Ailəmizi necə qoruyaq və evlənək-boşanarıq?..
26 Aprel 2024 15:16 SosialEvlilik, ailə qurmaq iki nəfərin rəsmi şəkildə bir araya gələrək hüquqi, sosial və emosional birlik təşkil etdiyi münasibət növüdür. Evlilik, cütlüklərin qarşılıqlı sevgi, sədaqət, bağlılıq və ümumi məqsədlərə sahib olmaq kimi dəyərləri paylaşdıqları birlik formasıdır.
Nikah cütlüklərə cəmiyyət tərəfindən tanınan bir status verir və nikah birliyi qanunla qorunur. Evlilik ümumiyyətlə birlikdə yaşamaq, ailə qurmaq, uşaq sahibi olmaq və birlikdə məsuliyyətləri bölüşmək kimi məqsədləri ehtiva edir. Buna həmçinin cütlüklərin bir-birinə və cəmiyyətdəki ailə birliyinə təmin etdiyi dəstək, təhlükəsizlik və emosional kontekst daxildir.
Evlilik, cütlükərin bir-birinə sevgi və hörmət göstərdiyi, ünsiyyət qurduğu, uyğunlaşdığı və qarşılıqlı məsuliyyətlərini yerinə yetirdiyi bir münasibət növüdür. Ancaq hər evlilik təcrübəsi fərqli ola bilir və evliliklərdə çətinliklər, problemlər olur.
Sağlam bir evlilik ailənin sağlam inkişafını və sağlam cəmiyyətlər yaratmasını təmin edir. Sağlam ailə strukturları üçün sağlam nikahların da formalaşması çox vacibdir. Təcrübələr göstərir ki, sağlam bir evliliyin formalaşması üçün evlilik birliyi daxilində cütlər arasında evlilik harmoniyası və evlilik məmnuniyyəti böyük əhəmiyyət kəsb edir. Xoşbəxt və sağlam ailə quruluşu isə o zaman mümkündür ki, ər-arvad qurduqları ailə münasibətlərini bir-birini başa düşüb, bir-birinə dəstək ola bilsinlər.
Təəssüf ki, bir ailə hər nə qədər sevgi və səadətlə qurulsa da, bir müddət sonra bəzi problemlər ortaya çıxa bilir. Bəs bunlar hansı problemlərdir və sağlam ailə münasibətlərinin qurulması üçün onların qarşısı necə alınmalıdır?
Psixoloq Ülkər Məmmədlinin sözlərinə görə, ailə daxilində yaranan problemlərin bir neçə növü olur ki, bunlara, ünsiyyət problemləri, maliyyə problemləri, apatiya və emosional uzaqlaşma, münaqişələr və fikir ayrılıqları, həyat yoldaşı rollarında dəyişikliklər, ailə və dost münasibətləri, cinsi problemlər, stress və təzyiq, bir-birinə etibarsızlıq və xəyanət, sağlamlıq problemləri və s. kimi problemlər aiddir:
"Ünsiyyət problemi ilə, həyat yoldaşları arasında ünsiyyətin olmaması və ya effektiv ünsiyyət qura bilməməsi problemlərin həllini çətinləşdirə və emosional əlaqəni zəiflədir. Həyat yoldaşları arasında qeyri-kafi və ya təsirsiz ünsiyyət cütlüklər arasında soyuqluq yaratmaqla yanaşı, eyni zamanda, problemlərin həllində də çətinliklər yarada və emosional əlaqənin kəsilməsinə səbəb ola bilir.
Bununla yanaşı maddiyyat baxımından pul idarəsi, borclar, işsizlik və ya maliyyə çətinlikləri ilə bağlı fikir ayrılıqları evlilikdə stress və gərginlik mənbəyi ola bilir. Belə ki, həmin pul problemləri cütlər arasında ciddi bir qarşı-qarşıya gəlməyə və stresə səbəb ola bilər. Maddi problemlər evlilikdə ciddi gərginlik mənbəyi hesab olunur.
Zaman keçdikcə bəzən cütlüklər arasında romantik əlaqə zəifləyə, bu da maraq itkisi, emosional uzaqlaşma və tənhalıq hissləri yarada bilər ki, buna apatiya və emosional uzaqlaşma problemi deyilir. Zaman keçdikcə cütlüklər arasında romantik bağlar zəifləyə və bu zaman şəxslər bir-birinə olan maraqlarını itirə bilir. Bununla da, yaranan emosional məsafə evlilikdə böyük boşluq yarada bilir.
Eyni zamanda, fərqli dəyərlər, maraqlar və ya məqsədlər, cütlüklər arasında uyğun olmayan həyat tərzləri və ya fərqli məqsədlər cütlüklər arasında münaqişələrə və daimi fikir ayrılıqlarına səbəb ola bilir ki, bu zaman da yaranan fikir ayrılıqları nəticəsində ailə daxilində hər hansı ortaq qərarların verilməsi mümkünsüz olur.
Evlilikdə uşaq sahibi olmaq kimi rollardakı dəyişikliklər də uyğunlaşma müddəti tələb edə bilər və ailə içində bəzi problemlərə səbəb ola bilər.
Həyat yoldaşlarının ailə köklərinin təzyiqi və evlilikdə qarşılıqlı əlaqəsi, ailələr arasında gərginlik, fərqli ailə dinamikası, müdaxilə edən və ya problemli, məsələn, qaynana, qaynata və ya digər ailə üzvləri evlilikdə stress və fikir ayrılıqlarına səbəb ola, cütlüklər arasında gərginlik və problemlər yarada bilər ki, bu da ailə arasında münasibətlərin pozulmasının bir səbəbidir.
