Həyata keçirilən hüquqi islahatlar insanlarda hüquqi inamın formalaşmasına səbəb olub

İstiqamət:  insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Elə bu səbəbdən də ölkədə insan hüquqlarının müdafiəsi dövlətin prioritet məslələrindən birinə çevrilib. Təsadüfi deyil ki, 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Xatırladaq ki, insan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Ulu öndərimiz sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini həmişə хüsusi qеyd еtmişdir. Ümummilli lider 1993-cü ilin iyununda rеspublikаmızdа hakimiyyətə qayıdışındаn sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir. Ötən müddət ərzində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunçuluğun təmininə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə real şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 nоyаbr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə Аzərbаycаn Rеspublikаsındа əsаs insаn və vətəndаş hüquq və аzаdlıqlаrınа həsr оlunmuşdur. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.

Dеmоkrаtik inkişаf yоlu sеçmiş Аzərbаycаn Rеspublikаsındа insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəruri qаnunvеricilik bаzаsı yаrаdılmışdır. 1998-ci ilin 22 fеvrаlındа ümummilli lidеr Hеydər Əliyеv tərəfindən "İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа" Fərmаn imzаlаnmış, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunmuşdur. 1998-ci il 18 iyun tаriхdə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan "İnsаn hüquqlаrının müdаfiəsinə dаir Dövlət Prоqrаmı"nı təsdiq etmişdir. Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılmışdır. Həmçinin 24 dekabr 2002-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında"  Konstitusiya Qanunu qəbul edilmişdir.

Ölkəmizdə ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquqi islahatlar da həyata keçirilməyə başlamış və respublikamızda, ilk dəfə olaraq, üçpilləli məhkəmə sistemi yaradılmışdır. Hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası ləğv edilmiş, ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. Təsadüfi deyildir ki, 2001-ci ilin yanvar ayında, Azərbaycan Respublikası, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, çevik və müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.

Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Həmin Sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Məlum olduğu kimi, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. İnsan hüquqları aylığı çərçivəsində "Milli Fəaliyyət Proqramı"nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV-lər, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur. Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Və bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına "Milli Fəaliyyət Proqramı" kontekstindən yanaşılmalıdır. Qeyd edək ki, hazırda hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə bir sıra  uğurlu nəticələrin əldə olunmasına öz  layiqli töhfəsini verməkdədir.

Alim Hüseynli 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31