Bakının tıxacı, kəlləçarxa çıxan meyvə-tərəvəz qiymətləri... ARAŞDIRMA

Uzaqdan baxanda sanki bir-biri ilə əlaqəsi olmayan mövzulara oxşasa da, dolayı yolla əlaqələri var. Özü də səbəb-nəticə əlaqəsi. 

Çoxlarımız dədə-baba yurdlarını satıb Bakıya gəlmək məcburiyyətində olan adamlar tanıyırıq. Rayonlarda elə kəndlər var ki, sadəcə 2-3 evin ocağından tüstü gəlir. Təbii ki, bunlara görə kəndliləri günahlandırmaq olmaz. Əkib-becərməyən və bundan qazanc əldə etməyən kəndli nəyə görə kənddə yaşamalıdır? Hər biri düşünür ki, gedim Bakıda bəlkə özümə bir iş taparam. Nəticədə Bakı ağzına qədər dolub. Bölgələrdə isə təsərrüfat və maldarlıqla məşğul olmaq istəyən əhalinin sayı azalıb. İnsanlar bir növ şəhərtipli həyat tərzinə üstünlük verməyə başlayıb. Bölgələrdən paytaxta insan axını ilə bərabər qiymət artımı da gəlməyə davam edəcək. Marketlər sanki meyvə-tərəvəzdə bahalığa görə bir-biri ilə yarışa giriblər. Bazarların da az olması buna zəmin yaradır. Paytaxtda barmaqla sayılacaq qədər az bazar var.  Vətəndaş isə özünə yaxın olanı seçmək məcburiyyətində qalır. Yəni, marketləri. Bu cür məcburiyyətlər bizə aydın olduğu kimi illərdi bu işlə məşğul olan biznesmenlərə də aiddir. Ona görə də sezon başlayan kimi qiymət artımı gözə çarpır. 

Kəndliyə isə təsərrüfat üçün imkan yaradılmır. Əslində ölkəmiz əhalinin sayına, münbit torpağına görə yetəri qədər təsərrüfat imkanlarına malikdir. Köç, məhsuldarlığın azalması, bahalaşma və sıxlıq bir-birini tamamlayır. 

Bahalaşmanın səbəblərini və həll yollarını "Olaylar"-a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov açıqlayıb:

"Çox vaxt bunu inflyasiya ilə əlaqələndirirlər. Meyvə-tərəvəz buğda deyil ki, deyək, özümüz əkmirik. Meyvə-tərəvəzin nəyə görə qiyməti qalxmalıdır? 

Eyni istixana, eyni tərəvəz, eyni toxumdur. İl boyu əkib, məhsul götürmək mümkündür. Bunlar işbazların oyunudur. İnsanlarda şuuraltı fikir formalaşıb ki, havalar soyudusa, pomidor əlçatmaz olmalıdır. Halbuki, pomidor əlçatandır. İstixanada yetişir və ilboyu var. Sadəcə süni qiymət artımı var. Lazım olan miqdarda məhsul götürülür. Çünki insanlara elə gəlir ki, hava soyuyan kimi məhsulların qiyməti artır. Reallıq isə başqadır. Onlar da bu düşüncədən istifadə edib, qiyməti qaldırırlar ki, qazanc götürsünlər. Bio-imperializm əsridir. Hər şey əlçatandır. Bio-imperializm isə kəndlini sıradan çıxarır. İşbazları demirəm.İstixana qurub özünə traktor alanı, fermerleri sıradan çıxaranı, heyvandarlıqla məşğul olub fermerlərin örüş yerlərini əllərindən alan məmurları demirəm. Hansı ki, o kəndlilər bio-imperializmin qurbanına çevriliblər. 

Bio-imperializm odur ki, toxumu gətirib verirlər kəndliyə. Hazırda bazarda qara pomidor belə tapmaq olar. Qara pomidor mənim milli mətbəximdə olmayıb. Necə gəlib bazara? Standart, gözoxşayan tərəvəzlər görürük. Ənənəvi növlərimiz məhv olub. Bazarda ənənəvi növ tapmaq mümkün deyil. 30-40 il əvvəl yetişən badımcanı, pomidoru və həmin ləzzəti tapa bilmirik. Məhv ediblər. Bu toxumlar hibriddir. Sadəcə bir dəfə bitir. Bu toxumları əkmək üçün kəndliyə pestisidlər lazımdır. Bu məqamda el arasında deyildiyi kimi, Kərəmi ağlamaq tutur. Pestisidlər havayı verilmir. Əvvəl gübrə var idi. Məhsulun biri xarab olurdusa digəri sağlam qalırdı. Kəndli məhsulu  birtəhər əkib-becərib, bazara satışa çıxarırdı. İndi pestisidlər əsridir. Bir çiyələyi əkmək üçün iyirmidən çox pestisid lazım olur. Bunlar da havayı deyil. Bu yaxınlarda  bir reportaj qarşıma çıxdı. Quba almasını qurd basmışdı. Məhsul fermerin əlində qalmışdı. Mütəxəssis deyir ki, vaxtında dərmanlanmayıb. Həmin dərman da pestisidlərdir. Ona görə də, fermer məcbur olur ki, bəzi məhsulları əkəndə (bahalaşan) gəmiricilərə, yabanı otlara qarşı, bol məhsul əldə etmək üçün pestisidlərdən  istifadə etsin. Bol məhsul çoxlu xərc deməkdir. Bu da gətirib çıxarır qiymət artımına. Ona görə də əvvəlki illərə nisbətən qiymətlər bahadır. 1.20 manatlıq pomidora, 70 manata topdan kartof almağa ucuz deyirik artıq. Halbuki, 20, 30, 40 qəpik olduqları zamanlar olub. Hanı həmin nar, heyva, feyxua? Hamısı məhv olub. Hibrid toxumlar özü ilə pestisidlər gətirdi. Onlar da qiymət artımı gətirdi. 

