VƏTƏN BÜTÖVLÜYÜ AĞRISI

Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir.... Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur.

Heydər ƏLİYEV

Azərbaycan Xalqının Ümummilli Lideri

Müasir Azərbaycan poeziyasının inkişafı və zənginləşməsində Xalq şairi Məmməd Arazın (1933-2004) özünəməxsus yeri var. Məmməd Araz XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zirvəsini təşkil edən qüdrətli sənətkarlardandır. Bu görkəmli söz ustadı Azərbaycan poeziyasının inkişafı və zənginləşməsinə öz misilsiz töhfələrini vermişdir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir. Milli mündəricəli ustad sənətkar çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsi və milli birliyin təbliğinə böyük cəsarət göstərmişdir. Xalq şairinin qələmindən çıxan, müxtəlif mövzulara həsr olunan və böyük istedadla, təblə yazılan "Atamın kitabı", "Mən də insan oldum", "Qayalara yazılan səs", "Araz axır", "Üç oğul anası", "Əsgər qəbri haqqında ballada", "Paslı qılınc"  kimi poemaları ümumən Azərbaycan ədəbiyyatı tarixində mühüm yerə malikdir.

Xalq şairi Məmməd Araz yaradıcılığının başlıca mövzu-mündəricəsini Araz mövzusu - Azərbaycanın parçalanma, bir xalqın ikiyə bölünmə faciəsi təşkil edir. Məmməd Arazın qəlbində yer edən Araz mövzusu şairin ədəbi möhürünə, təxəllüsünə çevrilmişdir. Şairin "Arazın nəğməsi", "Bu gecə yuxumda Arazı gördüm", "Araz üstə çinar gördüm", "Yənə Arazı gördüm", "Arazın işıqları", "Mən Araz şairiyəm" və başqa şeirləri, "Araz axır" poeması məhz Azərbaycanın ayrılıq həsrəti və parçalanmaq faciəsini özündə ehtiva edən Araz mövzusuna həsr olunub. Bu əsərlərdə şair Məmməd Arazın Azərbaycanın dərin nisgili, qəlbindən axan üzüntüsü özünə yer alıb. Buna görə də Xalq şairi özü haqda şeirlərindən birində "Sən məqamı gələndə Araza bənd olansan" - deyə yazacaq və özünün Araz şairi olmasını təsdiq edəcəkdi. Habelə Xalq şairi "Qələm gəldi əlimə, Araz gəlir dilimə" dəyərkən də Araz mövzusunun yaradıcılığının sənət kredosuna çevrildiyini etiraf və ifadə edəcəkdi. Eləcə də özünü idealları və missiyasına görə Azərbaycanın böyük dövlət xadimi Şah İsmayıl Xətainin mənəvi varisi hesab edəcək, onun qılıncla yaratdığı Azərbaycan missiyasını qələmlə həyata keçirən ardıcılı olaraq göstərəcəkdi:

Mən Arazdan şaxələnən çinardım,

Ömür boyu tufan əydim, su yardım,

Xətayinin qılıncını suvardım -

Məmməd Araz karandaşı göyərdi...

