Əyalətin təhsil problemi
12 İyul 2024 17:45 SosialAzərbaycanda təhsil keyfiyyəti bölgələr arasında əhəmiyyətli dərəcədə fərqlənir. Paytaxt Bakı və onun ətrafında yerləşən məktəblər, regionlarda yerləşən məktəblərlə müqayisədə daha yüksək təhsil keyfiyyətinə malikdir. Bu fərqlər bir sıra faktorlarla izah edilir, o cümlədən maddi-texniki baza, kadr potensialı, infrastruktura çıxış və sosial-iqtisadi vəziyyət kimi amillər..
Digər tərəfdən isə Azərbaycanda bölgələrdə keyfiyyətli müəllim çatışmazlığı ciddi bir problemdir və bu, təhsil sisteminin inkişafını əngəlləyən əsas amillərdən biridir. Paytaxt və digər böyük şəhərlərdə müəllim kadrlarının keyfiyyəti daha yüksək olsa da, bölgələrdə bu vəziyyət fərqlidir.
Bölgələrdə müəllimlərin maddi təminatı və sosial şərtləri, paytaxt və digər böyük şəhərlərlə müqayisədə daha zəifdir. Bu, ixtisaslı müəllimlərin bölgələrdə işləməkdən çəkinməsinə səbəb olur. Aşağı əməkhaqqı və məhdud yaşayış şəraiti müəllimlərin bölgələrdə çalışmaq üçün motivasiyasını azaldır. Bununla yanaşı, müəllimlərin peşəkar inkişaf imkanları məhduddur. Müəllimlər üçün təşkil edilən təlim və seminarların sayı azdır və bu təlimlərə çıxış çətinlikləri mövcuddur. Bu, müəllimlərin bilik və bacarıqlarının yenilənməsini çətinləşdirir.
Bölgələrdə yerləşən məktəblərin maddi-texniki bazası zəifdir və infrastruktura çıxış məhduddur. Bu, müəllimlərin tədris prosesində çətinliklərlə üzləşməsinə səbəb olur və onların iş şəraitini pisləşdirir.
Bölgələrdə müəllimlərin maddi təminatının və sosial şərtlərinin yaxşılaşdırılması vacibdir. Müəllimlərə daha yüksək əməkhaqqı, sosial təminatlar və mənzil imkanları təqdim edilməlidir. Bu, müəllimlərin bölgələrdə işləmək üçün motivasiyasını artıracaqdır.

Təhsil eksperti Kamran Əsədov:
-Azərbaycanda bölgələrdə keyfiyyətli müəllim çatışmazlığı ciddi bir problemdir və bu problemin həlli üçün bir sıra tədbirlər görülməlidir. Maddi təminatın və sosial şərtlərin yaxşılaşdırılması, peşəkar inkişaf proqramlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi və müəllimlər üçün təşviq proqramlarının yaradılması bu istiqamətdə atılmalı olan əsas addımlardır. Bu tədbirlər, bölgələrdə təhsil keyfiyyətinin yüksəlməsinə və ölkə üzrə bərabər təhsil imkanlarının təmin edilməsinə kömək edəcək.
İlk növbədə qeyd edim ki, ucqar kənd və qəsəbələrə gedən müəllimlərə mükafat, yaxud həvəsləndirici imtiyazların verilməsi işləmək üçün kəndi seçənlərin sayını artırıb, amma hələ də əksər bölgədə müəllim çatışmazlığı var.
Xatırladım ki, orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilsə də, hələ də ucqar kənd məktəblərində müəllim çatışmazlığı problemi qalır. Araşdırmalara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə digər fənni də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür, şagirdlər və valideynlərin narazılığı yaranır: İstər Bakıda, istərsə də bölgələrdə rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur. Hətta Lerik, Yardımlı, Quba, Qusar, Xaçmaz və Şamaxının kənd məktəblərində xarici dil fənni üzrə müəllim çatışmazlığı illərdir davam edir.
Qüvvədə olan qanunvericilik aktlarına görə deyim ki, rayon mərkəzindən 20 kilometrə qədər məsafədə yerləşən kənddə işləyənlərə əlavə həvəsləndirici mükafat olaraq 60 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə vergi və digər ödəmələr çıxdıqdan sonra 141 manat ödənilir. Beləliklə, 10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır. Bu isə çox vaxt müəllimə sərf etmir.
Amma hələ də kəndlərə Azərbaycan dili, ədəbiyyat, yaxud tarixdən fərqli olaraq riyaziyyat, kimya, fizika və digər texniki fənləri üzrə müəllim çatışmır. Bunun isə bir neçə səbəbləri var.
