Jurnalistlərin pensiya məsələsində güzəştlər olmalıdır- ÖZƏL

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na dəyişiklik edib. Yeni dəyişikliklərlə güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib. Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər. Həmçinin, atalara da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verilir. Maraqlıdır, güzəştlə pensiyaya çıxmaq hüququ olanların siyahısına jurnalistləri də daxil etmək olarmı?
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli "Olaylar"a deyib ki, ümumiyyətlə, pensiya yaşının o həddə çatdırılması bir yanlış addımdır. Yaş  həddinin 65-ə qaldırılması insanlara həm psixoloji, həm də  digər sferada mənfi təsir edir. O baxımdan Milli Məclis pensiya yaşının aşağı salınması haqqında ciddi düşünməlidir: "Qaldı ki  jurnalistlərin güzəştli şərtlərlə pensiyaya çıxması məsələsinə, maraqlı təklifdir. Belə baxanda jurnalistika ən çətin peşələrdən biridir. Gərginlik  içərisində  çalışan, yaşayan  bu peşə sahibləri bəzən pensiya yaşına çata bilmirlər. Zənnimcə, həm güzəştlər olmalıdır, həm də pensiya yaşının aşağı salınması haqqında hörmətli deputatlar düşünməlidir.  Digər tərəfdən, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Hər şey insan faktoruna, insanın yaxşı, rahat yaşamasına hədəflənməlidir. O zaman pensiya yaşının bir önəmi qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31