Valideynlər övladlarını niyə repetitor yanına göndərirlər? - ÖZƏL
15 Noyabr 2023 13:38 Sosial"Nəhayət Milli Məclisdə kölgə təhsili, yəni repetitor məsələsinə dünən nəzər salınıb. Gerçəkdən aktual məsələdir. Millətin, dövlətin strateji sahəsi olan təhsilə heç kim barmaqarası baxmamalıdır. Bu sahədə hər hansı əyintilər, ciddi problemlər gec-tez özünü cəmiyyətdə çılpaqlığı ilə üzə çıxarır". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, bu baxımdan kölgə təhsilinə işıq salmasaq işıqsız qalacayıq: "Cəmiyyətdə bir çox problemlər təhsildən qaynaqlanır. Şablon çıxsa da deməliyəm. Çünki sabahın müəllimi, polisi, həkimi və digər peşə sahibləri məhz orta məktəbdə ilk addımlarını ataraq işıqlı insan olurlar. Dövlət təhsil sisteminə yetərincə vəsait ayırır, yeni məktəb binaları inşa olunaraq məktəblilərin istifadəsinə verilir. Bəs keyfiyyətli təhsil niyə hiss olunmur. Valideynlər öz övladlarını niyə məktəbdən sonra əlavə vəsait ödəyərək repetitor yanına göndərirlər?"
Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirilməlidir: "Birincisi, Elm və Təhsil Nazirliyi düşünməlidir ki, orta məktəbdə bu qədərmi zəif dərs tədris olunur ki, valideyn övladını repetitor yanına göndərməyə məcbur olur. İkincisi, repetitorluqla məşğul olan müəllimin məktəbdə nə işi var. Gedib hər hansı kurslarda dərsi ilə məşğul olsun, pulunu qazansın. Əgər təhsilimiz gerçəkdən kölgə təhsilin əsarətinə düşübsə o zaman Elm və Təhsil Nazirliyi duruma aydınlıq gətirməlidir. Nəhayət Vətəndaş Cəmiyyəti İnstitutları, media belə həssas məsələləri diqqətdənkənarda saxlamamalıdır".