Əmək məzuniyyəti necə müəyyən edilir? - ÖZƏL

Bir sıra hallarda işçi ilə işəgötürən arasında məzuniyyət məsələsində anlaşılmazlıq yaranır. Bəzi işəgötürənlərin işçini məzuniyyətsiz çalışdırması kimi hallara rast gəlinir ki, bu da Əmək Məcəlləsinə tamamilə ziddir. Bəs, əmək məzuniyyəti necə müəyyən edilir?

"OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır:

"Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər".

Vəfa Qədirova bildirib ki, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır:

"Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31