İctimai mühitin dəyişməsi ailələrdə müəyyən boşluqlar yaradıb
13 Oktyabr 2023 14:25 SosialAzərbaycanın ailə modeli bir çox ölkələrə nümunə olsa da etiraf edilməlidir ki, ailələr ən müxtəlif səbəblərdən dağılır. Respublikada ailə institutunun möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi addımların atılmasına, dövlət səviyyəsində xüsusi proqramların həyata keçirilməsinə baxmayaraq, boşanmaların sayı ilbəil artmaqdadır. Dövlət Statistika Komitəsinin cari ilin altı ayı üçün açıqladığı demoqrafiq göstəricilərə əsasən həmin tarixdə ölkə üzrə qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 4,8-ə azalıb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə yüksəlib. Əvvala qeyd edək ki, Azərbaycan dövlətinin, Azərbaycan millətinin əsas sərvəti onun ailəsidir. Azərbaycan xalqının əsas qazancı onun ailəsi, ailə institutunun möhkəmliyidir. İnsafən qeyd edilməlidir ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir və bu istiqamətdə xeyli işlər görülüb və görülməkdə davam edir. Ümumiyyətlə, dünyada yüzlərlə dövlət, minlərlə xalq, etnos olsa da, onlardan cəmi 6-7-sinin ailə modeli var. Həmin ailə modellərindən biri də Azərbaycan ailə modelidir. Çox təəssüf ki, bu modeli qoruyub saxlamaq müşkül məsələyə çevrilib. Məlum məsələdir ki, evliliyə son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər. Beynəlxalq praktikada ən çox rast gəlinən səbəblər aşağıdakı kimi sıralanır: İqtisadi problemlər; tərəflərin sosio-mədəni səviyyə fərqliliyi; cinsi problemlər; ünsiyyət problemi; tərəflərdən birinin xəyanəti; ailədaxili şiddət. Elə isə maraqlıdır, Azərbaycanda ailələr ən çox hansı səbəblərdən dağılır?
Bakı şəhər 8 Saylı Mediasiya Təşkilatının mediatoru hüquqşünas Azad Rzayevin sözlərinə görə, nikahın pozulması halları keçmiş dövrlərə nisbətdə daha çoxdur. Bunun müəyyən hissəsi həm də hesab edirəm ki, ictimai mühitin dəyişməsi ilə də bağlıdır. Əvvəllər gənclərin ailə həyatı qurmasında və ailə münasibətlərinin davam etdirilməsində valideyn iştirakı, himayəsi daha çox idi və bu bir adət şəklini almışdı.Tərəflərin evlənməsində də valideyn məsləhəti ilə ailə həyatı quranlar da çoxluq təşkil edirdi. Adət-ənənələrimiz ailənin müqəddəsliyi baxımından həmişə ön sıralarda gedirdi və bu nigahın pozulması hallarını daha çox əngəlləyirdi. Son zamanlarda isə buna o qədər də əhəmiyyət verilmir. Mənim fikrimcə, ailə münasibətlərində ideologiyanın da böyük rolu ola bilər. Bəzən tərəflər nikahlarını pozduqdan bir neçə il sonra peşmançılıq çəkirlər və səhvə yol verdiklərini anlayırlar. Sonrakı peşmançılıq isə fayda vermir. Bu həyatda rast gəldiyimiz amillərdən biridir. Onu da qeyd etmək lazımdır ki, nikahın pozulması ilə bağlı keçmiş dövrlərdə 90% kişilər müraciət edirdilərsə, hazırki mühitdə daha çox xanımlar üstünlük təşkil edir.
Onun sözlərinə görə, nikahın pozulması hallarını bir neçə səbəblə əsaslandırmaq olar. Onlardan biri keçimsizlik və ailə büdcəsinin aşağı olmasıdır ki, mənim düşüncəmə görə, bu düçüncə doğru deyildir: "Həmin kateqoriyalar üzrə nikahın pozulmasına görə müraciət edən şəxslərin demək olar ki, əksəriyyəti xanımlardır. Ailə münasibətləri qanunvericilik aktları ilə qorunur və dövlətimizin himayəsindədir. Bunun üçün də aztəminatlı ailələrə yardım edilməsi, ünvanlı sosial yardımların həyata keçirməsi kimi dövlət proqramları mütəmadi olaraq həyata keçirilir. Digər səbəb tərəflər arasında xasiyyətlərin uyğun gəlməməsi də nigahın pozulması hallarından biridir. Bəzən ailənin dağılmasına zərərli adət və vərdişlər də səbəb olur. Bundan başqa, tərəflərin bir-birlərini qısqanması nəticəsində də nigahın pozulması halları vardır. Lakin bu çoxluq təşkil etmir".

Hüquqşünas hesab edir ki, ailə münasibətlərinin pozulması təkcə tərəflərə deyil, birinci növbədə uşaqların mənafeyinə və sağlam inkişafına da zərər verə bilər: "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və ya mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Lakin tərəflər hələ yolun başında olarkən, yəni məhkəməyə müraciət etməzdən əvvəl mübahisələrini alternativ qaydada həll etmək imkanlarına malikdirlər. Bu da tərəflər arasında olan mübahisənin yumşaldılmasına və həll edilməsinə aparıb çıxarır. Bunun üçün də dövlətimiz tərəfindən qəbul edilmiş "Mediasiya Haqqında" qanunun normaları tətbiq edilir. "Mediasiya haqqında" qanunla ailə üzvləri arasında olan mübahisələr ilə yanaşı, əmlak və qeyri-əmla münasibətləri də mediatorun vasitəçiliyi ilə həll edilməsi və nizama salınması mümkündür. Mediator vasitəsi ilə tərəfləri razısalacaq şəkildə mediasiya prosesi nəticəsində bağlanan Barışıq Sazişlərini buna misal çəkmək olar. Azərbaycan Respublikası Mediasiya haqqında qanun 26.1-cı maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən tərəflər mediatorun vasitəsi ilə mediasiya prossesi nəticəsində barışıq sazişi bağlamaqla müsbət nəticə əldə edirlər. Bakı şəhəri, 8 saylı Mediasiya Təşkilatına müraciət edən şəxslər ararsında son 3 ay ərzində 183 Barışı Şazişi bağlanmışdır. Barışıq sazişlərinin 90%-i Ailə Münasibətlərindən irəli gələn mübahisələrdən ibarətdir. Mübahisələrin Mediasiya prosessi nəticəsində əldə olunması sevindirici hal olmaqla yanaşı, vətəndaş məmnunluğu yaradır. Mediasiya Təşkilatının peşəkar mediatorları qanundan irəli gələn norma və prinsiplərdən maksimum istifadə etməklə uğurlu mediasiya prosesslərini həyata keçirir. Yeri gəlmişkən, bunun da nəticəsidir ki, Azərbaycan Respublikası Mediasiya Şurası, 8 saylı Mediasiya Təşkilatını Respublika üzrə 1-ci yerə layiq görmüşdür. Bu kimi faktlar onu göstərir ki, ölkədə boşanmaların qarşısının alınmasında Mediasiya Şurasının gördüyü işlərin rolu danılmazdır".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir