Sosial problemin qanunvericlik səviyyəsində həll olunması-Qohum evliliklərinin ləğvi
14 İyun 2024 17:00 SosialYüz illərdir əmi, xala, bibi, dayı uşaqları gələcəkdə qarşılarına çıxa biləcək problemləri fikirləşmədən ailə həyatı qururdular. Bilinən ən böyük problem bu cür evlilikdən doğulan uşaqların böyük təhlükə ilə üzləşə bilmə ehtimalıdır. Genetikada olan xəstəliklərin uşağa ötürülməsi ehtimalının yüksək olduğu bu evlilik formalarında ölü doğuş səviyyəsi normal evliliklərlə müqayisədə 2 dəfə yüksəkdir. Eyni zamanda bu evlilik formaları qüsurlu doğuş riskini də artırır. Qohum evliliyindən doğulan uşaqların ölü və ya xəstə doğulması halı cəmiyyət üçün heç də faydalı deyil. Yəni qohum evlilikləri ümumillikdə cəmiyyət üçün təhlükə doğuran sosial problemdir. Bu məsələ demək olar ki, hər il müzakirə olunan məsələlər sırasına daxildir. Cəmiyyətin fərdlərinin də bu mövzuda münasibətləri bir-birindən fərqlənir. Bir qisim əmi, xala, bibi, dayı uşaqlarının qardaş-bacı hesab olunduğunu bildirirək bu cür qohum evliliyinə qəti şəkildə qarşı çıxırlar. Bir qisim isə xalq dili ilə desək, özgə yerdən qız almaq, özgə yerə qız vermək istəmirlər.
12 mart 2024-cü ildə keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə də bu məsələ ilə bağlı bir çox fikir səsləndirilmişdi.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin digər sektor müdiri Araz Poladov qohum evliliklərinin qarşısının alınmasının maarifləndirmə ilə mümkün olmadığını və dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar olduğunu bildirmişdi.
"İnkişaf etmiş cəmiyyətlərdə qohum evliliklərinin səviyyəsi çox aşağıdır. Ona görə ki, bu cür cəmiyyətlərdə bu məsələyə dövlət nəzarəti var. Qohum evliliyi sosial problem olsa da, qanunvericlik səviyyəsində həll olunması mümkündür. Bunun da çıxış yolu üçüncü-dördüncü dərəcəli qohumluğun yaxın qohumlar siyahısına daxil olunması və bununla da qohum nikahlarının qadağan edilməsidir".
Hazırda Azərbaycanda qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsi barədə Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Yəni bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha girməsi qadağan edilir. Eyni zamanda, rəsmi nikaha girmədən dini nikah bağlayanlar da qanundankənar hesab olunacaq və kəbin kəsdirənlər cərimələnəcəklər.
Bəs, bu qərar cəmiyyət tərəfindən necə qəbul olunacaq?
Azərbaycan Universitetinin müəllimi, sosioloq Asif Bayramov qeyd edir ki, dövlətin gələcəyini müəyyən edən ən ciddi faktorlardan biri cəmiyyətin demoqrafik aspektidir:

"Günümüzdəki reallıqlar fonunda dövlətin prioritet məsələlərindən biri də cəmiyyətin bütövlükdə həm mənəvi, həm də fiziki sağlamlılığının qorunması problemləridir. Çünki dövlətin gələcəyini müəyyən edən ən ciddi faktorlardan biri cəmiyyətin demoqrafik aspektidir. Təsəvvür edin ki, əhalisinin ümumi sayı iki milyona çatmayan Ermənistanla, əhalisinin sayı on milyonu keçmiş Azərbaycan cəmiyyəti arasında illik uşaq artımı təxminən bərabərdir. Yəni bu gün Azərbaycan cəmiyyəti əslində demoqrafik böhran içərisində vurnuxur və onu bu faciədən xilas etməyin yolları haqqında düşünmək ilk öncə milli hökumətin vəsifəsi, daha sonra hər bir şəxsin milli-vətəndaşlıq borcudur.
Azərbaycan xalqının çoxəsrlik ailə institutu son bir neçə on ildə sürətlə deqradasiya olunmaqdadır. Bu prosesin özünəməxsus sosial-iqtisadi, mənəvi-psixoloji və s. bu kimi aspektləri mövcuddur. Belə təhlükəli tendensiyalardan biri də qan qohumluğu üzərində qurulan ailələrdir. Çünki qan qohumluğundan dünyaya gələn körpələr öz valideynlərindən, əvvəlki nəsillərlə müqayisədə, heç bir yeni gen əldə edə bilmirlər. Əksinə, onların qədim əcdadlarına məxsus təhlükəli resessiv genlərinin (fiziki, mənəvi, intellektual qüsur və əlillik kimi) yeni döldə dominant genə çevirilmə ehtimalı olduqca artır və nəticədə dünyaya istər xəstəliklər qarşısında potensial olaraq zəif olan, istərsə zehni-koqnitiv imkanları məhdud olan bir nəsil doğulur.
Genetika bir elm olaraq qan qohumluğu üzərində qurulan ailələrin gələcək nəsil qarşısında yarada biləcəyi fəsadların bütün aspektlərini fundamental səviyyədə araşdıraraq ictimaiyyətə təqdim etmişdir. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində bu təhlükənin qarşısını daha uğurla almaq üçün elmi maarifləndirmənin yeni formaları tətbiq olunmalıdır. Bunun üçün həm orta ümumtəhsil ocaqlarında, həm də ali təhsil müəssisələrində bu mövsuya həsr olunmuş seçmə fənlərin tədris olunması zəruridir.
Bu gün Azərbaycan hüquqi dövlətdir və bütün sosial proseslər əsasən qanun üzərində tənzimlənir. Bu fonda dini şüurun hər hansı elementinin ictimai şüurda qabardılması yalnız dinin meydanının genişlənməsinə xidmət etmiş olar. Odur ki, Azərbaycan cəmiyyətində nigahın bir alternativi statusunda kəbinə də yer verilməsi yalnız hüquqi baxımdan tam əsaslandırılmış qanunlarla tənzimlənə bilər. Digər tərəfdən, hüquqi dövlətdə bəzi dini normalara hüquqi statusun verilməsi sosial baxımdan yalnız ziddiyətlər doğura bilər.
Ümumiyyətlə, qan qohumluğu üzərində ailənin qurulması prosesinə sədd qoyan hər bir qanun yalnız cəmiyyətin xeyrinədir. Bu, ən azından, hər il dünyaya gələcək yüzlərlə körpənin xilası demək olardı".
Qiymət Mahir