Sabahdan taksilərlə bağlı yeni tələblər qüvvəyə minir
30 Sentyabr 2023 10:09 SosialSabahdan taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minir.
Olaylar xəbər verir ki, yeni tələblər "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, taksi sifarişi xidməti telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib hamin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmətdir. Taksi sifarişi operatoru taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar olacaq. Taksi sifarişi operatorları fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər.
Taksi sifarişi operatorları avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə və sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatın daşıyıcılarda olmalarına nəzarət etməlidirlər. Taksi sifarişi operatoru tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və müvafiq buraxılış kartı olmayan daşıyıcıya və ya sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan ediləcək.