Kənd məktəblərində dərs saatı 8 saatdır, üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir, onların isə iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır.
Hesab edirəm ki, regionlarda müəllim matışmazlığını aradan qaldırmaq, yeksək bal toplayan gənc müəllimləri regionlara cəlb etmək üçün bölgələrdə çalışan müəllimlər kommunal xərclərdən azad etmək, cəbhəyanı ərazilərdə işləməyə gedənlərə isə əmək haqqını ikiqat vermək lazımdır.

Təhsil eksperti Rizvan Fikrətoğlu:
-Gəlin, məsələni belə şərh edək. Əhali axını necə formalaşır? Əhali axını daha çox böyük, infrastrukturu yaxşı olan şəhərlərdə olur. Məsələn, Bakı ilə Yevlaxı və yaxud da Yardımlını və s. necə müqayisə edə bilərik? Bəyəm bunlar inkişaf baxımından eyni səviyyədədir? Xeyr. Deməli, inkişafın da bir ucu gedib təhsilə bağlanır. Adətən inqilablar paralel baş verir. Məsələn, bir şəhərdə ədəbiyyatda inqilab baş verirsə, bu digər sahələrə də yansıyır. Hamı Bakıya gəlmək istəyir. Hər hansı bir məktəbdə vakansiya verilirsə, yüksək bal yığan əksəriyyət Bakını yazır. Kompetensiyası, bilik səviyyəsi yüksək olan müəllim gəlir, Bakıda işləyir. Təhsillə bağlı belə müxtəlif yarışmalar əsasən, paytaxtda olur. PİSA qiymətləndirilməsi Bakı məktəblərindən seçilir. Elə yarışlar var ki, orada ancaq Bakı məktəbinə üstünlük verilir. Bax, bu nə deməkdir? Bu o deməkdir ki, Bakı məktəbləri daha öndə, daha önəmlidir. Məsələn, zəif bal toplayan müəllim Lerikin hansısa nəqliyyat əlçatanlığı belə olmayan ucqar kəndini seçir. Biz ora güclü müəllim qoysaq belə, yenə də zəif şəraitə uyğunlaşacaq. Ortada nə baş verir? Tədrisin zəif olması. Adi məsələn bir hazırlıq kursu düşünək. Həmin hazırlıq kursunun Bakıdakı uşaqlarına nəticəsi ilə hər hansı bir rayondakı nəticəsini müqayisə etsək, ortada böyük bir fərq görərik. Halbuki kurs eyni kursdur. Lap elə buradakı müəllimləri sən regiona göndərsən də, yenə də təxminən eyni bir nəticə alacaqsan. Məncə, şəraitin, keyfiyyətin zəif olması infrastrukturdan, mövcud şəraitdən də asılıdır. Həmin rayonun, həmin regionun şəraiti necədirsə, onun uşaqlarının bilik səviyyəsinə uyğunlaşır. Bir ifadə var, deyir ki, cəmiyyət necədirsə, onun jurnalisti də elə olmalıdır. Onun hərbçisi də, müəllimi belə olmalıdır. Təxminən buna uyğundur ifadə. Sadəcə, bu gün elə regionlar var ki, orada həqiqətən də infrastruktur çox aşağı olduğuna görə keyfiyyətli təhsil vermək də mümkün olmur. Və yaxud da ki, elə yerlər var ki, ora müəllim gedib çıxa bilmir, bu səbəbdən kompetensiyası zəif olan müəllimləri ora işə götürürlər. Müəllimlərin işə qəbulunda birinci yüksək ballar yer tutur və daimiləşir. Sonra isə müvəqqəti işçi götürürlər. Bu müəllimlər də müvəqqəti orda işləyir. Müəllimlərin tez-tez dəyişdirilməsi və s. bunlar hamısı şagirdlərə neqativ təsir edir. Çünki müəllimin tez-tez dəyişilməsi, ona bilik səviyyəsi aşağı olan müəllimlərin dərs deməsi, istər-istəməz o uşaqlarda zəif bir bilik formalaşdırır. Bunun nəticəsini qəbul imtahanlarında görürük. Hətta imtahanlarda görürük ki, 11-ci sinif şagirdi oxuma, yazma bilmir, hərf tanımır. Bakıda belə uşaqlar olmur. Demək olar ki, bu rayonlarda ucqar kəndlərdə baş verir.
Zeynəb Rzayeva