Zəlzələ zamanı nə etməliyik? - Bilməli olduğumuz davranış qaydaları
4 İyul 2023 14:57 SosialBu gün gecə saatlarında baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub.
Qonşu ölkə Türkiyədə baş verənlərdən sonra isə zəlzələnin gözardı edilməməli olduğunu açıq şəkildə görürük.
Ona görə də, bu təbii hadisə zamanı fəlakət yaşamamaq üçün bir sıra önləmlər almalıyıq.
Zəlzələnin nə zaman və nə qədər güclü olacağını əvvəlcədən bilmək mümkün deyil. Ona görə də, zəlzələdən qorunmaq üçün tədbirlər görülməlidir. Bu tədbirlər can və mal itkisini minimuma endirə bilər.
Bəs, zəlzələdən öncə hansı ehtiyat tədbirləri görülməlidir?
-Sürüşkən, sonradan doldurulmuş torpaqlar, yəni yumşaq torpaqlı ərazilər zəlzələdən ən çox zərər çəkən yerlər ola bilər. Ona görə də, bu ərazilərdən ev seçməməli, daha möhkəm torpaqlara üstünlük verilməlidir.
-Tikinti qaydası və texnikasına uyğun tikilmiş, zəlzələyə davamlı binalara üstünlük verilməlidir.
-Evlərin zəlzələyə davamlılığını öyrənmək üçün ekspertlər tərəfindən testlər edilməli, laızm gələrsə, binanın dözümlülüyü artırılmalıdır.
-Mebellər zəlzələ zamanı təhlükə yarada bilər. Ona görə də, kitab rəfləri, mebellər, divan və kreslolar sabitlənməlidir. Eyni zamanda, şkafların içərisindəki əşyalar da risk təşkil edir. Bunun üçün şkaflarda əlavə kiliddən istifadə edərək önləm ala bilərsiniz.
-Mebellərin yerləşdirilməsi də önəmlidir. Zəlzələ zamanı çıxışda sizi yavaşladacaq, yaxud əngəl olacaq mebellərin yeri dəyişdirilməlidir.
-Əsas məsələlöərdən biri isə bütün ailə üzvləri üçün zəlzələ çantası hazırlamaqdır.
-Başda övladlarınız olmaqla, ailənizə, dostlarınıza və qonşularınıza zəlzələ zamanı davranış qaydaları haqqında məlumat verməli, zəlzələ təlimi keçməlisiniz.
-Mal itkisinin qarşısını almaq üçün zəlzələ və əmlak sığortası etdirməlisiniz.

Zəlzələ anında etməli olduqlarımız nələrdir?
-Əvvəlcə sakit olmaq lazımdır. Çünki çaxnaşma səhv hərəkətlər etməyə səbəb ola, riski artıra bilər.
-Aşma ehtimalı olan və yaralanmanıza səbəb ola biləcək şkaf, rəf kimi mebellərdən uzaq durmalısınız.
-Pəncərə, balkon, pilləkənlərdən də uzaq durmalısınız. Onlar çökə, sağlamlığınızı riskə ata bilər. Qapıların da güvənli yerlər olmadığı məlumdur.
-Güclü zəlzələ zamanı evdən çıxmağa çalışmaq da yaralanmaların əsas səbəbidir. Ona görə də, evin içərisində daha güvənli yerə keçməlisiniz.
-Stullarla çərçivələnmiş masa altına, ağır kreslo kimi əşyaların yanına keçib dizlərinizi sinənizə çəkin. Bu zaman bir əlinizlə sabit əşyadan tutmalı, digər əlinizlə başınızı qorumalısınız. Sarsıntı keçənə qədər olduğunuz yerdə qalmalısınız.
-Evdə deyilsinizsə, güvənli bir yerə keçməlisiniz. Ətrafdakı binalardan düşəcək pəncərə, elektrik dirəklərindən uzaq durmalısınız.
Zəlzələdən sonra etməli olduqlarımız:
-Güclü zəlzələlərdən sonra avtoşoklar ola bilər. Bu avtoşoklar da binalara zərər verə, deformasiya və təklükə törədə bilər. Ona görə də, təkanlar tam bitənə qədər evə girməməlisiniz.
-Özünüzdən sonra ətrafda yaralı olub-olmadığına baxın. Yaralı olarsa, ilkin tibbi yardım göstərməli, gec olmadan təcili tibb yardım çağırmalısınız.
-Su, işıq və qazı bağlayın. Kibrit və çaxmaq əşyalardan istifadə etməyin.
-Təşvişə düşmədən zəlzələ çantanızı və mövsümə uyğun geyiminizi götürərək evdən çıxın. Liftdəön istifadə etməyin.
-Zəlzələ sonrasında yayılan şayiələrə inanmaq təşvişin artmasına səbəb olur. Bu məsələdə sadəcə mütəxəssislərə güvənməli, dediklərinə diqqət etməlisiniz.

BakuPost