Hansı halda pensiyaya çıxma imkanı əldə edilir?- ÖZƏL
13 Mart 2024 13:05 Sosialİnsanlar özəl və dövlət qurumlarında çalışır və bunun müqabilində aldıqları məvaciblərdən vergi tutularaq pensiya kapitalına yönəldilir. Lakin, bəzi hallarda vətəndaşlar pensiya hüququndan yararlanmaqda problemlə üzləşirlər. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, "Əmək pensiyaları haqqında" qanunda edilən dəyişiklik bu sahədə olan bir sıra problemlərin aradan qaldırılmasına səbəb olub: "Vaxtilə sərt staj və pensiya kapitalı tələbinin olması minlərlə vətəndaşımızı əmək pensiyasından məhrum edirdisə, 2019-cu ilin 1 yanvar tarixindən "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən pensiya yaş həddinə çatmış vətəndaşlara 2006-ci il tarixədək 25 il sığorta stajının tanınması ilə onların pensiyaya çıxma imkanlarını genişləndirir. Belə ki, yeniliyə əsasən tələb olunan şərt 1 yanvar 2006-cı ildən 1 iyul 2018-cı il tarixədək ən azı 1 ay olsa belə işləyib sosial sığorta haqqı ödənişinin vətəndaşın fərdi hesabında pensiya kapitalı şəklində formalaşmasıdır. Hazırda qanunvercilikdə edilən bu yenilik nəticəsində çoxsaylı insanlar pensiyaya çıxma imkanı əldə edə bilirlər".
Onun sözlərinə görə, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: "Əmək pensiyasının minimum məbləğindən (hazırda 280 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir".