Ərköyün böyüdülən uşaqlar

Valideynlər ən çox ilk doğulan və ya yolunu çoxdan gözlədiyi övladlarına qarşı davranışlarında sərhəd saxlaya bilmir və yalnız uzun müddət keçdikdən sonra sonra öz elədiyi səhvləri anlamağa başlayırlar.  Ailədə nəyin doğru, nəyin yalnış olduğu haqda uşaqların məlumatı olmadığı üçün ərköyün uşaqlar müəyyən qaydalara riayət edə bilmirlər.
 Valideynlər inanırlar ki, kiçik yaşlarda uşaqlara hər şeyin ən yaxşısını və onların istədiyi hər şeyi vermək lazımdır. Lakin nəsillər dəyişir və vaxt keçdikcə uşaqların tərbiyəsində "yox", "olmaz" sözü getdikcə unudulur.
Övladlarımızı ərköyünləşdiririk, bəs gələcək üçün şəxsiyyət yetişdirə bilirikmi?

Sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, indiki vaxtda gənclərin lazım olan səviyyədə formalaşması üçün vacib olan işlər görülmür:

"Bir vaxtlar sovet cəmiyyətində sovet ideologiyasına, təhsil, tərbiyəsinə uyğun olaraq dövlət özü bu sahədə böyük rol oynayırdı. İndi isə dövlətin rolu yüksək səviyyədə deyil. Biz hər zaman çalışmalıyıq ki, yeni nəsil keyfiyyətli nəsil olsun. Bunun üçün təklif etdiyim, dünyada uğurla yayılmaqda olan "Ahəngyol" (Ahəngyol - dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiya) elminin testləri var. Çalışmalıyıq ki, gənclərimiz fiziki cəhətdən sağlam olsunlar, öz fiziki sağlamlıqlarının qeydinə qala bilsinlər. Bacarıq qədər mənəvi zənginlik də önəmlidir. Mənəvi zənglinləşmələrinə istər valideyn, istər dövlət olaraq yardım etməliyik. Bütün gənclərdə əməyə yaradıcı münasibət tələbatının artmasına çalışmalıyıq. Bu nə deməkdir? İnsan gördüyü hər işi davam etdirə bilmək gücünə sahib olmalıdı. Bu gün bir əşya hazırlamaq istəyirsə, sabah ondan da gözəlini hazırlamaq istəsin. Yemək bişirmək istəyirsə, sabah daha gözəlini bişirmək istəsin. Öz əməyinə yaradıcı münasibət tələbatı artsın. Bu "ahəngyol" elminin tamamilə əsaslandırdığı və beynəlxalq aləmdə də müsbət rəy aldığı mövqedir. 
Uşağı ərköyünləşdirmək bu məsələyə birtərəfli yanaşmaqdır. Uşaq ərköyünləşəndə saydığım amillər yaddan çıxır. Hər hansısa istəyi, arzusu ola bilər. Elə bir arzusu olar ki, onu yerinə yetirəndə fiziki sağlamlığına, mənəvi zənginliyinə, əməyə münasibətinə də ziyan dəyə bilər. Biz yeni nəsilə nə ediriksə, bir meyarımız olmalıdır. Dediyim üç amil qarşılıqlı olaraq bir-birini tamamlamalıdır. Belə olanda gənclərin beyni də gözəl işləyir və özü öz həyatını daha yaxşı qurur. Əks halda ərköyünləşdirməyin sonu həm qız, həm oğlan uşağı üçün pis bitir. Gənclərin inkişafı, təlim-tərbiyəsi ilə bağlı platformamız olmalıdır. Bu platformanı biz hazırlamalıyıq".

Psixoloq-konsultant Zeynəb Əyyubova hansı davranışların uşaqda ərköyünlüyə yol açdığından danışdı:

"Bir uşaq xoşbəxt mühitdə böyüyərsə, normal psixologiyaya sahib uşaq olar. Uşaq döyülməsə, söyülməsə, şiddət, travma görməsə, heç bir halda problem yaşamaz. Bəs, uşağı ərköyünləşdirən davranışlar hansılardır? 
Uşağın hər dediyini vermək, hər istədiyini vermək, "yox" kəlməsini eşitməməsi, lazımlı ya lazımsız hər istəyinə hər iki valideynin "hə" deməsi uşaqların ərköyünləşməsinə yol açan davranışlardandır. Həmişə praktikamızda qarşımıza çıxır ki, hər şeyi əldə edən uşaq yeniyetmə dövründə ilk "yox"u bir qızdan yaxud oğlandan alanda, bu, onun üçün pis yollar da aça bilir. Bir uşağı şəxsiyyət kimi formalaşdıranda ona yolları və həll yollarını da öyrətmək lazımdır. Uşağın psixologiyasında yaxşı təsir qoymaq istəyiriksə, mütləq şəkildə uşağa qaydalar, davranışlar, valideyn nəyi niyə etdiyini uşağa izah etməlidir. Demokratik ailələrdə əsasən anadan və ya atadan asılı olan uşağın sərhədləri olmalıdır. Ərköyün uşaqlarda ədatən bu sərhədlər olmur. Bəzən biz, uşağa özgüvən verməklə ərköyünləşdirməyi səhv salırıq. Uşaq istədiyi yerdə istədiyi adama hər şeyi deyə bilir. Ona görə də uşağı normal psixologiyada böyütmək üçün orta xətti tutmaq lazımdır".

