Məktəblərin açılması ilə gələn xəstəliklər... - Övladlarımızı necə qoruyaq?

Məlumdur ki, payız ayları hər zaman qrip ayları kimi xatırlanır. Məktəblərin açılması, ictimai nəqliyyatda sıxlıq yaranması, daha çox insanla ünsiyyətdə olmaq qripin yaranması üçün zəmin yaradır. Ancaq, bunun da əvvəlcədən qarşısını almaq mümkündür. 

Soyuqdəymə, qrip, otit, sinüzit, tonzillit, bronxit və sətəlcəm... Payızın gəlişi və məktəblərin açılması ilə artması gözlənilən xəstəliklərdən qorunmağın yolu gigiyenaya diqqət yetirmək, immuniteti gücləndirməkdir.

Payızla birlikdə minlərlə şagird üçün dərs zəngi çalındı. Məktəblərin açılması ilə yay aylarında görülməyən bir çox xəstəliklərlə yenidən qarşılaşmağa başlayacağıq. Saatlarla qapalı mühitdə birlikdə olmaq bu xəstəliklərin ötürülməsini qaçınılmaz edir. Xüsusilə azyaşlı uşaqları narahat edən bu xəstəliklər ailələri də narahat edir. Hələ havalar çox soyuq olmadığı üçün tez-tez görülməsə də, qarşıdakı həftələrdə, hətta aylarda bir çox xəstəliklərlə qarşılaşmaq mümkündür. Xoşbəxtlikdən, bunların əksəriyyəti evdə yalnız yaxşı baxım ilə asanlıqla aradan qaldırıla bilər. Ağır hallarda, həll yolu dərman müalicəsidir. Bəs, qarşıdakı dövrdə məktəb yaşlı uşaqlarda hansı xəstəliklərlə qarşılaşa bilər? Hansı mərhələdə həkimə müraciət edilməlidir?Qorunmaq üçün nə etmək lazımdır? Suallarına cavabı araşdırma yazımızda tapdıq. 

Tənəffüs yollarının infeksiyalarında artım olacaq

Tənəffüs yoluxucu virus infeksiyaları, payızın ilk günlərində məktəblərin açıldığı zaman temperaturun aşağı düşməsi ilə izdihamlı və qapalı mühitlərdə asanlıqla epidemiyalara səbəb ola bilər. Mütəxəssislər məktəbə gedən uşaqlarda xüsusilə soyuqdəymə, qrip, otit mediası, sinüzit, tonzillit, bronxit və pnevmoniya kimi tənəffüs yolu infeksiyası hallarında artım ola biləcəyini qeyd edir. Bu cür infeksiyalarla qarşılaşan uşaqların istirahət, kifayət qədər maye qəbulu və antibiotikə ehtiyac olmadan sadə qızdırma salan dərmanlarla bir neçə gün ərzində sağala biləcəyini ifadə edən mütəxəssislər hansı hallarda həkimə müraciət edilməsi lazım olduğunu belə izah edir: "2-3 gündən artıq qızdırma, təngnəfəslik, döş qəfəsində ağrı və ya irəliləyən zəiflik hallarında həkimə müraciət edilməlidir. Bundan əlavə, xroniki ürək, ağciyər və böyrək xəstəlikləri kimi əlavə problemləri olan uşaqlar da həkimə müraciət etməlidirlər. Qonşu dövlətlərdə COVID-19-un yeni variantına artıq rast gəlinib. Buna görə də qızdırma, baş ağrısı, burun axması, oynaq ağrısı, qoxu və dad itkisi kimi şikayətlərlə ortaya çıxan COVID-19-un yeni mutasiyaya uğramış variantları immun sistemi zəif olan və xroniki xəstəlikləri olan uşaqlarda da ciddi xəstəliklərə səbəb ola bilər. 

Tonzillit üçün diqqətli olun 

Məktəb yaşlı uşaqlarda görülən digər bir xəstəlik Strep A bakteriyasının yaratdığı tonzillitdir. Keçən il tez-tez eşidilən bu xəstəliyin xüsusilə qış və erkən yaz aylarında 5-15 yaş arası uşaqlarda artdığı bildirilir. Bu bakteriyanın uyğun antibiotiklərlə və doğru zamanda müalicəsinin çox vacib olduğunu işarə edən həkimlər bildirir ki, kifayət qədər tez müalicə olunmasa, xüsusilə məktəb yaşlı uşaqlarda revmatizm xəstəliyinə tutulma ehtimalı var. Yeni başlayan boğaz ağrısı, yüksək hərarət və badamcıqlarda iltihablı görünüş halında, uşaq sağlamlıq müəssisəsinə müraciət edilməlidir. 

