Şuşanın azad edilməsi Qarabağ Zəfərinin zirvəsi kimi tarixə yazıldı-Özəl

"Hər bir xalqın tarixində onun milli ruhunu, yenilməz iradəsini və dövlətçilik qüdrətini əbədi yaşadan möhtəşəm zəfərlər vardır. Azərbaycan xalqının taleyində belə şərəfli zirvələrdən biri 2020-ci il noyabrın 8-də qədim Şuşa şəhərinin işğaldan azad edilməsidir. Bu tarixi Qələbə təkcə 44 günlük Vətən müharibəsinin həlledici dönüş nöqtəsi deyil, həm də xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoyan, milli qürurumuzu ucaldan və Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirən böyük hadisə oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı ilə tarixi ədalət zəfər çaldı, xalqımızın doğma torpaqlarına qayıdışının və milli dirçəlişinin yeni mərhələsi başlandı. 8 Noyabr - Şuşa Şəhəri Günü bu möhtəşəm Qələbənin, Vətən uğrunda göstərilən misilsiz qəhrəmanlığın və xalqımızın sarsılmaz birlik əzminin əbədi təntənəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: "Şuşa tarixən Azərbaycanın ictimai, siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri olmuşdur. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər görkəmli dövlət xadimlərinin, şairlərin, bəstəkarların və ziyalıların yetişdiyi böyük mədəniyyət ocağı kimi şöhrət qazanmışdır. Qədim memarlıq abidələri, zəngin ədəbi və musiqi ənənələri ilə seçilən Şuşa xalqımızın milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan nadir mədəniyyət məkanıdır. 1992-ci il mayın 8-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı xalqımızın yaddaşına ağır faciə kimi həkk olunsa da, Azərbaycan xalqı doğma Şuşaya qayıdacağına inamını heç vaxt itirmədi.

Qarabağ Zəfərinə aparan böyük yolun siyasi və ideoloji təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması və müstəqil dövlətçilik əsaslarının gücləndirilməsi gələcək Qələbənin mühüm şərtlərini yaratdı. Bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi qüdrəti artırıldı, beynəlxalq mövqeləri möhkəmləndirildi, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək imkanına malik güclü dövlətə çevrildi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni və şanlı səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı ardıcıl şəkildə azad etdi. Bu müharibənin taleyini müəyyənləşdirən ən mühüm hadisə isə Şuşa əməliyyatı oldu. Mürəkkəb dağlıq relyefdə, son dərəcə çətin şəraitdə həyata keçirilən əməliyyat zamanı Azərbaycan hərbçiləri düşmənin möhkəmləndirilmiş mövqelərini yararaq şəhəri azad etdilər. Bu möhtəşəm hərbi uğur Ermənistanın məğlubiyyətini qaçılmaz etdi və Qarabağ Zəfərinin zirvəsi kimi tarixə yazıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31