Bakıda yenə də keçmiş illərdəki kimi qışa hazırlıq yoxdur - ÖZƏL
19 Sentyabr 2023 10:54 Sosial"Hər il ayrı-ayrı tikinti şirkətləri tərəfindən paytaxtda yeni yaşayış binaları, göydələnlər tikilsə də, hələlik Bakıda sovet dövründə tikilən binalar üstünlük təşkil edir. SSRİ dövründə sonuncu dəfə inşa edilən binaların tikintisindən 24 il ötdüyündən əsasən 9 mərtəbəli yaşayış binaları illər ötdükcə köhnəlir və müəyyən problemlər ortaya çıxır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, uzun illərdir istismar edilən yaşayış evlərində problemsiz ötüşmək olmur: "Yay bitdi, indi üzü qışa doğru gedirik. Bakı şəhəri qışa hazırdırmı sualı çox düşündürücüdür.Köhnə doqquz mərtəbəli binalardakı vəziyyət göstərir ki, Bakıda yenə də keçmiş illərdəki kimi qışa hazırlıq yoxdur.Yenə də bina damları, əsasən lift şaxtalarının damlarından yağış suyu axır. Bu isə liftlərin elektrik avadanlıqlarının yanmasına səbəb olur.Yenə də sakinlər əziyyət çəkir. Sorğu -suala isə hələ ki, cavab verən yoxdur. Binaların sakinləri üçün nəzərdə tutulmuş liftlərlərin təmiri üçün hər il büdcədən "Bakı Lift-Təmir" İstehsalat Birliyinə on minlərlə manat vəsait ayrılır.
Nəzərinizə çatdıraq ki, hazırda paytaxtda 35 ildən artıq istismarda olan liftlər var. Qeyd edək ki, FHN-in aidiyyəti qurumu da, istismara yararsız liftlərin istifadəsini qadağan edir. Lakin bütün bunlara baxmayaraq, paytaxtda mövcud olan 5000-dən artıq liftin bir çoxu yararsız vəziyyətdədir. Ayrı-ayrı binalardakı liftlər hələ də nasaz vəziyyətdədir. Köhnə liftlərin yük qutusunu qaldıran "tross" istismar müddətini başa vurduğundan hər an qırıla, bu isə insan tələfatına səbəb ola bilər.
Bu vəziyyətdən isə ən çox əziyyət çəkən yaşlılar və uşaqlardır. Təəssüf ki, büdcədən ayrılan milyonlara baxmayaraq, "Bakı Lift-Təmir" İstehsalat Birliyi qəsəbələrdəki lift problemini həll etmir. Hətta bəzi yerlərdə liftlər xarab olduqda vətəndaşlar onu öz vəsaitləri hesabına təmir edirlər. Bir çox hallarda liftlərin təmirinin pulunu sakinlər özləri verirlər. Halbuki bu, yerli lift idarəsinin hesabına edilməlidir. Belə olan halda isə sual ortaya çıxır: - büdcədən liftlərin təmiri üçün ayrılan vəsait hara gedir? Ümumiyyətlə, "Bakı Lift-Təmir" İstehsalat Birliyinə ayrılan milyonlar hara xərclənir? Hesab edirik aidiyyəti strukturlar həmin quruma büdcədən verilən külli miqdarda ayrılan vəsaitlərin qaranlıq taleyinə aydınlıq gətirsəydilər yaxşı olardı. Təbii ki, əgər istəyirlərsə".