Övladın başqa uşaqlarla müqayisəsi aqressiya yaradır
18 Sentyabr 2023 13:39 Sosial"Bəzən valideynlər başqa uşaqlarla öz övladlarını müqayisə edərək, daxillərində yalnış gözləntilər formalaşdırırlar. Halbuki hər uşağın özünəməxsus potensialı və bacarığı var. Eyni evdə böyüyən iki uşağın belə dünyagörüşü, biliyi və həyatı yanaşması eyni ola bilməz". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Leyla Hacıyevanın sözlərinə görə, başqa uşaqlarla müqayisə etdiyimiz zaman övladımızda aqressiya yaradırıq. Çünki müqayisə olunmağı heç kim sevmir: "Digər tərəfdən, onlarda özgüvənin aşağı düşməsinə, başqalarını özündən yüksəkdə görməsinə səbəb olur. Bu kimi halların qarşısını alınması üçün valideynlər övladlarını bilik səviyyəsinə və potensialına uyğun gözləntilər formalaşdırmalıdırlar.
Uşaqlarda özgüvənlilik səviyyəsini yüksəltmək üçün onların hər işini valideyn üzərinə götürməməli, körpə yaşlarından etibarən uşaqlarda hər bir inkişaf dövrü üçün uyğun tələblər və vərdişlər aşılanmalıdır. Belə ki, bunlar məişət həyatında paltarlarını geyinmək və soyunmaq, otaqlarını təmiz saxlamaq, yataqlarını səliqəyə salmaq, alış-veriş zamanı və gündəlik ev işlərində valideynlərə yardım etmək və s. ola bilər. Bu zaman uşağınız onların bacarığına inandığınıza əmin olacaq. Onların qarşısında qoyulan tələblərin öhdəsindən gəlmək qabiliyyətinə inandığınızı nə qədər çox biruzə versəniz, onun öhdəsindən gəlmək və özünə inamı inkişaf etdirmək ehtimalı bir o qədər çox olar".