçəryan hazırda külli miqdarda rüşvətalma, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin hədəfindədir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

"  Bir növbədə qeyd etmək lazımdır ki, Koçəryanla Putin şəxsi dostlardır və Putin onun addımlarını həmişə təqdir edib. Bu, şübhəsiz ki, şəxsi mahiyyət daşımır.
Belə ki, Koçəryan Ermənistanda Rusiyanın əsas adamlarından biri rolunda çıxış edir və onun təlimatları ilə fəaliyyət göstərir. Və bu gün də Paşinyan hakimiyyətinə qarşı əsas müxalif qüvvələrdən birinə sahibdir və onun müəyyən imkanları da var. Doğrudur, keçən seçkilərlə müqayisədə bu dəfə onun bloku iki dəfə az səs alıb.
O deməkdir ki, Koçəryana Ermənistan cəmiyyətində dəstək ciddi şəkildə azalır.
Putinin mesajına gəldikdə, bunu ilk növbədə bir daha qeyd etmək istəyirəm: bu, Putinin xarakteri ilə bağlıdır və özünə dost saydığı adamın dar günündə yanında olmaq istədiyini, onu unutmadığını nümayiş etdirməyə çalışır.
Şübhəsiz ki, burada müəyyən bir siyasi jest də var. Belə ki, bu təbriklə o, Ermənistandakı Rusiyayönlü qüvvələrə mesaj verir ki, Rusiya sizin arxanızdadır, sizi unutmayıb və sizi dəstəkləməyə davam edir.
Burada həm şübhəsiz ki, siyasi mesaj var, eyni zamanda şəxsi münasibətlər də özünü göstərir. Həm də nəzərə alsaq ki, bu gün Putinlə Paşinyanın görüşünün keçirilməsi nəzərdə tutulurdu, bu, həm də Paşinyana müəyyən qədər təzyiq elementi kimi düşünülə bilər"

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31