Psixi sağlamlığımızı necə anlayaq: Stress, anksiyete və depressiya nədir?
7 İyun 2024 17:30 SosialElə bir gün keçmir ki, həyatımıza, həyat keyfiyyətimizə, sağlamlığımıza, nizamımıza təsir edən bir inkişaf yaşamayaq. Bugünkü gün sürətlə dəyişən və bəzən hətta böyük təsadüflərlə qarşılaşdığımız bu dünyada hamımız həyatın gətirdiyi bəzi çətinliklərin öhdəsindən gəlməyə çalışırıq və biz bu dəyişikliklərə uyğunlaşmaq üçün nə edə biləcəyimizin yollarını axtarırıq. Sürətlə inkişaf edən dünyamızda iş, məktəb, ailə məsuliyyətləri, şəxsi həyat, sosial vəzifələr, şəxsi münasibətlər, dünya gündəmi, iqtisadiyyat, iqlim böhranı, təbii fəlakətlər, mövsümi keçidlər yaşadığımız halda, həyat məqsədimiz və şəxsi hədəflərimizin arxasınca getmək ruh sağlamlığımızda silinməz izlər buraxa bilər. Bütün bunlara gələcəyə dair qeyri-müəyyənlik hissi, ümidsizlik, itkilər, bədbinlik kimi neqativlər də əlavə olunduqda insan psixologiyasında onun həyatına təsir edən problemlərin yaranması qaçılmaz olur.
Həqiqətən də, bu qədər qeyri-müəyyənlik, dəyişən gündəmlər, sonsuz iş və məsuliyyətlər olduqda, davamlı olaraq vaxt azlığından, bir şey edə bilməməkdən şikayətlənərkən, həyat reaktiv sürətlə keçdiyi üçün dünya gündəmi bizi hər gün bir sıra uğursuz epizodlarla təəccübləndirir.
Uzaqdan baxılanda eyni görünən, lakin yaxından araşdırdıqda fərqliləşən stress, anksiyete (narahatlıq) və depressiya gündəlik həyatımıza, həyat keyfiyyətimizə və emosional vəziyyətlərimizə dərindən təsir edə biləcək ən çox görülən psixi sağlamlıq problemlərindəndir. Ancaq özümüzü pis hiss etdiyimiz, depressiyada olduğumuz zaman əslində bunlardan hansını yaşadığımızı anlamaq bizim üçün çətin ola bilər, çünki onların simptomları oxşar ola bilər. Düzgün müdaxilə üçün üçünü necə ayırd etməyi bilmək çox vacibdir.
İndiki vaxtda bir çox insan depressiya və narahatlıq terminlərini tez-tez eşidir və bu terminlərin bir-birinə bənzədiyini də düşünür. Lakin, bu iki terminin əslində fərqli psixoloji pozuntular olduğunu bilmək vacibdir. Mütəxəssislər də bildirir ki, depressiya və narahatlıq arasındakı fərqləri anlamaq dəqiq diaqnoz və müalicənin təmin edilməsi üçün vacibdir.
Psixoloq Ülkər Məmmədli bildirir ki, ümumi yorğunluq, istəksizlik, əzələ ağrıları, iştah problemləri, çəki artımı və ya itkisi, həzm problemləri, baş ağrıları, yuxu problemləri, cinsi istək itkisi, motivasiyanın olmaması, konsentrasiya problemləri və daha çox bu üç psixi sağlamlıq probleminin özünü göstərmə yolları ola bilir:
"Hər üç psixoloji problemim simptonları bir-birinə bənzədiyi üçün insanların bunların hansını yaşadığını ayırd eməsi qaçınılmazdır.
Depressiya və narahatlıq psixiatrik pozğunluqlar kimi müəyyən edilir və çox vaxt ayrı-ayrılıqda diaqnoz qoyulur. Bununla belə, onlar tez-tez klinik praktikada birlikdə baş verir və bir-biri ilə əlaqəli ola bilir. Depressiya son dərəcə kədərli, çarəsiz və ümidsiz hiss etmə vəziyyətidir. Bu vəziyyət özünə inamın aşağı olması, yorğunluq, yuxu pozuntusu, iştahanın dəyişməsi və intihar düşüncələri kimi digər simptomlarla müşayiət olunur.
Anksiyete sıx narahatlıq, qorxu və gərginlik hisslərini ehtiva edir. Bu vəziyyət ürək döyüntüsü, titrəmə, tərləmə, ürəkbulanma və digər fiziki simptomlarla müşayiət olunur. Depressiya və narahatlıq arasındakı oxşarlıqları və fərqləri anlamaq üçün hər birinin altında yatan nevroloji və psixoloji prosesləri və simptomları araşdırmaq lazımdır.
Bununla belə, hər iki vəziyyəti müalicə etmək üçün psixoterapiya, dərman və digər dəstəkləyici üsullardan istifadə edilə bilər. Düzgün diaqnoz və müalicə ilə depressiya və narahatlıq kimi psixiatrik pozğunluqlar idarə oluna və insanın həyat keyfiyyətini yaxşılaşdıra bilər.
Bəs depressiya və narahatlıq arasında ən açıq ortaqlıq nədir deyə soruşsaq, deyə bilərik ki, hər ikisini psixoloqun köməyi ilə müalicə etmək olar. Psixoterapiya ilə müalicə ən çox yayılmış müalicə üsullarından biridir və xəstənin həyat keyfiyyətini yaxşılaşdırır. Gündəlik həyatda ortaya çıxan xəstəliklərlə bağlı neqativlər daha asan aradan qaldırıla bilər.