Cinsi uyğunsuzluq, libido fərqləri, cinsi funksiyaların pozulması və ya ünsiyyətin olmaması evlilikdə cinsi problemlər və narazılıq yarada bilir. Bununla yanaşı, fiziki, emosional və ya cinsi zorakılıq ailə arasında inam və təhlükəsizliyi məhv edir. Belə hallar evlilikdə boşanma üçün ciddi səbəblərdən biri hesab olunur.
Aldatma, yalan və ya bir-birinə etibarsızlıq, güvənsizlik, əlaqələrdə dərin bir inam probleminin yaranması, Bir dəfə edilən, bağışlanılan və ya elə davamlı olaraq, növündən asılı olmadan edilən xəyanət etibarın pozulmasının və ailə arasında ciddi münaqişələrin, sağalmaz yaraların əsas səbəblərindən biridir.
İş stresi, uşaq böyütmə çətinlikləri, ev işləri və ya xarici amillər, alkoqol, narkotik və ya digər asılılıqlar, cinsi uyğunsuzluq və ya qeyri-adekvatlıq, ciddi sağlamlıq problemləri, xroniki xəstəliklər və ya fiziki qüsurlar cütlüklər arasında problem və çətinliklər yarada bilər.
Qeyd etdiyim bu problemlər evlilikdə rast gəlinən ümumi problemlərin bir neçə nümunəsidir. Hər bir cütlüyün təcrübəsi fərqli olur və evlilik problemləri cütlüyün şəxsiyyətinə, həyat tərzinə və münasibətlər dinamikasına görə dəyişə bilir.
Evliliyin boşanmaya gəlib çıxmasına səbəb ola biləcək səbəblər cütlüklər arasında fərqli ola bilər, lakin bununla yanaşı bəzi ümumi səbəblər var ki, demək olar ki, əksər evliliklər bu səbəblərlər dağılır. Unutmamaq lazımdır ki, hər evlilik fərqlidir və boşanma səbəbləri insandan insana dəyişə bilər. Bu səbəblər evlilik problemlərinin ümumi spektrini təmsil edir.
Evliliyin boşanmasına səbəb ola biləcək səbəblərin qarşısını almaq və ya azaltmaq üçün addımlar atıla, fəaliyyətlər həyata keçirilə bilər.
Məsələn, ünsiyyəti gücləndirmək bu addımlar biridir. Yaxşı ünsiyyət problemlərin həlli, duyğuların paylaşılması və cütlüklər arasında fikir ayrılıqlarının həlli üçün olduqca vacibdir. Açıq və dürüst ünsiyyətdə diqqətli olmaq, bir-birini dinləmək və eyni zamanda, empatiya göstərməyə çalışmaq lazımdır.
İkinci addım, problemləri erkən tanımaq və həll etməkdir. Problemləri görməməzlikdən gəlmək və ya təxirə salmaq əvəzinə, problemləri erkən tanımaq və onları həll etmək çox vacibdir. Problemlərin yığılmadan həll edilməsi daha böyük problemlərin yaranmasının qarşısını almağa da səbəb olur.
Üçüncü, birlikdə vaxt keçirmək. Cütlüüklərin bir-biri ilə vaxt keçirməsi onlar arasındakı münasibətləri gücləndirə bilər. Ümumi maraqlar tapmaq, birlikdə hobbiləri həyata keçirmək və ya müntəzəm görüşlər təşkil etmək olar ki, bu da, emosional bağları gücləndirə bilir.
Cütlüklər bir-birinə empatiya və anlayış göstərməlidir. Qarşısındakı şəxsin hisslərini başa düşmək və qiymətləndirməyə çalışmaq lazımdır. Qarşılıqlı empatiya şəxslərin bir-birini daha yaxşı başa düşməsinə və dəstəkləməsinə kömək edə bilər.
Bütün bu həll yollarından eləavə, cütlüklərin evlilik terapevtindən kömək istəməsi problemlərin həlli və cütlüklər arasında ünsiyyətin yaxşılaşdırılması üçün faydalı ola bilər. Bir mütəxəssisin rəhbərliyi altında işləmək münasibətlərin keyfiyyətini artıra bilir.
Ümumi məqsədlər qoymaq lazımdır. Birlikdə işləmək və diqqəti cəmləmək üçün ümumi məqsədlər qoymaq cütlüklər arasında bağlılıq hissini artıra bilir. Ümumi məqsədləri müəyyən etmək və onlara doğru birlikdə çalışmaq evliliyi gücləndirən amillərdəndir.
Bütün hallarda, ailə problemləri ilə qarşılaşan cütlüklərə ən böyük məsləhətim, bir-birinizə dəyər verin və qiymətləndirin. Çünki qarşınızdakı şəxsə dəyər vermək, hörmət etmək və onu qiymətləndirmək çox vacibdir. Məsələn, kiçik jestlər, sıradan şeylər üçün təşəkkür etmək, hədiyyə almaq və s. kimi jestlər münasibətlərinizə müsbət təsir göstərəcək. Hər zaman roblemləri həll etmək üçün güzəştə gedin. Anlaşılmazlıq halında ümumi dil tapmağa çalışın. Münaqişələri yetkin şəkildə idarə etmək və həll yönümlü olmaq evliliyin sağlam şəkildə irəliləməsinə kömək edəcəkdir".
Röyalə Xəyal