Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir
15 Sentyabr 2023 11:07 Sosialİstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
20 ilə yaxındır ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikamızın simasını demək olar ki, əsaslı şəkildə dəyişib, ölkəmizin hərtərəfli inkişafına zəmin yaradıb. Respublikanın hər bir şəhəri, hər bir rayonu, eləcə də hər bir qəsəbə və kəndində proqram çərçivəsində görülən işlər belə deməyə əsas verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası və əldə edilən nəticələr barədə danışarkən ictimai fəal Anar Salehoğlu deyib ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun inkişafına, kommunal xidmətlərin və sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir:
"Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmişdir".
Respublikamızın hər bir bölgəsi kimi Yevlaxda da dövlət proqramlarının uğurla icra edildiyini deyən Anar Salehoğlu bildirib ki, 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına əsasən Yevlax şəhərinin 12 prospekt və küçə meydanlarda işıqlandırma sistemi yenidən qurulmuşdur:
"Prospekt, küçə, meydan və parklarda 209 ədəd yeni, müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Şəhərdə 4 nömrəli 105 yerlik iki mərtəbəli, 6 nömrəli 105 yerlik iki mərtəbəli, 8 saylı 60 yerlik körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təmin edilmişdir. Xaldan-Zaqatala avtomobil yolunun (M-5) 3-km-dən ayrılan uzunluğu 8.1 km Xaldan-Ərəş-Meyvəli, kəndlərarası uzunluğu 4.3 km olan Qaroğlan və uzunluğu 5.8 km olan Tanrıqulular giriş və kənd daxili avtomobil yolları əsaslı təmir olunaraq asfaltlanmışdır. Şəhərdaxili bir çox küçələrə də asfalt örtüyü salınmışdır. Eyni zamanda İlqar Dəmirov küçəsində yerləşən 3 ədəd iki mərtəbəli 16 mənzilli yaşayış binalarının həyətlərində 2440 kv.m, Q.Quliyev küçəsində yerləşən 7 ədəd beş mərtəbəli binaların həyətlərində 5792 kv.m asfalt örtüyü döşənmişdir. Ümumiyyətlə 2020-2022-ci illərdə qeyd olunana şəhərdaxili yollara və məhəllələrə 90.4 min kv.m (11.2 km) asfalt örtüyü salınmışdır".
O deyib ki, Yevlax şəhərində sakinlərin rahatlığını təmin etmək üçün küçələrdə, prospektlərdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Görülən işlərin davamı olaraq şəhər ərazisində yeni salınmış 32-ci məhəllə adlanan yaşayış massivində yararsız halda olan torpaq küçələrə asfalt qırıntısı və doğranmış daş tökülərək cari təmir işləri görülmüşdür:
"Yevlaxda həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri çərçivəsində yeni parklar salınır, təmir edilir, məhəllələr abadlaşdırılır, şəhərin küçə və prospektləri, məhəllə daxili yollar təmir edilir, yeni işıqlandlrma sistemləri quraşdırılır. Görülən işlər çərçivəsində sakinlərin rahat gediş gəlişini təmin etmək üçün növbəti küçəyə, Zərdabi küçəsinə yeni asfalt örtüyü salınıb. Eni 9,5 metr olan küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri zamanı köhnə asfalt örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, yararsız səki daşları yenilənib, küçəyə yeni asfalt örtüyü döşənib. Bundan başqa küçədə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri qurulub, təmirə ehtiyacı olanlar isə bərpa olunub. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülüb. Qeyd edim ki, şəhərin mərkəzi və məhəllədaxili küçələrinin, təmirsiz yolların asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir. Görülən işləri böyük rəğbətlə qarşılayan sakinlər bütün bunlara görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər".
Natiq qeyd edib ki, Yevlaxda küçə və parkların abadlaşdırılması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, hazırda şəhərin Heydər Əliyev prospekti boyunca piyadaların sərbəst hərəkəti üçün səkilərdə təmir-bərpa işləri həyata keçirilir. Bəzi yerlərdə səkilər genişləndirilir, bordürlər yeniləri ilə əvəz olunur, tamet daşları vurulur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişini həyata keçirən qurumlarla birgə aparılıb. Sonuncu mərhələdə yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaqdır.
Bunlarla yanaşı şəhərdə digər küçələrin abadlaşdırılması və yenidənqurulması işlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Onu da deyim ki, Yevlax şəhərində həyata keçirilən quruculuq işləri sakinlərin razılığına səbəb olur. Sakinlər aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Anar Salehoğlu Tərtər rayonunda da dövlət proqramlarının uğurla icra edildiyini deyib: "Uzun illər düşmənlə üz-üzə dayanan qəhrəman Tərtərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası yüksək səviyyədə həyata keçirilir. Bu isə ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində mümkün olub".
O bildirib ki, burada Tərtər Rayon İcra Hakimiyyətinin də rolu danılmazdır: "Keçən dövr ərzində Tərtər şəhərinin Hedər Əliyev prospektində və Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb. Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda abadlıq işləri aparılıb".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.