3-ü azyaşlı olmaqla 17 nəfər xilas edilib
20 İyun 2023 14:39 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 10 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 17 nəfər, o cümlədən qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər və Kürdəmir şəhərində "İsuzu" markalı yük avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti Nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.