"Ermənilər bizim təkcə evimizi dağıtmadılar, xoşbəxtliyimizi də əlimizdən aldılar"
7 İyun 2024 12:32 Sosial"İndi isə o xarabalığın özündə belə bir sevinc tapırsan"... Zəkurə Quliyeva
Nə çətinmiş müharibənin bütün dəhşətlərini canı ilə yaşamış, gözünün önündə elin-obasının, yurdunun igidləri şəhid düşmüş bir qadınla söhbət etmək...onun gözlərinin içinə baxmaq...o gözlərdə yaşanmışların təkrarını görmək...nə çətinmş..həm də bir az özünü günahkar kimi hiss etmək...danışdıqca titrəyən əlləri tutmaq istəmək, amma tuta bilməmək..o gözlərdə batmaq istəmək, amma bata bilməmək...nə çətinmiş... nə çətinmiş torpaqları işğaldan azad olunandan sonra dağılmış yurdunun ağacına, onun budağına, hətta yarpağına belə salam verən bir qadının kədər və sevinc göz yaşlarını görmək...nə çətinmiş.. Amma nə ŞƏRƏFLİYMİŞ!..
...Dedi ki, işğaldan azad olunduqdan sonra Ağdama ilk getdiyim gün sevinc, kədər qarışıq bir hissdən başım gicəllənirdi. Kəndimə gedən yol ürəyim kimi cadar-cadar idi. Elə bil tək mən onun yox, o da mənim həsrətimi çəkirmiş. Şahbulağa düşüb əlimə, üzümə su vurdum. O gün səhhətimdəki bütün problemlər qəfil yox oldu..
Müsahibim Birinci Qarabağ savaşının üç qazi bacısı, "Qarabağ" qəzetinin redaktoru Zəkurə Quliyevadır.
"Salam, tut ağacım!"
-Qarabağ savaşları başlayanda demək olar ki, 1989-cu ildən Ağdam rayonunun Qalayçılar kəndinin camaatında mənfur qonşularımıza görə narahatlıq yaranmışdı. Çünki o kənd ermənilər yaşayan üç kəndə qonşu idi. Əhalinin rahatlığı demək olar ki, mütəmadi pozulurdu. Ov tüfəngi ilə sahəyə çıxan adamları gülləyə tuturdular. 1990-cı ildən 1993-cü ilə qədər o kənd demək olar ki, bombardman, güllə yağışı altında yaşayıb. O vaxtı mən "Qarabağ" qəzetinin hərbi müxbiri olmuşam. Mən doğulduğum kənddir deyə yox, bir müxbir kimi həqiqətən orada yaşayan camaatın uşağından böyüyünə qəhrəman deyə bilərəm. Cəsarətli, qorxmaz. Bəzən oturub həyətdə çay içdiyimiz yerdə, atdıqları güllələr gəlib ağaca sancılırdı. Amma yenə də kimsə getmək istəmirdi. Çünki yer-yurd elə şirin bir şeydir ki, camaat illərlə əlinin qabarı ilə tikdiyi evi, doğma, isti ocağını könüllü şəkildə tərk edə bilməzdi. Çox zaman sosial şəbəkələrdə qınaqlara da tuş gəldik, əzildik ki, torpağı qoyub qaçdılar. Bu ən ağır ittiham idi. Amma şükür ki, bu gün azad olunan torpaqları bugünkü Azərbaycan cəmiyyətinin hamısı görür. Özlüklərində düşünürlər ki, bu cür torpağı heç kim könüllü qoyub çıxa bilməzdi və eyni zamanda, artıq mətbuat çox geniş yayılıb. Sosial şəbəkələr var, internet var. Azərbaycanın Qarabağ məsələsində düşmənçiliyini edən dövlətlər artıq üzdədir. Xalqımız-gənclərimiz, yaşlılarımız tanıyır və bir daha dərk edirlər ki, demək, Qarabağ davasını təkcə ermənilər eləmirmiş. Bunların arxasında duran ölkələr, hansı böyük dövlətlər imiş. Əgər mənə desələr ki, Qarabağda ermənilərə qarşı vuruşurduq, mən bununla özümü bir az kiçilmiş hesab edərəm. Yox, Azərbaycan Qarabağda təkcə ermənilərə qarşı vuruşmurdu, birbaşa Rusiya ilə, Ermənistanın birləşmiş silahlı dəstələrinə, ordusuna