Estetik əməliyyat qurbanı olmaqdan özümüzü necə sığortalayaq?

Estetik cərrahiyyə son illərdə bütün dünyada olduğu kimi ölkəmizdə də böyük irəliləyiş əldə edib.  Plastik əməliyyat etdirənlərin sayı göz qabağındadır.

İnsanların gəlir səviyyəsinin yüksəlməsi müasir həyat və dəyişən dəyər sistemi ilə birlikdə cəmiyyətlərin estetik anlayışında dəyişikliklər, daha gözəl və ya yaraşıqlı daha yaxşı hiss etmək, özünə inam qazanmaq kimi istəkləri də özü ilə bərabərində gətirir. Burada xüsusilə, estetik cərrahiyyədə sərhədsiz inkişaf və saysız-hesabsız seçimlər də rol oynayır.

Bir zamanlar estetik əməliyyat deyiləndə  ağıla sadəcə kino ulduzları, müğənnilər və ya varlılar  gəlirdi. İndi isə cəmiyyətdə istənilən təbəqəyə aid insanlarda estetik əməliyyat görmək mümkündür. Artan prosedurlara  görə əməliyyatlar xeyli ucuzlaşıb. Bunun nəticəsində artıq hər kəs plastik əməliyyat etdirə bilir.  Ölkəmizdə estetik cərrahiyyə dünyadakı inkişafa paralel olaraq inkişaf edir.

Ətrafımızda estetik prosedur keçirən insanlara nəzər salsaq, görərik ki, onlar bir toxunuşla kifayətlənməyib. Ruhən özlərini rahat hiss etmək üçün bir neçə dəfə özlərində dəyişiklik ediblər.

Həqiqətən estetik prosedurlar zamanı sadəcə pasiyentin gözəlliyi deyil, ruhi sağlamlığı da bərpa edilir. Məsələn, anadangəlmə və ya qəza nəticəsində burun deformasiyası olan  və buna görə də tənəffüsdə çətinlik yaşayan xəstə plastik əməliyyatla həm hamar görünən buruna sahib ola bilir,  həm də düşdüyü neqativ psixoloji vəziyyətdən xilas olur. Sadəcə gözəlləşdirmə üçün edilən estetik əməliyyatlarda, birbaşa bədən müalicəsi məqsədindən çox ruhi müalicə məqsədi daşıdığı qəbul edilir. Bu cür estetik müdaxilələr, zehni quruluşda,  fiziki quruluşda mövcud olan anormallıqların səbəb olduğu pozğunluqların təmiri depressiyaya son qoyacaq şəkildə insanın itirilmiş mənəviyyatını  və onun mənəvi şəxsiyyətini bərpa etmək məqsədi daşıyır.

Eyni zamanda estetik əməliyyatlara daha çox qadınların üstünlük verməsi onların gözəlləşmək çabalarından irəli gəlir. Prosedurlar uğurlu alındıqca, qadınlar bir başqa prosedur haqqında qərar verirlər.

Estetik əməliyyat etdirən hər kəs ola biləcək riskləri gözə almalı, əvvəlcədən götür-qoy etməlidir. İstənilən halda həkim nə qədər peşəkar olursa olsun, risklər daim var. Məsələn, tanınan həkimlərdən biri pasiyentinin burnunu istədiyi kimi yaxşı, digərinin burnunu isə ürəyincə olmayacaq qədər bərbad əməliyyat edə bilər.

Cəmiyyətimizdə əvvəllər sağlamlıq baxımından vacib  olmadıqca estetik prosedurlara müraciət edilmirdi. İndi isə göz önündə olan məşhurların hər birində demək olar ki, estetik toxunuşlar var. Bu isə toplumsal baxış bucağına təsir göstərir. Ancaq, bu, dəbdən düşən ayaqqabını geyinməyə bənzəmir. Yaxın gələcəkdə gözəllik standartları dəyişdikdə insanlar yenidən özlərində dəyişiklik etmək məcburiyyətində qalacaqlar.

Bunların gözəllik standartları baxımından sonrakı dövrlərdə necə olacağını bir yana qoysaq, insanların nələrə diqqət etməsi məsələsi ortaya çıxır.