Qeyd edilən kimi, Məmməd Arazın "Araz axır" adlı poeması da bu mövzuda yazılmış ən yaddaqalan əsərlərdən biridir. Poema vətənin bütövlüyü idealları ilə yaşayan şairin Azərbaycanın Cənblu və Şimallı ikiyə böülnməsi qayğıları və birlik ideyalarından yaranıb. Məmməd Araz azərbaycançılığın tərkib hissəsi olan bu mübarizə idealını "Araz axır" əsərində çox uğurla davam etdirib. Bu əsərində artıq şairin xəyali bir mübarizə savaşı, Təbriz uğrunda fədakar mübarizə idealı öz əksini tapır. Qüdrətli şair bu poemada daha çox simvolik obrazlardan istifadə edib: Ayrıgül, Araz, dimdiyi qanlı Qartal, əsgər. Araz təkcə çay deyil, müəllifin özünün də dediyi kimi, bir xalqı ayrı salan sərhəddir, ayrı düşmüş eldir, tale xəttidir. "Araz çay deyil yalnız, Araz neçə milyonluq insanlardır, eldir o" - deyən şair: "O axır, dağlar yarıb məcrasını tapacaq", - deyə bu elin öz birliyi, bütövlüyü uğrunda mübarizə açacağı ümidlərini də ifadə edir. Həm də maraqlıdır ki, bu əsər daha çox rəmzi obrazlar və xəyali ideyalar üzərində qurulub. Əsərdə şairin sevgilisi Ayrıgül obrazı xüsusilə diqqəti çəkəndir. Artıq qeyd edildiyi kimi, lirik mənin sevgilisi olan və ondan ayrı salınan Ayrıgül candan qoparılan bir yarı can kimi "ayrı və gül" sözlərindın ibarət olmaqla "ayrı düşmüş gül" mənasında Cənubi Azərbaycanı ümumiləşdirib mənalandırır. Bu obraz adından tutmuş bədii mahiyyətinə qədər şairin vətən sevgisinin mərkəzində dayanan bütöv vətənin paralanmış hissəsi, bütövlük idealıdır. Əsərin qəhrəmanı, şairin lirik məni sevgilisi Ayrıgülü dimdiyi qanlı qartalın caynağından xilas etmək, yəni istilaçı bir tərəfin siyasəti ilə ayrı salınmış vətənin bir parasını xilas etmək üçün ardınca qaçır. Şair bu təsvirdə klassik aşiq-məşuq süjetinə oxşar bir şəkildə özünün vətən sevgisini obrazlı olaraq təqdim edir. Şair klassik əsərlərdəki başı dumanlı dağları, coşub-daşan çayları, divləri bu əsərdə müasir şəkildə təsbit edərək verir. Lakin bu əsərdə klassik düşmən obrazları olan divlərdən fərqli olaraq sərhəd keşiyi çəkən hissiz, duyğusuz, əmr qulu əsgəri təqdim edir. Şair sevgilisi Ayrıgülün ardınca qaçıb keçmək istədiyi vətənə bir müddət sonra yadelli düşmənləri qovmaq üçün gedən bir əsgər olaraq gedir, savaşda iştirak edir, döyüşür və düşmənləri qovan müzəffər bir ordunun əsgəri kimi qayıdır. Şair sonralar həmin yurda ev tikmək, yurd salmaq, ocaq yandırmaq üçün bir mühəndis olaraq gedir. Əsərin sonunda isə sənətkar rəmzi olaraq "Yubanırsan, vətəndaş! Yatma, oyan, vətəndaş", - deyə bütöv Azərbaycan uğrunda azərbaycançılıq məfkurəsinin mübarizə şüarını səsləndirir, oyanıqlığı həm öz əsrinin, həm də gələcək əsrlərin nəsillərinin diqqətinə çatdırır.

Bu əsərdə sənətkarın Azərbaycanın birliyi və bütövlüyünə mane olan məsələlərlə bağlı əngəllərə ciddi, sərt etirazları səsləndiyi kimi, ümidləri də özünün aydın ifadəsini tapır. Şair əsərin qəhrəmanlarından olan Ayrıgülün dilindən:

Bilmirəm vətən hanı,

Olam vətən satqını.

Daşı-dağı sevirəm,

Varı çoxdan satılıb!

Bağça-bağı sevirəm,

Barı çoxdan satılıb!

Bəs hanı, hanı vətən?

Düşmən olub satam mən?! -

deyə Azərbaycanın paralanmasına, var-yoxunun talanmasına, insanlarının azadlığının əlindən alınmasına və s. sərt etirazlarını bildirirsə:

Bir gün də deyəcəyəm:

Ayrıgülüm, hazırlaş!

Oğlum deyəcək, hara?

