Bu gün görkəmli şair Məmməd Arazın anım günüdür - ÖZƏL
1 Dekabr 2023 12:17 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bu gün görkəmli şair Məmməd Arazın anım günüdür. Bu münasibətlə şairin qələm yoldaşları, yaxınları I Fəxri xiyabana gələrək, onun məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.
Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Orta məktəbi doğma kəndində başa vuran şair, ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb.
"Yanın işıqlarım" adlı ilk şeirini 1952-ci ildə institutda oxuduğu zaman qələmə alıb və çap etdirib. "Daş harayı", "Qayalara yazılan səs", "Oxucuya məktub", "Atamın kitabı", "Dünya sənin dünya mənim", "Ömür karvanı" və s. kimi şeirlərində şairin öz dəsti-xətti var.
Məmməd Araz o şairlərdəndir ki, poeziyasında oxuculara bir vətənpərlik ruhu aşılayır. Şair bir çox qəzet və jurnallarda baş redaktor işləyib.
Məmməd Araz 2004-cü il dekabr ayının 1-də Bakıda vəfat edib, I Fəxri xiyabanda dəfn edilib.
Olaylar.az xəbər verir ki, I Fəxri xiyabandakı anım mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-jurnalist Rəşad Məcid, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı-publisist Yunus Oğuz, millət vəkili Aqil Abbas və Məmməd Arazın yaxınları, doğmaları iştirak edib.
Mərasimdə ilk sözü yazıçı, jurnalist Rəşad Məcid söyləyib.
Mərasimdə öz fikirlərini bildirən şairin qələm yoldaşları Məmməd Araz yaradıcılığdan danışaraq, onun Azərbaycan poeziyasına yeni bir nəfəs gətirdiyini vurğulayıblar.
Yazıçı Anar şairlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında çox böyük sənətkar olub:
"Gec də olsa, Məmməd Araza laiq olduğu dəyər verilib. Şairin ən çox arzuladığı gün Azərbaycan torpaqlarının işğaldan azad olunduğu gün idi və o gün də gəlib çatdı. Biz işğaldan azad olunmuş ərazilərə - Şuşaya, Ağdama getdik və şübhəsiz ki, gedərkən Məmməd Arazı da yad etdik".
Millət vəkili Aqil Abbas Məmməd Arazın ailəsi adından mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, anım günü ilə bağlı tədbir saat 12:00-da Azərbaycan Yazıçılar İttifaqında davam etdirilib.