qarşı vuruşurdu. İndi siz gəncsiniz, dəqiq bilməzsiniz. O zaman püxtələşmiş ordumuz, diplomatiyada, siyasətdə indiki kimi sözünü deyən Ali Baş Komandanımız yox idi. O döyüşən, şəhid olan oğlanlar düşmənlə üzbəüz sinəsini qabağa verərək qeyrəti bahasına döyüşürdü. Onlardan da üçü mənim qardaşlarım olub: Bünyad Quliyev, Nüsrət Quliyev, Fikrət Quliyev. Mən kəndimi ona görə qabardıram ki, orada döyüşə getməyən az sayda kişi xeylağı tapardın. Bir ailədə Muradov qardaşları vardı: Hüseyn, İsmixan, Ramiz, Rasim, Qırımxan. Beş qardaşın dördü fiziki cəhətdən sağlam uşaqlar idi. Birinin gözü zəif görürdü, o da utanırdı ki, mən dəstədən qala bilmərəm. Kəndin keşiyini çəkən zaman orda şəhid oldu. Öz qardaşlarımdan qabaq bu uşaqların da haqqını qabardıram ki, çox döyüşkən oğlanlar var. Məsələn, Pənah Məmmədov.. Onlar qorxmurdular. Döyüş bilirsiniz necə gedirdi? 50 metrlikdən qarşı-qarşıya. Bizim əsgərlərimizlə müqayisədə düşmən ruslar sayəsində silahla təsisatlanmışdı. Qardaşımın adından danışmağa bir az utanıram, amma bizdə isə silahların çoxunu cibinin puluyla-qapısının inəyini, qoyununu satıb gedib avtomat aldılar.

Ağdamın Qalayçılar kəndi girişində adına xatirə lövhəsi vurulan qardaşım Bünyad Quliyevin futbol komandası var idi. Yenilməyi də heç vaxt xoşlamazdı. Əksər halda kəndlərdən qələbə ilə qayıdırdılar. O vaxtı büllur buynuz dəbdə idi, rayon yarışında da elə bir kubok almışdı. Birinci futbol komandasından başladı: 28 nəfər döyüşçünü başına topladı, onlar silahlandılar və mən bu uşaqları elə bilirdim ki, onda kinoda görürəm. Döyüş başlayana qədər onlara qardaş kimi baxmışam. Amma Qarabağ müharibəsində mən onları həmişə Azərbaycanın sinəsini qabağa verən, xalqını qoruyan mərd, cəsur oğlanları kimi bilirəm. Mən artıq onlara qardaş kimi baxmıram. Necə ki, o döyüşkən, mübariz Azərbaycan əsgərlərinə baxıram, sayğı duyuram, eləcə də öz qardaşlarımı da elə bilirəm. Çox çətin vəziyyətlər yaşadıq və mən bir bacı kimi onsuz da onları orada qoyub gedə bilməzdim. Belə bir məqam yarandı ki, hətta kənddə bütün qadınları çıxardılar. Xocalı hadisəsindən sonra hamının gözü qorxmuşdu, aramsız hücumlar, qeyri-bərabər döyüşlər olurdu. Qorxdular ki, qadınlar ələ keçər. Amma mən həm də "Qarabağ"ın müxbiri kimi getməyi özümə sığışdırmadım. Mən cəbhə müxbiriyəm, döyüşlərin hamısını gözümlə müşahidə edirdim. Şəxsən öz gözümlə izlədiyimə görə heç unutmadığım bir döyüş var. 1992-ci il 28 iyun səhər hardasa 5-6 arası olardı, bir də gördüm ki, qardaşım Bünyad komanda verdi: avtomatdan atəş açdı ki, camaat qalxın, ermənilər kəndə basqın edib. Komanda verdi ki, kişilər, oğlanlar hamısı səngərə gəlsin. Bizdə Bərk Dərə deyilən bir yer var. Düşmən ora nə qədər mərmilər atırdı, iki dərənin arası idi deyə düşmürdü. Komanda verdi ki, camaat ora yığılsın. Altı saata qədər döyüş oldu. Məndə onlara qarşı əminlik vardı ki, sağ- salamat qayıdacaqlar. İnanın, avtomatın atəş səsləri, pulemyotu atdıqdan sonra gələn vahiməli mərmilər insanın bağrını yarır. İnsanla bərabər, oradakı canlı