Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, rayon Polis idarəsinin rəhbərliyi, YAP Nəsimi rayon təşkilatının nümayəndələri, QMVƏŞA İctimai Birliyinin Nəsimi rayon şöbəsinin nümayəndəsi, SHXÇDX-nin Nəsimi rayon idarəsinin nümayəndələri, Şəhid ailələri,  Vətən müharibəsi qaziləri və  rayon ictimaiyyətinin nümayəndələri  ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini böyük ehtiramla  yad ediblər. Nəsimi Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri,  Vətən müharibəsi zamanı torpqalarmızın azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olmuş Həsənov Faiq Hüseyn oğlunun  doğum  günü ərəfəsində  əziz xatirəsi  RİH nümayəndələrinin, Şəhidin ailə üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı  ilə dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü. Şəhidin  ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31