Stress isə, stressor kimi tanınan bir vəziyyətə cavabdır. Bu, iş, məktəb və ya çətin münasibətlər kimi çətin vəziyyətə fiziki və ya emosional cavab ola bilər. Anksiyete stressorlara çoxlu reaksiyalardan biridir. Bu reaksiya fərdi hərəkətə keçirməyə başlayır, yəni ona problemin öhdəsindən gəlməyə hazırlaşmağa işarə edir. Depressiya davamlı kədər, boşluq hissləri və həyata, gündəlik fəaliyyətlərə və sevimli fəaliyyətlərə marağın itməsi ilə xarakterizə olunan psixi sağlamlıq problemidir. Anksiyete və depressiya həyatın çətinliklərinə ümumi stress reaksiyalarıdır. Məsələn, boşanma və ya işdən çıxarılma böyük həyat tərzi dəyişikliyinə səbəb olduğu üçün bu, stressə, sonra narahatlığa, sonra isə depressiyaya səbəb ola bilir.
İşdən çıxarılan bir fərd bu xəbəri ilk öyrəndiyi zaman güclü stresslə üzləşir, çünki həm bədəni, həm də zehni vəziyyəti anlamağa, həzm etməyə və öhdəsindən gəlməyə çalışır. Bu arada stress hormonları olaraq da bildiyimiz kortizol və adrenalin kimi hormonlar ifraz olunmağa başlayır. Bu hormonlar stres faktorlarının öhdəsindən gəlməyə kömək etsə də, intensiv və davamlı şəkildə ifraz olunmağa davam etdikcə psixi sağlamlığı təhdid etməyə başlayır. İşsiz qalması nəticəsində fərddə gələcəklə bağlı qorxulu və narahat düşüncələr formalaşmağa başlayır və bu zaman narahatlıqla, yəni, anksiyete ilə qarşılaşır. Bir müddət sonra hələ də iş tapa bilmirsə, işini itirdiyi gündən sonra bəzi dostlarını itirirsə, iqtisadi cəhəddən zəifləyir, şəxsi ehtiyaclarını ödəyə bilmirsə, buna görə həyatının bir daha heç vaxt əvvəlki kimi olmayacağını hiss edərək, özünü depressiyanın qucağında tapa biləcəyini hiss eidr. Şəxs əgər heç bir şey etmək istəmirsə, qalan dostlarını görməkdən qaçırsa, artıq iş belə axtarmırsa və ya əvvəllər həzz aldığı hər hansı bir işi yerinə yetirmirsə, işini itirdikdən bir müddət sonra depressiyaya düşməyə başlamış ola bilər. Bütün bunlar olarkən fərd bədbinlik və ümidsizlik kimi mənfi duyğular hiss edə, həmçinin baş ağrısı, həzm problemləri, konsentrasiya problemləri kimi fiziki problemlər yaşaya bilər və o, həm stressin ilkin mərhələlərində, həm narahatlıq keçirərkən, həm də depressiyaya düşəndə bunları yaşaya bilir. Çünki proses bir-birinə qarışmış halqalardan ibarət zəncirə bənzəyir və bütün bu əlamətləri bir-birinin ardınca sadalamaq olar. Buna görə də stress, narahatlıq və depressiyanı bir-birindən ayırd etmək üçün aralarındakı incə cizgiləri vurğulamaq çox vacibdir".
Bəs anksiyete və depressiya eyni anda baş verə bilərmi?
Psixoloq qeyd edir ki, bəli, narahatlıq və depressiya bir-birini istisna etməyən və bəzi insanlarda eyni vaxtda baş verə bilən psixi sağlamlıq problemləridir:
"Depressiya və narahatlıq fərqli simptomlara və emosional vəziyyətlərə səbəb ola biləcək fərqli xəstəliklərdir. Depressiya tez-tez həddindən artıq kədər, ümidsizlik və çarəsizlik hissləri ilə xarakterizə olunur, narahatlıq isə həddindən artıq narahatlıq, qorxu və gərginlik hissləri ilə xarakterizə olunur.
Bəzi hallarda narahatlıq pozğunluğu depressiyaya səbəb ola bilər və ya depressiya riskini artıra bilər. Çünki həddindən artıq narahatlıq və daimi narahatlıq depressiyanın yaranmasına kömək edə bilir.
Ən yaxşı halda diqqəti yayındırmaq simptomları gizlətmək üçün bir maskadır. Diqqətin dağınıqlığının qalıcı olmasında təsirsiz olmasının səbəbi, əsas səbəblərlə məşğul olmamasıdır. Tutaq ki, məsələn, adi bir rütubətli ev düşünək ki, həmin rütubəti gizlətmək üçün divarları rəngləyə bilərsiniz. Amma bir gün rütubət qayıdacaq və böyük ehtimal ki, əvvəlkindən də pis vəziyyətdə olacaq. Diqqətin yayındırılması qısa müddət ərzində təsirli olur və narahatlığın geri qayıtması yalnız vaxt məsələsidir.
Əgər insan özünü narahat və depressiv hiss edirsə, beyni vücuduna təbii reaksiya olaraq xoşbəxt olmadığını söyləyəcək və daxili hisslərini xaricə ifadə etməyini istəyəcək. Mənfi duyğular mənfi bədən dili ilə qidalanır. Buna görə də, təbii reaksiya ilə mübarizə apararaq mənfi emosiyanı müsbət emosiyaya çevirmək mümkündür.
Depressiya və narahatlığın müalicəsi üçün çoxlu müxtəlif variantlar mövcuddur, lakin ən təsirli müalicə üsulu müalicə növündən asılı olaraq dərman, terapiya və ya hər ikisinin kombinasiyasıdır".
Röyalə Xəyal