Təhsil müəssisələrində şagirdlərin qidalanmasına ciddi nəzarət olmalıdır - ÖZƏL

Yeni tədris ili başlayar-başlamaz orta məktəblərdə yenə şagirdlərin zəhərlənməsi hallarına rast gəlindi. Bu günlərdə əyalətlərdən birində baş verən hadisə belə deməyə əsas verir.

"OLAYLAR"-ın xəbərinə görə, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayilbəyli deyib ki, keçən tədris ilində təhsil müəssisələrində rast gəldiyimiz xoşagəlməz olayların təkrarlanmaması üçün məktəblərdə ciddi tədbirlərin görülməsinə ehtiyac var:

"Xüsusilə məktəb yeməkxanalarına gətirilən ərzaqların, yeyəcək və içəcək məhsulların ciddi yoxlanması lazımdır. Hesab edirəm ki, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi ilə məktəblər birgə işləməlidir".

Süleyman İsmayilbəyli deyib ki, bir neçə il əvvəl bu məqsədlə sözügedən agentlik birgə layihə həyata keçirib məktəbliləri maarifləndirsə də, lakin nəticə o qədər də arzuedilən səviyyədə olmadı. Elə buna görə də ötən tədris ilində paytaxt da daxil olmaqla respublikanın bir çox ümumtəhsil müəssisələrində şagirdlər arasında kütləvi zəhərlənmə halları baş verdi. Ona görə də müvafiq qurumlar bu məsələyə daha ciddi yanaşmalı, reklam xarakterli, büdcədən pul silmək məqsədilə deyil, real nəticələrə hesablanmış işlər görməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31