Oğlum, Təbrizə birbaş.

Gedək görək babanı,

Yəqin darıxır qoca.

Nənə də nəvəsini

Bir oxşasın doyunca  -

deyə öz sonsuz ümidlərini bildirir, sanki yaşanan bir həyat kimi təqdim etməklə öz oxucusuna da reallaşan bir həyat kimi yaşatmış olurdu. Həm də maraqlıdır ki, daha çox rəmzi obrazlar və xəyali ideyalar üzərində qurulan bu əsərin qəhrəmanı, şairin lirik məni bir zamanlar sevgilisi Ayrıgülü dimdiyi qanlı qartalın caynağından xilas etmək üçün ardınca keçmək istədiyi vətənə bir müddət sonra yadelli düşmənləri qovmaq üçün bir əsgər olaraq gedir, döyüşür və müzəffər ordunun bir əsgəri olaraq da geri dönür. Daha sonralar şairin lirik məni bu torpağa həmin yurdda ev tikmək, yurd salmaq, ocaq yandırmaq üçün bir mühəndis olaraq yollanırdı. Bu gün Azərbaycanın yeni, şanlı və müzəffər bir tarix yazdığı, Qarabağ problemini böyük qələbə ilə həll edib Böyük Qayıdış missiyası həyata keçirdiyi bir zamanda biz xalqımızın Qərbi və Cənubi Azərbaycana da bərk-bərk sarılacağına bütün qəlbimizlə əminik. 

Şair poemada maraqlı simvolizələrdən istifadə edib. Belə ki, şairin sevgilisi Ayrıgülün dimdiyi qanlı Qartal tərəfindən aparılması süjetini əslində xalq nağıllarındakı qeyri-adi şər qüvvə ilə çarpışmağa vadar olan xalq qəhrəmanı ilə müqayisə etmək olar. Fikrimizcə, Xalq şairi Məmməd Araz çox böyük məharətlə dimdiyi qanlı Qartal obrazı ilə işğalçı siyasi qüvvələri simvolizə etmişdir. Əvvəla, qartal simvolu, lap qədim dövrlərdən, imperiyaların bayraqlarında rəmzi məna daşıyaraq əks olunmuşdur. Bu mənada xalq şairi, fikrimizcə, dimdiyi qanlı Qartal surətilə hər cür imperialist qüvvəyə, imperialist düşüncəyə hakim olan, xalqları, torpaqları işğal edib parçalayan işğalçı, müstəbid dövlətlərə işarə etmişdir. Şairin Azərbaycanı paramparça edib bölüşdürən qartal işarətli işğalçı, imperialist dövlətləri simvolizə etdiyini qətiyyətlə deyə bilərik. İşğalçı, cəllad olduğuna görə şair onu dimdiyi qanlı Qartal obrazı olaraq təsvir etməyi məqsədəuyğun bilmişdir. Ayrıgül isə, artıq qeyd edildiyi kimi, öz ailəsindən, elindən, sevgilisindən ayrı salınmış bir çiçək kimi qızı, əlbəttə ki, xalqı, konkret olaraq Azərbaycan xalqını ümumiləşdirir. Çünki Azərbaycan ikiyə bölünərkən təkcə torpaq bölünməmişdi: bir ev, bir ailə bölünmüşdü, qardaş qardaşından, bacı bacısından, ana övladından, bir igid sevgilisindən və s. ayrı salınmışdı. Əsgər döyüşü, xilaskar qəhrəmanı işarə edirdisə, mühəndis qurub-yaradan eloğluları, insanları ümumiləşdirirdi. Əsərin sonunda isə sənətkar rəmzi olaraq "Yubanırsan, vətəndaş! Yatma, oyan, vətəndaş!", - deyə bütöv Azərbaycan uğrunda azərbaycançılıq məfkurəsinin mübarizə şüarını səsləndirir, həm öz əsrinin, həm də gələcək əsrlərin nəsillərinin diqqətinə çatdırır.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31