heyvanlar, itlər necə ulaşır, o qorxunu vahiməni, onlar da hiss edirdi. Yəni bunun ölüm saçdığını təkcə insanlar yox, heyvanlar da hiss edirdi. Çox uğurlu bir döyüş oldu. Mənim qardaşlarım da başda olmaqla igid cavanlar nə qədər erməni öldürdülər. Eyni zamanda, bu genişmiqyaslı hücum idi, Paprəvənd kəndini də mühasirəyə salıb yolu kəsmək istəyirdilər. Qılınc Dağını ələ keçirərək yolu kəsib kəndləri mühasirədə saxlamaq istəyirdilər. Ermənilər nə qədər itki vermişdilərsə, siz təsəvvür edin, yalvarırdılar ki, icazə verin, meyitləri daşıyaq. Özü də bu millət dara düşəndə çox qəşəng yaltaqlanmağı, fürsət düşəndə də öldürməyi bacarır. Bizimkilər imkan verdilər ki, bunlar meyitləri götürsünlər. Kənddə vur-tut bir tankımız var idi. Bu tankı ələ keçirmək istəyəndə kəndimizin İlham Əliyev adında bir oğlu erməni polkovniki düz gözündən vurdu. Həmin erməni polkovniki və bir ayrı zabitin meyitini uşaqlar gətirdilər. Ermənilərin ən ağrılı yeri həmin polkovnik idi, səhərə qədər yalvardılar. 15000 dollar pul təklif elədilər ki, ermənistanlı polkovnikin meyiti onlara verilsin. İnanırsınız, müharibənin acı vaxtları bir kasıblıq gəlmişdi ki, insanların cibində bir manat da pul tapılmırdı. Amma o oğlanların yenilməzliyi, məğrurluğu qəhrəmanlığının birinci sübutu o idi ki, o meyiti pula satmadılar. Bünyad dedi ki, biz bu meyitə sağ əsirimizi ala bilərik. Danışdılar. İki şuşalı sağ əsir, bir də bizim əsgərin cəsədini almışdılar. Bu namərd ermənilər cəsədi də tabutda yox, hissə-hissə doğrayıb patron yeşiyində gətirmişdilər. Qardaşım həmin erməni meyitləri bizim həyətin başında basdırdı, gecə də biz həyət-bacaya çıxmağa qorxurduq, bilirdik ki, həyətimizin başında meyitlər var. Dedik kasıb adamlardılar, birdən kimsə şirnikər pula, aparar meyiti satar. İki nəfər sağ şuşalı əsiri, Milli Ordumuzun əsgərinin cəsədini aldılar və o qəhrəmanlıq döyüşündən sonra ermənilər həmin döyüşü hər il matəm kimi keçirirdilər. Çünki çox böyük itkiyə uğramış, çox böyük canlı qüvvə, texnika itirmişdilər. Elə tək o döyüşü olduğu kimi qələmə alan jurnalist olsa, bir dastan dastan olar. Bacı olduğumdan özümünkünü qabarda bilmirəm. Onlar əfsanəvi qəhrəmanlar idi. Bütün şəhidlərimizin ölümü bizim faciəmiz idi. Amma səmimi olsaq, hər kəsin yarası birinci özünü ağrıdır. Fərrux kəndi çox mühüm strateji mövqedə idi və ermənilər orada yaşayırdı. Bizimkilərə, Cinli kəndinə, Xaçındərbəndə gün verib, işıq vermirdilər. O, kəndi götürmək lazım idi. Yanvarın 31-də mənim qardaşım da başda olmaq şərti ilə artıq Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyevin dəstəsində idilər. Məlumat üçün deyim ki, qardaşım 1989-cu ildən könüllü müdafiə dəstəsinin kənd üzrə komandiri oldu. Amma Şirin Mirzəyev gələndən sonra oradakı beş batalyon komandiri ilə birləşdirilən müdafiə taboru yarandı. Həmin batalyonda bunlar fəal döyüşçülər oldu. Şirin Mirzəyevin sağ əli idi. Şirin Mirzəyevin komandası batalyonla bir yerdə Fərrux kəndini darmadağın edib, erməniləri məhv elədilər. Amma iki gündən sonra bu hiyləgər ermənilər rus pulemyotçuları aralarında olmaq şərti ilə gecə ilə bizimkiləri tələyə salmaq üçün gəlib kənddə gizlənmişdilər. Bir nəfəri görən kimi atışma başlayıb. 