Psixoloq Minarə Səbzəliyeva qeyd edir ki, heç bir uşaq ərköyün olaraq doğulmur:

-Araşdırmalar göstərir ki, Birbirindən fərqli yetişdirmə tərzinə sahib bir evdə böyümüş uşaqlar gələcək dönəmlərdə daha qaydaları pozan, sərhədlərə uyğun olaraq davranmayan, başqalarının sərhədlərini və öz sərhədlərini doğru müəyyənləşdirməyən güzəran dili ilə desək "ərköyün uşaq" ola bilər. Əslində heç bir uşaq ərköyün olaraq doğulmaz, sadəcə zamanla valideyn və ya qəyyumların davranışları və övladları ilə münasibətləri onları ərköyün edə bilər. 
Bir sıra məqalələr və uşaq psixologiyasına aid kitablara istinad etdiyimiz zaman görə bilərik ki, övladlarının ərköyün olmasını istəməyən valideynlərin aşağıdakı nüansları övladları ilə münasibətdə nəzərdən keçirməsi və tətbiq etməsi, qəbul etməsi daha məqsədəuyğundur:
-Övladlarının yaşlarına uyğun sərhədlər qoyun. 
-Önəmli qaydalar barəsində işbirliyi etməyini istəyin. 
-Övladınız ağlaya bilər. 
-Qəzəb partlayışlarının sizin üzərinizdə işə yaramasına icazə verməyin. 
-Keyfiyyətli zaman keçirdikdə disiplini gözardı etməyin. 
-Gözləməyi öyrədin. 
-Yaşamında baş verən normal çətinliklərlə mübarizəni onun əlindən almayın. 
-Başqalarına hörmət qaydaları, cəmiyyət və toplumda xüsusi etik qaydaların tətbiq edilməsinin önəmini vurğulayaraq nəzakətli olmağı öyrədin. 

-Bəs, nə zaman mütəxəssis yardımına ehtiyac duyula bilər?

-Disiplin və tərbiyyə mövzusunda həyat yoldaşları arasında sıxlıqla problem yaşanırsa, qərarlar qərarlı şəkildə tətbiq edildiyi halda 2 ay sonunda hər hansısa bir irəliləyiş olmadısa, övladınızla bağlı qayğı və narahatlıqlarınız varsa, bir mütəxəssisdən daha doğru yolu göstərəcək yardım almaq daha yaxşı nəticələrə nail olmağa gətirib çıxarma ehtimalı daha yüksəkdir.
Qəzəbini, aqressiyanı kontrol edə bilməyən uşaqlar qəzəbini yetkinlərdən öyrəndiyi üçün valideynlər ilk növbədə valideynlər öz qəzəbləri ilə kontrol altında mübarizə aparmalı və onlara müsbət bir rol model olmaları önəmlidir. Evdə izlənilən şiddətə yönümlü televiziya proqramların diqqət edilməli, uşaq əsəbləşib, dağıdıcı davranışlar etdikdə isə onun üçün çox maraqlı olan aktivliklərə sərhəd qoymalı, onunla bu barədə danışmalısınız. Nümunə üçün oyun vaxtı öz dostuna vurması və sizin də onu oyun oynadığı mühitdən uzaqlaşdırmanız daha yaxşı mübarizə mexanizmi olaraq bilinir. Bu situatsiyada uşaq aqressiv də dağıdıcı olacaqdır.
Övladı sussun, ağlamasın, vurmasın deyə bir şeylər əldə edərsə, bu davranışı möhkəmlənməyə başlayır. Bu situatsiya isə mənfi davranışları möhkəmləndirir. Reaksiyasız qalmaq və həmin mühitdən uzaqlaşdırmaq isə mənfi davranışı söndürür. Bunu  unutmamalıyıq ki, uşaqlar qəzəb yaradan situaysiyaları ilə mübarizə aparmaqda çətinlik çəkdikdə aqressiya yaradan situatsiyalar yarandığı zaman qəzəb partlayışları yaşayırlar. Bu nümunə həmdə çox əngəllənən və hər istədiyi edilən uşaqlarda da ortaya çıxar. Şiddət və dağıdıcı davranışların ortaya çıxmasına səbəb olan faktorların öncədən qarşısı alınmalıdır. Ona qəzəb və dağıdıcı davranışları göstərdiyi anda məsafəli davranmalısınız, amma küsməməlisiniz. Küsmək həm həll yolu gətirməz, həm də ünsiyyəti blok edər. 

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31