Digər yandan da bizneslə məşğul olan məmurlar buna zəmin yaradır. Dünyanın heç bir yerində məmurlar bizneslə məşğul olmur. Məmurun bizneslə nə işi var? İcazə verin, bu işi anlayışı olanlar etsin. Anlayışları yoxdur ki, kəndlini pis günə salıblar. Öz mallarını verirlər supermarketlərə. Kəndliyə əngəl yaradılır. Öz istədikləri qiyməti də təyin edirlər. Məsələn, məhsulu kəndlidən alsanız, maksimum 2 manata əldə edəcəksiniz. İndi kəndlilər öz torpaqlarında əsir götürülüblər. Dünyada gizli güclər var. Onlar dərman biznesi ilə qazanır. Bir avtomobil markası düşünün. Məsələn, "Mercedes". Avtomobildən yox, ehtiyat hissələrindən gəlir əldə edir. 

Təsərrüfat biznesi ilə məşğul olanlar da belədir. Yeri gəlsə, toxumu sizə pulsuz da verərlər. Ancaq yanında pestisidləri mütləq almalısınız. Almasanız, bol məhsul əldə edə bilmərsiniz. Bunu etməyə çalışan kəndli nə su, nə də satmağa yer tapır. Yolda da əlli dəfə saxlanılır, bazara girir ki, alıcı qüvvəsi yoxdur. Çünki hər binanın altında supermarketlər var. Bazara gedən yoxdur. Bazarda da qiymətlər çox ucuz olmasa da marketlərə nisbətən ucuzdur. Mən məsləhət görürəm ki, vətəndaş bazara üz tutsun. Adət-ənənəni pozmasın. Bizim bazar adətimiz var. Və məhsulu kəndlidən əldə etsinlər. Marketlərdə absurd qiymətlər var. Mütəxəssislər buna inflyasiya adı qoyub. Nə inflayasiya?. Hazırda bütün dünyada ərzaq ucuzlaşması gedir. Azərbaycanda isə bahalaşma. Handı inflyasiyadan danışırlar?

Pomidor Almaniyada Azərbaycandan daha ucuz satılır. Arada isə maaş fərqi var. 

Hələ sahibkarların tərəfini saxlayanlar var. Guya, məcburiyyət qarşısındadırlar. Niyə? İstixanalarını, torpaqlarını, toxumlarını əllərindən alıblar bəlkə? 

Xeyr. Onlar bilir ki, insanlar hava soyuyan kimi qiymət artımına öyrəşib. Xüsusilə də pomidorda. Azərbaycanda bir mütəxəssis çıxıb sübut etsin ki, həqiqətən qiymət ya inflyasiyaya görə artır, ya da sahibkar buna məcbur qalıb. Gedib regionları gəzək. Görəcəksiniz ki, nə qədər məhsul xarab olur, atılır. Çünki kəndliyə şərait yaradılmır. Kəndli "bal arısıdır". Bal arısı olmasa, həyat olmaz. Çıxış yolumuz kəndliyə şərait yaratmaqdır. Torpaqları əkmək, əkmək və əkməkdir. İşğaldan azad olunan torpaqlarımız da var. Bol məhsul da götürə bilərik. Hər bir potensialımız var. Bəzi kəndlilərimiz də tənbəldir. Məncə, onlara şərait yaradılsa hər şey yaxşı olacaq. 

Dünyada qida çatışmazlığının olması süni xəbərlərdir. Razıyam, iqlim dəyişikliyində müəyyən bitkilərə, meyvə-tərəvəzlərə ziyan dəyir. İndi istixana əsridir. Azərbaycan torpağı isə doqquz iqlim qurşağı keçirir. Bunu başa düşən mütəxəssis Azərbaycanı "ac" ölkələrlə müqayisə etməz. Azərbaycan torpağı verimlidir. Hazırda Qarabağda xam torpaqlar var ki, əkilməyə hazırdır. Əkmək lazımdır. Orqanik toxum əkmək lazımdır, hibrid yox. O torpaqlar əsl kəndlilərə verilməlidir. O zaman ucuzlaşmadan danışmaq olar". 

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31