Talassemiya xəstəliyinə qarşı necə mübarizə aparılır?
28 Avqust 2023 13:33 Sosial"Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib. Nikah öncəsi aparılan müayinələr sırasına Hb elektroforezi analizi də daxil olub. İki daşıyıcının nikaha daxil olması halında cütlük ixtisaslaşmış mütəxəssislər tərəfindən maarifləndirilir, prenatal diaqnostikanın zəruriyyəti haqqında məlumat verilir". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva deyib: "Psixoloji dəstək istər talassemiyalı pasiyent, istərsə də valideynlər üçün müalicənin ayrılmaz bir parçasıdır. Əksər hallarda valideynlər ilkin diaqnoz zamanı övladlarında bu xəstəliyin varlığını qəbul edə bilmir və qısa müddətli şok yaşayırlar. Onlara bu mərhələdə qarşılaşdıqları bu vəziyyəti anlamaları və qəbul etmələri üçün psixoloji dəstək vacibdir. Çünki valideynin ilkin reaksiyası və təbii ki, övladına dəstəyi gələcəkdə talassemiyalı pasiyentin bu xəstəliklə necə mübarizə aparacağında böyük rol oynayır. Mərkəzimizdə fəaliyyət göstərən yüksək ixtisaslı yerli və xarici psixiatr və psixoloqların rolu əvəzolunmazdır. Pasiyentlərimiz və onların valideynləri ilə düzənli olaraq birlikdə və ayrı-ayrılıqda seanslar aparılır. Belə ki, psixososial dəstək istər hemotransfuziya, istərsə də xelat terapiyada olduqca müsbət təsir göstərir".