“İmamverdi İsmayılov deyir ki...”

Mintac Elsevər yazır...

...O deyir ki "Böyük Yaradan kimi necə sevməyi və necə qorumağı  heç kimlə məsləhətləşmir. Taleyi və qisməti də biz bölüşmürük deyir. O, hər kəsə layiq və qadir olduğu qədər verilir. Dərd dərd çəkənin, ağrı ağrı çəkənindir." qənaətindədi...
Haqqında hazırladığımız sənədli filmlə bağlı Zəngilana yollandıq. Yol dediyin də uzandıqca söz-sözə calanar, söhbət söhbəti çəkər, bir də görərsən illərdi axtardığın həmsöhbətini tapmısan həm də. Beləcə filmin mətn ssenarisi yazıldı, beləcə otuz ildir öz sambal və siqləti, çəkisilə siyasi arenada olan, ədəbiyyatımızın da tamarzı qaldığı təbii və fitrət dolu yazıçıyla, İmamverdi İsmayılovla daha yaxından tanış oldum.  
        Bu gün İmamverdi İsmayılovun doğum günüdü. Bilmirəm, özü bundan nə qədər razıdır, amma məncə, razıdır. Çünki Tanrı yazan ömrü faydasız yaşamayıb. Detallara varmayacam, ancaq bir neçə ay sürən film çəkilişlərimiz boyu bu fikirimin təsdiqini dönə-dönə gördüm. Bu yazı da kiçik əlavələrlə həmin filmdəki düşüncələrimin təkrarıdı. Bəzən təkrara ehtiyac çox böyük olur. İmamverdi müəllim də elə əslində təkrar qayıdılası İnsandı...  
*****
Həyatda hər nəsnənin səbəbi var. Elə indi dediyim sözlərin də. Hazırkı mövqeyindən asılı olmayaraq mənim yaddaşımda, ruhumda yalnız və yalnız yazıçı simasıyla qalan qəhrəmanım!  İlk söhbət, ilk polemikadanca haqqında yazmağa dəyər, barmaqlarımı zərblə klaviaturaya vurmağa, ya da qələmi ürəyimcə barmaqlarım arasında boğmağa dəyər dedim. Axı istəmədən, xoş- naxoş səbəblərdən haqqında yazdığımız o qədər kəslər var ki. O isə mənim aləmimdə üfüqlərdə gizlənən qənimətlərdəndi. Ad və soyadında müqəddəslərdən bir parça daşıyan, ömrünü də beləcə yaşayan yazıçı, jurnalist, millət vəkili, Şöhrət ordenli dəyərli aydınımız İmamverdi İsmayılov!   

