Kibercinayətkarların bonus fırıldağı - ÖZƏL
21 İyun 2023 12:16 SosialSon zamanlar mobil telefonlara gələn SMS və zənglər vasitəsilə vətəndaşların aldadılması faktlarının artması müşahidə olunur. Əsasən xarici nömrələrdən istifadə edilərək gələn zəng və SMS vasitəsilə vətəndaşların kartlarındakı pullar çəkilir. Amma onların tapılaraq cəzalandırılması mümkün olmur. Redaksiyamıza müraciət edən vətəndaş isə Chrome promolandforapp.com vasitəsilə Kapital Bank bonusu barədə gələn SMS-lədən şikayətlənir. Bildirir ki, gün ərzində mütəmadi olaraq gələn SMS-lərdə qeyd olunur ki, hesabınızda 700 AZN var. Eyni SMS dəfələrlə təkrar olunduğundan sözün əsil mənasında narahatçılıq yaradır. Kapital Bankdan "Olaylar"a bildirilib ki, onlarda bu barədə heç bir məlumat yoxdur: "Bizim heç bir şirkət, yaxud sayt vasitəsilə hansısa məlumatı çatdırmaq üçün müqaviləmiz yoxdur. Bizim məlumatlar ƏDV və kəşbek barədə olur ki, o da birbaşa vətəndaşın mobil telefonuna göndərilir. Təhlükəsizlik baxımından yaxşı olar ki, belə SMS-ləri açmayasınız, əks halda Kapital Bank bununla bağlı heç bir məsuliyyət daşımır. Çünki, Kapital Bankın hansısa qurum üzərindən məlumat göndərmə ilə bağlı müqaviləsi, yaxud əməkdaşlığı yoxdur".