Kənd camaatının etirazının bu həddə çatmasının səbəbləri ciddi araşdırılmalıdır - ÖZƏL
23 İyun 2023 12:59 Sosial"Söyüdlü hadisəsi ilə bağlı yaradılan komissiya təkcə gölün təhlükəli və ya təhlükəsiz olmasını yox, kənd camaatının etirazının bu həddə çatmasının səbəblərini də çox ciddi araşdırmalıdır. Vaxtında insanların irad və təkliflərinə laqeyd münasibət bəslənməsinın, məlum mədəni istismar edən şirkətin kənd camaatı ilə normal ünsiyyət qurmamasının səbəbləri də komissiya tərəfindən ciddi aydınlaşdırılmlıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, rayon mərkəzinin 2 km məsafəsində olan bu kəndəki problemin rayon rəhbərliyi tərəfindən həll edilə bilməməsi və bunun belə həddə çatması da başqa bir xəcalətverici haldır:
"Bu da aydınlaşdırılmlıdır. Söyüdlü kəndin camaatı ilə həmin kənd ərazisində fəaliyyət göstərən bir təsərrüfat subyekti arasındakı fikir ayrılığının beynəlxalq aləmdə dövlətimizə utanc gətirən olaya çevrilməsinə səbəb olan məlum polis əməkdaşının (və ya əməkdaşlarının) hərəkəti isə ayrıca bir araşdırmanın predmeti olmalıdır. Qanuna, elementar etikaya, peşəkarlığa sığmayan bu hərəkətlər (yaşlı qadının uzunə qaz püskürdülməsi və s.) öz hüquqi qiymətini, bunu edənlər isə layiqli cəzasını almalıdır".