6-7 nəfərdən üçü mənim qardaşım olub. Milli Qəhrəman Zahid Şükürov şəhid oldu. 6,7 nəfərin döyüşməyi sayəsində bəlkə bir 50 nəfərin həyatı xilas olundu. Cinli kəndi ilə Fərrux kəndinin ara məsafəsi 15 km yol olardı. Ora artıq ermənilərdən azad olunmuşdu deyə kənd də kasıbçılıq yaşayırdı. Taxıl anbarı vardı. Kənd camaatı dedi ki, onlar bizim evimizi dağıdır, yandırır. İcazə verin, biz də ordan nəsə götürək. Həmin ərəfədə də bunlar tələ qurmuşdular. Yəni o döyüşçülər onların qarşısını almasaydı, orda ən azı 50, 60 nəfər ölərdi. Bu oğlanların sayəsində bu adamlar xilas oldular. Qardaşlarım da yaralananda xəbər çatdı ki, onlar mühasirəyə alınıb. Qardaşım o döyüşü xatırlayanda deyir ki, mən möcüzələrə inanan deyiləm, amma həmin anda bir qadının əlləri məni həmin güllələrdən qoruyub. Balaca qardaşım anamın rəsmini döş cibinə qoyub gedirdi, qəlpə ürəyindən yan keçirdi. Düzdür, qardaşım çox yaşamadı, amma namərdin əli ilə orda ölmədi. O döyüşlərdən söhbət açıram ki, mən onları gözümlə görmüşəm. Döyüşçü kimi cəsur olmaqla yanaşı mən qardaşımda bir ədalət hissi görürdüm. Yaralandığı gün həkimə ilk sözü belə oldu: "Mən tez qayıtmasam, uşaqları qıracaqlar". Döyüşçü yoldaşları deyir ki, özü hər zaman öndə gedir, "siz məndən arxada gəlin"- deyirdi. Bir dəfə kimsə qardaşıma ət vermişdi ki, aparıb əsgərlərə verərsən. Ət də o qədər az idi ki onu ən kiçik formada hissələrə ayırmışdı. Mən soruşdum ki, bir belə az əti əsgərlər nə edəcək? Dedi ki, onlar heç nə edə bilməsələr də mənim vicdanım rahat olacaq ki, onları ədalətli şəkildə böldüm.
Qardaşımın ölümünə tək bir söz səbəb oldu. Erməninin üç gülləsi ilə yaşadı, amma azərbaycanlının "torpağınızı qoyub, qaçdınız" kəlməsinə ürəyi dözmədi, iki saat sonra infarkt keçirdi. Cəsarətli, məğrur, döyüşən oğlanlar həzm edə bilmədilər ki, onlara kimsə "torpağınızı qoyub, qaçdınız" desinlər. Bu gün təsəllim o xatirə lövhəsidir. Elə bilirəm qardaşım ora məndən qabaq gedib və mən gedəndə məni o qarşılayacaq.
-Zəkurə xanım, göydən bir mələk enib sizi qardaşınızla danışdıracaq olsa, Qarabağın işğaldan azad olunma xəbərini ona necə verərdiniz?
-O sevinc dillə izah olunan deyil ki...Təsəvvür edirsən, insanın başının tükü də, dırnaq da, sümüyün içindəki ilik də sevinir. Ermənilər bizim təkcə evimizi dağıtmadılar, xoşbəxtliyimizi də əlimizdən aldılar. İndi isə o xarabalığın özündə belə bir sevinc tapırsan. Qardaşıma da deyərdim ki, ay qardaş, əziyyətiniz yerdə qalmadı. Sizin davamçılarınız o yerləri azad etdilər. Yaraların sağaldı, ay qardaş. O qədər deyiləsi söz var ki...Amma qürur hissi hər şeydən öndə dayanır. Bir əsgər görəndə içimdə deyirəm ki, "sənə mənim canım qurban".
İndiki gəncliyə demək istəyirəm ki, Birinci Qarabağ müharibəsində döyüşənlər 44 günlük müharibədə döyüşən oğlanlarla eyni səviyyədə vətənpərvər, qəhrəmandırlar. Onları heç cür fərqləndirmək olmaz.
Zeynəb Rzayeva