Gənc qızlar sosial media fenomenlərindən təsirlənib yanlarına getdikləri həkimin pul qarşılığında reklam olunduğunu unutmamalıdır. Dodaq, burun dolğusu ucbatından dəridə çürümələrin belə əmələ gəldiyi videoları yəqin ki, hər birimiz görmüşük. Sosial medianın olmadığı dönəmlərdə insanlar arasında sadəcə həqiqi savadlı həkmlər məşhurlaşardı. İndi isə reklam ilə hər şey etmək mümkündür. İnsan sağlamlığı ilə oynamaq belə. Çox yox, bir neçə həftə əvvəl estetik müdaxilədən sonra gənc qadın həyatını itirib. Səbəb isə sağlamlığı haqqında həkimin yetəri qədər məlumatlı olmamasıdır. Estetik müdaxilələrdən əvvəl mütləq şəkildə bir neçə testdən keçmək vacibdir. Yuxarıda qeyd ediyim kimi uğursuz əməliyyat baş tutarsa sonra həm görünüş həm ruhi sağlığınızı həm də pulunuzu itirə bilərsiniz. Hətta, paket prosedurlar təklif edən həkimlər belə var. Seçim edərkən diqqətli olmaq lazımdır ki, sonra evə paket dolusu dərmanla qayıtmayasınız.

İş prinsiplərinə görə plastik cərrahlar digər həkimlərdən daha diqqətli və məsuliyyətli olmalıdır. Plastik cərrahiyyə əməliyyatlarını digər cərrahi əməliyyatlardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyət  budur ki, bu əməliyyatlar birbaşa insanın anadangəlmə xarici görünüşünü dəyişdirir.  Digər cərrahların məsuliyyətinə əlavə olaraq, əl bacarığını işə salıb, rəssam kimi əsər yaratmaq məsuliyyətini daşıyırlar.

Bu arada gözəlliyin nisbi anlayış olduğunu da nəzərdən qaçırmaq olmaz. Ola bilsin əməliyyat cərrah üçün əla nəticə olsun xəstə üçün isə yox. Hətta, indiki nəticə, xəstənin əməliyyatdan əvvəllər pozulmuş psixi vəziyyətdən qurtarmaq bir yana qalsın daha da pisləşdirə bilər.  Xəstə ilə həkim arasında ən çox problemlər də elə bu səbəbdən yaranır.  Artıq işin bu nöqtəsində məsələni həkimin peşəkarlığı, üz quruluşunu anlaması, tibbi bilikləri həll edir.

Anlaşılmazlıq yarandığı halda isə işin sonu məhkəməyə qədər çata bilir. Dünyanın bir çox ölkələrində qardaş Türkiyədə belə nə həkimin, nə də plastik cərrahın məsuliyyəti ilə bağlı xüsusi tənzimləmə yoxdur. Ona görə də bu sahədə çoxlu boşluqlar yaranır. Bir çox ölkələrdə isə estetik cərrah ilə pasiyent arasında razılaşma imzalanır. Bunun əsasında daha sonra baş verəcək şikayətllərin qarşısı alınır.  Ölüm halı baş verdikdə isə təbii ki, çox zaman birbaşa həkim cinayət məsuliyyəti daşıyır.

Vəkil Turan Abdullazadə "Həkim səhvi və yanlış tibbi diaqnoz qoyulduğu zaman vətəndaş nə etməlidir" sualını  belə cavablandırıb:

-Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı, cərrahiyyə əməliyyatı və yanlış diaqnoz nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni, tibb müəssisəsi orada çalışan həkimlər üçün məsuliyyət daşıyır. Klinikada çalışan həkim səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, bu zaman dəyən zərərin əvəzi klinika tərəfindən ödənilməli olur. Klinika isə ona dəymiş zərəri həkimdən tələb edə bilər. Həkimlərin Hipokrat andında "Müalicəmi heç zaman pislik üçün deyil, hər zaman yardım üçün istifadə edəcəm" ifadəsi var. Həkimlərin Etik  Davranış qaydalarında isə qeyd olunub ki, həkimlər öz fəaliyyətlərini peşəkar səviyyədə həyata keçirməli, pasiyenti əsassız riskə məruz qoymamalı, səhiyyə müəssisəsinin hüququnu aşağı sala biləcək hərəkətlərdən çəkinməlidir. Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Eyni zamanda pasiyentə göstərdiyi xidmətin keyfiyyətinə görə də cavabdehlik daşıyır.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31