Dəyişən dünyada yeni müəllim
14 İyun 2024 11:14 SosialKamran Əsədov:Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil
Bu il iyun ayının 8-də təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib.
İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Bu barədə təhsil eksperti Kamran Əsədovun fikirlərini aldıq:

-İlk növbədə qeyd edim ki, sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun müəllimlərin əmək haqqını müəyyənləşdirən bir qaydadır. Əlbəttə, Azərbaycan təhsil sistemində bu gün kifayət qədər müəllim var. Təkcə bizim 4430 orta ümumtəhsil məktəbində 150000 müəllim çalışır. Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfərbər edən və yaxud da passiv olan müəllimlər eyni əmək haqqı alırlar. Amma sertifikasiya mütləq şəkildə çalışqan müəllimlərlə digər müəllimləri fərqləndirməyə imkan verən bir prosesdir. Əlbəttə ki, 2022-ci ildə bu proses başlayanda biz gözləyirdik ki, hər bir fənn üzrə minimum 10, 12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Çünki buna qədər 2014, -18-ci illərdə keçirilən diaqnostik imtahanlar bilavasitə bunu deməyə əsas verir ki, çox təəssüflər olsun ki, müəllimlər öz üzərlərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş, təhsili irəlidə olan ölkələrində sertifikasiya həyata keçirilir. Yəni burada müəllimin bacarıqları yoxlanılır, sertifikasiya isə əlbəttə, indiyə qədər keçirilən bütün qiymətləndirmə arasında ən fərqlisidir, ən alisidir və bu sertifikasiya imtahanı ləğv olunmayacaq. Bildiyiniz kimi, artıq sertifikasiya imtahanı nəticəsində dörd minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, biz bu insanların yenidən təhsil sistemində işləmək hüququnu məhdudlaşdırırıq. Bu, belə deyil. Sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ vasitəsilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddət ərzində öz üzərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa, onlar yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə, digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri var, bilikləri var, onlarda bacarıqları var və əlbəttə ki, bu, birmənalı şəkildə onlara yenidən təhsil sistemində işləmək icazəsi verilir. Birmənalı şəkildə 20, 30 illik müəllim stajı olan kadrların sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür. Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır ki, dünyada yenilik baş verir. Pandemiyadan sonra daha yüksək ixtisaslı, ixtisasını, şagirdlərlə işləməyi bilən müəllimlər lazımdır. Yəni biz bu məsələyə heç də elə baxmayaq ki, biz 4000 insanı itirdik. Xeyr, biz onların yerinə 4000 daha hazırlıqlı, bacarıqlı, gənc, enerjili şəxsləri MİQ-dən daxil edəcəyik. Kimsə desə ki, gənclər sinfi idarə edə bilmirlər, bu yanlışdır. Bu ümumi bir şey, biz o gənclərə də şans verməliyik. Həmin insanlar 20 ,30 il təhsil sistemində çalışıblar. Ən azından həmin dərslikləri 20-30 dəfə təkrarlayıblar. İllər ərzində dərsliklər dəyişsə də, mövzu dəyişməyib. Azərbaycan dilində nə fonetika dəyişib, nə isim dəyişib, nə sifət dəyişib və yaxud ibtidai sinif proqramında heç nə dəyişməyib. Yəni bizim sertifikasiya cəlb etdiyimiz müəllimlərə heç də fərqli bir sahədən test tapşırıqları təqdim etməmişik. 20 il, 30 il, hər il onların uşaqlara öyrətdiklərindən suallar salmışıq. Təsəvvür edin, bu müəllimlər hər il məhz imtahan olunduqları mövzudalardakı suallardan özləri dərs deyirlər. Uşaqlara KSQ-lər, BSQ- lər hazırlayırlar. Bu o deməkdir ki, həmin müəllimlərin özlərinin dərs keçib, maaş aldıqları dərsdən, paraqraflardan suallar salınıb və onlar çox təəssüf ki, 0-29 bal arası toplayıblar. Bu yaxşı nəticə deyil. Əlbəttə, biz onların yanındayıq, biz demirik ki, həmin müəllimlər sistemindən tamamilə uzaqlaşdıracaq. Dünyada bu təcrübə var. Hətta dünyanın müxtəlif ölkələrində daha sərt qaydalar var, Azərbaycan humanizm nümayiş etdirdi, keçən il kəsilənlərə bir şans verdi ki, öz üzərinizdə çalışın. Təsəvvür edin, təkrar sertifikasiyaya gələnlər, yəni bir il ərzində onlar öz üzərlərində işləməlidilər çalışmalı idilər. Amma nə baş verdi? Birmənalı şəkildə biz həmin müəllimlərin üzərlərində çalışmadığını gördük. Onlar əyri yollara əl atmağa cəhd edirlər, kimlərisə tapırdılar ki, bəlkə bizə qiymət yazacaqsınız bal yazacaqsınız, bu yaxşı yanaşma tərzi deyil. Yəni bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaq ki, onlar uşaqlara dərs keçsinlər. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstünlük deyil. Bu gün bizim müəllimlərimiz 1,6000000 şagirdə dərs deyirlər. Bu o deməkdir ki, həmin dörd minə yaxın müəllim nə qədər şagird yetişdirib. Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik. Uşaqlarımızın göstəricilərindən narazılıq edirik. Çünki onlara dərs deyən müəllimlərin özlərinin kompetensiyaları yüksək deyil. Təsəvvür edin ən strateji iki ixtisas var: ibtidai sinif müəllimliyi, yəni uşaqların təməlini qoyanlar və onlara öz ana dilində oxumağı, yazmağı öyrədən Azərbaycan dili, ədəbiyyat müəllimləri. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların müəllim olaraq dövlət məktəblərində qalmağında maraqlı olmamalıyıq. Amma onlar növbəti ildən etibarən hamı kimi MİQ imtahanına girə bilər, müsabiqə şərtlərini ödəyib təkrar gələ bilərlər. Yəni heç kim onları sistemdən məcburən uzaqlaşdırmır. Artıq dünya dəyişib. Pandemiyadan sonra bizə daha yüksək bacarıqlı mütəxəssislər, müəllimlər lazımdır. Bütün sahələrdə müsabiqələr, müsahibələr var. Amma onlar humanizm prinsipindən yararlanmadılar. Onlar digər yollarla çalışırdılar ki, məsələni həll edə bilsinlər. Əlbəttə ki, 20-30 ilin müəllimi özünün tədris etdiyi, özünün öyrətdiyi fənndən suallara cavab verə bilmirsə, hesab edirəm ki, bu yaxşı məsələ deyil. Əlbəttə, heç bir halda onların sertifikasiyası dayandırılmayacaq, sertifikasiya imtahanları ləğv olunmayacaq. Bu proses davam etməlidir. Növbəti illərdə daha çətin, daha da sərt olmalıdır ki, biz daha yüksək peşəkar müəllimləri sistemdə saxlayaq. Çünki müəllimlər öz üzərlərində çalışmırdı. İlk dəfə 2014, 2018-ci ildən sonra onlar oxumağa başladılar. İndi isə sertifikasiyadan sonra öyrənməyə başlayıblar. Təsəvvür edin, müəllimlər uzun müddət ərzində dərs dedikləri fənlərin sadəcə paraqraflarınıb adlarını Jurnala yazırdılar. Keyfiyyətli tədris təşkil olunmurdu. Sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına, uşaqların daha yüksək bilik və bacarıq əldə etməsinə gətirib çıxaracaq. Çünki onlarla daha peşəkar müəllimlər çalışacaqlar.
Zeynəb Rzayeva