Uşaqlıq çağı peyvəndləri bir çox xəstəliklərdən qoruyur 

Ölkəmizdə təəssüf ki, körpə vaxtında edilən peyvəndlərdən imtina halları az deyil. Hər bir valideyn mütləq şəkildə peyvəndlə bağlı qərarsız qalır. Ancaq, körpəlikdə edilən peyvəndlərin gələcəkdə xəstəliklərdən qoruması ilə bağlı sübutlar var. Lakin, eyvənd olunsaq belə uşaqlarımıza öyrətməyimizin lazım gəldiyi bəzi qaydalar var.

Hepatit A infeksiyası diqqət tələb edən digər mühüm xəstəlikdir. 

İnsandan insana nəcislə çirklənmiş çirkli əllər vasitəsilə keçir və sarılıq, ürəkbulanma, qusma, halsızlıq kimi şikayətlərə səbəb olur. Peyvənd olunmayan məktəbli uşaqlarda məktəblərdə ümumi tualetlərdən istifadə, əllərin yaxşı yuyulmaması səbəbindən hepatit A epidemiyası yarana bilər. Həkimlər bu nöqtədə uşaqlıqda edilən peyvəndlərə də diqqət çəkir: Səhiyyə Nazirliyi tərəfindən bütün uşaqlara pulsuz verilən uşaqlıq çağı peyvəndləri şagirdləri ağır pnevmoniya, meningit, difteriya, tetanus, qızılca, suçiçəyi kimi bir çox ağır infeksiyalardan qoruyur. Milli peyvənd təqviminə uyğun olaraq, peyvəndləri yarımçıq qalan və məktəbə gedən bütün uşaqlar tam peyvənd edilməlidir. 

Əl yuma vərdişləri qazanılmalıdır İnfeksiyalardan qorunmağın ən təsirli həll yollarından biri də əl gigiyenasına diqqət yetirməkdir. Mövzu ilə bağlı bir araşdırmada əl gigiyenasının əhəmiyyətini belə izah edilir: Tədqiqatlar göstərir ki, əl gigiyenasına riayət etmək infeksiyaları ən azı 50 faiz azaldır. Bu səbəbdən uşaqlarımıza məktəbəqədər yaşlarda belə əllərini tez-tez sabun və su ilə yumaq vərdişini öyrətməli, məktəblərdə onlara xatırlatmalıyıq. Baxımsız, çirkli və sağlam olmayan mühitlərin hər cür infeksiya üçün ən yaxşı zəmin olduğunu da vurğulayan həkimlər buna görə də məktəblərdə və uşaqların yaşadığı mühitlərdə təmizliyin vacib olduğunu vurğulayır.

Balanslaşdırılmış qidalanma immuniteti gücləndirir 

Məktəb yaşlı uşaqları infeksiyalardan qorumağın başqa bir yolu immuniteti gücləndirməkdir. Buna nail olmağın ən mühüm yollarından biri, şübhəsiz ki, balanslaşdırılmış qidalanmadır. Uşaqların həm inkişafını, həm də toxunulmazlığını artırmaq üçün balanslı qidalanmaları lazımdır. Məktəb yaşlı uşaqların qidalanması uşağın yaşından, çəkisindən, cinsindən və fiziki aktivliyindən asılı olaraq dəyişə bilər. Pəhrizdə 3-4 yeməkdə balanslaşdırılmış miqdarda protein, karbohidrat, yağ, vitamin və minerallar olmalıdır. Məktəbli uşaq üçün ən vacib yemək səhər yeməyidir. Konsentrasiyanı, öyrənməni və səmərəli öyrənməni təmin etməklə məktəb uğuruna töhfə verir. Balanssız qidalanma inkişafda geriləmə, həddindən artıq çəki artımı, tez-tez infeksiyalar, qan azlığı, dəmir və vitamin çatışmazlığı, həmçinin uşaqlarda narahatlıq pozğunluğu, hiperaktivlik və narahatlığa səbəb ola bilər.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31