       
   Əvvəllər də ona baxanda köklü-köməcli daş ağac təsiri bağışlayırdı mənə. Sanki əsrlərdi susmuş qoca çinar kimi. Niyəsini isə onun "Ocaq daşı" kitabını oxuduqca daha dərindən duydum. Bu roman İdirisin, dolayısıyla həm də İmamverdi İsmayılovun öz hekayəsi idi. Əzablı, çətin amma daha çox da qürurlu hekayəsi. Və ən qəribəsi də İdrisin üzündən axan isti qanın açdığı əzablar məhrəm gəldi. Bəlkə də elə bu məhrəmlik idi ki, söz-söz, sətir-sətir, cümlə-cümlə xatirələri caladı biri-birinə. Bu sadəcə xatirə də deyil, bu daha çox erkən yaşında acı taleyin üzünə dik baxan və çilələrə dözən adamın unudulmayan gerçəyidi. O adam ki, romanlarında, hekayə və povestlərində yanan ürəyinin çırtıltısını eştmək olur.   
Zənnimcə o, dünyanı ürəyindən sallayıb gəzən adamlardandı.  Əks halda bir adam niyə bu qədər hər yerə baş çəksin, hər kəsə gərəkli olmağa çalışsın ki? Ya da, uzun illərin uzağında qalan hər xırda xatirəni yada saldıqca gözləri səyrisin həsrətindən, yanğısından. Sonra da istini bəhanə gətirib gözlərinə ağırlıq edən kipriklərinin yaşını silsin?.. Zəngilanda, doğma Vənədlidə olarkən də dəfələrlə bu hala girdi. Gözümüz önündə açılan xarabalığa baxıb bir zamanların gözəlliyindən danışmaq asandımı məyər?.. O sadəcə söz demirdi, dediyi sözlərlə bərabər özünü də dara çəkirdi sanki. Bu həqiqət viran olan ata yurdundan qalar-qalmazla ilk görüşdə aydın görünürdü. Çəkdiyi ahlardan sinəsi quruyan doğma Vənədli kəndi... Uzun illərin ayrılığından sonra onun qurumuş sinəsinə ilk dəfə ayaq basan bu sərv boylu kişinin ağır-batman addımlarını seyr etmək heç də asan deyildi. Çiynindəki də pencəyi yox, illərin qəm çuxasıydı elə bil. Dərdli baş, ağrılı ürək ağır olar. Hər doğma bildiyin, hər dost deyib, hər sevgili sandığın kəsin çiyni qaldırmaz bu başı. Ömrün fəsilləri kimi dəyişər insan. Bir də görərsən, yazda qış kimisən, donursan...  Amma Tanrının da mərhəməti o qədər böyük, səxavəti elə çoxdu ki, bir gün mütləq mükafatını verər, ağrı-acını unutdurar. 
Akademik Nizami Cəfərov yazır ki, "İmamverdi İsmayılov o yazarlardandır ki, onun əsərləri xalq dilinin, ədəbiyyatının, mənəviyyatının ox dərin qatlarından gəlir, o dərin və son dərəcə münbit qatlardan ki, keçən əsrin əvvəllərində Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn Mir Cəlal gəlmişdilər. İmamverdfi İsmayılov bir tərəfdən böyük ədəbiyyata ədəblə, istedadla, ideya-estetik məsuliyyətlə varislik edir, digər tərəfdən, dövrümmüzün, zəmanəmizin, hətta günümüzün sosial, siyasi, psixoloji mənzərəsini bütün miqyası, naturası və təfərrüatı ilə əks etdirməklə müasirimiz olduğunu hər yazısında inamla özü də böyük ustalıqla nümayiş etdirir." 
           Hörmətli akademikimizin fikrilə razılaşmaq cəsarətini özümdə tapıb,  keçmişə həsəd, indiyə təəssüf hissi və İmamverdi İsmayılovun "Əzrayıl" povestindən bir parçanı xatırlayıram. Və deyim ki, həqiqətən də bu çəkidə ədəbiyyat nümunələri yaratmaq üçün ideal ədəbiyyat adamı, həssas oxucu olmaq mütləqdir... 
          "Vaxta-vədəyə baxmamışdı illər. Onun üzündə, saçında əl gəzdirmişdi, dövran başına qara gün açıb qara yaylıq bağlamışdı, dərddən bəlğəm bağlayan sinəsi bulaq gözü təki açılmışdı. Üzündə elə bir təbəssüm vardı ki, indicə ağlayacaqdımı, güləcəkdimi - bunu ona bu üzü urcah eləyən tanrı bilirdi."                
 Qəribə adamdı İmamverdi İsmayılov. O həm danışır, həm də susur. Danışanda çox və koloritli, susanda da bərk susur... Tələssən də darıxmırsan, yorulmursan onu dinləməkdən. Bu qənaətimin mahiyyətini isə Zəngilan səfərindən sonra anladım. Onun səsindən torpaq səsi gəlirdi. Torpaq insanın həm əvvəli həm də sonudu. Həmişə üzü səmaya baxar. İnsan dediyin də ovuc içi boyda ürəkdən, bir andaca göylərə meyl edəcək ruhdan asılıdı. Hər an ürək dayana, ruhumuz göylərə meyl edər. Demək ki, insan oğlu bir torpağa bir də göylərə sədaqətli olsa yaxşıdı. Mənim qəhrəmanım da ki, göy havalı, torpaq səslidi. Bu gedişlə sədaqətiniz əbədi olacaq dəyərli İmamverdi müəllim!   
          İnsan oğlu bir ömür özünün məmnunluq yerini axtarır. Fəqət, gerçək də bu ki,  hamımız Tanrı quluyuq. Ən gözəl oyunları da o oynayır, ən gözəl fürsətləri, ən ilahi seçimləri də o özü verir bizə. Qalır sadəcə bunu hiss edib zamanında yaşaya bilmək. Bir vaxtlar çəkilən bütün zillətlərin mükafatını tanrı özü verir. Dolayısıyla Tanrı bütün əzablara görə mükafat verməyin də məqamının bilir. Mənim zənnimdə, mənim düşüncəmdə İmamverdi İsmayılova Tanrı ən möhtəşəm kədəri, sonra da cilalayıb-cilalyıb mükafatların ən gözəlini verib. Qədim-qayım kişilərimizə xas kişidi, alicənabdı, əsalətlidi, közü-könlü qucaq dolu sevgidi İmamverdi İsmayılov. Əlazhəzrət fakt özü bunu deyir. Bir də ilahi sevdalı, əbədi torpaq və yurd sevdalısıdı. Bu yol heç bitməyən sevda yoludu.. O bu yola davam etdikcə sevgi payladığı minlərlə insan da ardınca gedir. Əgər ardınca sevdalaılar gəlirsə deməli sən sevilirsən, ürəklərin, könüllərin sultanısan... 
         
    İmamverdi müəllim deyir ki... Gedəcəyimiz bütün yollar da darıxıb, biz də. Yaraq-yasağımız da həmişəki kimi yerində. Duz-çörəyə, əbədiyyətə də ehtiyac var və yəqin də olacaq!.. Dediklərini daha çox onun özünə şamil etmək olar. Duz-çörəyə sadiqliyi tale özü möhürləyib sizin taleyinizə. Siz bizə, hamımıza ürəyi dolu, sözü yüklü lazımsınız İamamverdi İsmayılov. Həm söz aşiqi kimi, həm köklü ağac kimi, bir də üzünə dualar oxunacaq Adam kimi gərəksiz...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31