Şəhərin ən gözəl mədəniyyəti məişət tullantıları ilə bağlı göstərilən mədəniyyətdir- ÖZƏL
25 Aprel 2024 16:44 SosialZibil yeşiklərinə nəzarət olunmaması, dolub-daşması bir çox ərazinin ümumi problemidir. Bu məsələlərə yetərincə diqqət ayrılmırmı? Bu problemlərin həll olunmama səbəbləri nələrdir?
Ekoloq Ənvər Əliyev cavabladı:
-Ümumiyyətlə, şəhərin ən gözəl mədəniyyəti məişət tullantıları ilə bağlı göstərilən mədəniyyətdir. Bunlar düzgün deyilsə, o millətlər mədəni millətlər siyahısına düşə bilməz. Bu səbəbdən belə şeylərdə diqqətli olmaq gərəkdir. Adətən millətə belə şeylərə baxıb qiymət verirlər. Bu problemin səbəbi isə zibil yeşiklərinə nəzarətin olmamasıdır. Şəhərin özündə həddindən çox maşın var, zibil daşıyan maşınlar da saatlarla tıxaclarda qaldıqlarını bildirirlər. Bir çox işçilərsə, fəaliyyətlərin düzgün yerinə yetirmir, yeşikləri vaxtı-vaxtında boşaltmırlar. Zibil yeşiklərinin məsafəsi hər yüz metrdən bir olmalıdır. Amma bu normalara da diqqət yetirilmədiyinin şahidi oluruq. Həll olunmamasının səbəbi isə məsələnin düzgün qiymətləndirilməməsidir. Ümumiyyətlə, Bakıda zibillərin çeşidlənmə məsələsi yoxdur. Bu səbəbdən də problem yaranır. İstəyərdim ki, Norveç təcrübəsi Bakıda da olsun. Ərzaq mağazalarının qabağına plastik kütlədən olan xüsusi deşikli avtomatlar qoyulur. Plastik kütlədən olan materialları o deşiklərdən atırlar və oradan insana müəyyən xırda pul verilir. Ərəbistanda isə həddən artıq quraqlıq olduğu üçün çirklənmə, qıcqırma kimi hallar olmur. İkinci ən böyük problem kardon məsələsidir. Bilirsiniz ki, kardonlar ağac gövdəsindən əmələ gəlir və küllü miqdarda ağac tələfatına səbəb olur. İşlənmiş kağızları, oxunmayan kitabları müəyyən qədər pulla vətəndaşlardan almaq lazımdır. Yenidən emal halında kəsilən ağacların sayı da azalar. Bu məsələlərlə bağlı olan problemlərə Avropa standartları səviyyəsində münasibət göstərmək olar.