Qurban əti: nələrə diqqət etməliyik? - Açıqlama
22 İyun 2023 11:33 SosialBildiyimiz kimi, İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramı yaxınlaşır. Vətəndaşlar bu bayrama xüsusi hazırlaşır.
Lakin Qurban bayramı zamanı qidalanmada çox diqqətli olmaq lazımdır.
Bəs, sağlamlıqla bağlı problem yaşamamaq üçün nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı qida texnoloqu Ağa Salamov Bakupost.az -a bildirib ki, ilk növbədə kəsiləcək heyvanlar baytar nəzarətindən keçməlidir:
"Qurban bayramında kəsilən heyvanlar sağlam olmalı, xəstəlik daşıyıcısı olmamalıdır. Bu heyvanlar baytar nəzarətində olmalıdır".
Onun sözlərinə görə, ikinci əsas məsələ heyvan kəsildikdən sonra ətin dincəldilməsidir:
"Buna Riqor Mortis texnologiyası (ətin ölüm sərtliyindən çıxarılması) deyirlər. Biri var ki, əti kəsən kimi yeyəsən, bu zaman toxumalar ölmür, ona görə də bu, insanda stress hormonları əmələ gətirir. Bu da əsəbilik, laqeydlik hallarını ortaya çıxarır. Ət kəsiləndən sonra iribuynuzlular 24 saat, xırdabuynuzlular 12 saat dincəldilməlidir. Daha sonra isə ət emal prosesinə gedə bilər".
A.Salamov sonda emal prosesinin düzgün aparılması barədə məlumat verib:
"Havalar isti olduğu üçün ətin emal prosesi - doğranması, maşında çəkilməsi, bişirilməsi tez müddətdə bitməlidir. Bunlar 2 saat ərzində həll edilməlidir. Bəzən əti axşama saxlayıb bişirmək istəyirlər. Bu zaman emal prosesindən sonra otaq temperaturunda deyil, müsbət 2-4 dərəcəlik soyuducuda saxlaya bilərlər. Ümumiyyətlə, əti 48 saat ərzində saxlayıb bişirmək olar".