Azərbaycan tarixi ənənələrə sadiq qaldığını bu universiteti yaratmaqla özündə təcəssüm etdirir - ÖZƏL
14 Dekabr 2023 14:17 Sosial"Təbii ki, Qarabağ Universiteti yaradılmalı idi. Çünki ora böyük bir bölgədir". Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. "Qarabağ bölgəsi elə xırda bir bölgə deyil və əvvəldən də orada universitet olub, hətta işğaldan öncəki dövrdə də olub. Daha sonra isə işğal dövründə terrorçuların orada yaratdığı universitet olub. Amma ümumilikdə götürəndə, əvvəldən orada universitet ənənəsi olub və fəaliyyət göstərib. Mən hesab edirəm ki, bunun yaradılması həm xarici, həm daxildən tələbə axınının ora gəlməsinə şərait yaradır, həm də artıq bütün dünya qəbul edir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Qarabağ təkcə muğamı ilə, incəsənəti ilə deyil, eyni zamanda, elmi, təhsili ilə də hər zaman öndə olub. Mən hesab edirəm, bu gün də bu vəziyyət var. Hər halda, bizim bu yaradılan yeni universitetlə bağlı fikirlərimiz müsbət olmalıdır. Çünki atılan addımlar bunu deməyə əsas verir. Yəni nə qədər ki, belə bir universitet qurulur və bunun fəaliyyətinə dövlət tərəfindən bu qədər böyük diqqət var, o qədər də belə deyək, Azərbaycanın elminə böyük fayda gəlir, beynəlxalq aləmdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu da tam şəkildə təsbit olunmuş olur. Həm də siyasi deyil, elmi cəhətdən də bu təsdiq olunmuş olur və düşünürəm ki, həm də elmimizə böyük töhfə verə bilər. Yəni bütün bunlar hamısı Qarabağ Universitetinin yaradılmasının əsas özəyini təşkil edir və Azərbaycan da həm də tarixi ənənələrə sadiq qaldığını bir daha bu universiteti yaratmaqla özündə təcəssüm etdirir".